Tariximizin qan yaddaşı-Xocalı soyqırımı

253

Tariximizin qan yaddaşı-Xocalı soyqırımı

Xocalı soyqırımının törədilməsindən 30 il ötür. 26 fevral xalqımızın qan yaddaşı, mübarizlik, qəhrəmanlıq, rəşadət tarixidir. Bizə dədə-baba əmanəti olan doğma torpaqlarımız uğrunda şəhidliyə ucalmaq məqamıdır.

O gün Xocalı sakinləri sübut etdilər ki, uğrunda qan tökülən torpaq-vətəndir.

Xocalı faciəsinə aparan yol hələ XX əsrin əvvəllərindən başlamışdı. Bu yaşayış məntəqəsinin azərbaycanlı əhalisi bir əsrdə 3 dəfə qırğınlara məruz qalmışdır. Xocalı birinci dəfə 1905-ci ildə, sonra isə 1918-ci ildə yandırılmışdır. Nəhayət, 1992-ci ildə Xocalıda üçüncü dəfə daha qanlı, daha dəhşətli faciə törədilmişdir.

Ciddi strateji əhəmiyyət daşıyan Xocalı faktiki olaraq ermənilərin yolu üstündə böyük bir maneə idi. Xocalı öz coğrafi mövqeyi ilə Dağlıq Qarabağda həm magistral yolun, həm də dəmir yolunun üstündə yerləşir. Dəmir yolu Xocalının içindən keçirdi, hava limanı da burada idi. Ona görə də ermənilər hər vəchlə Xocalının əhalisini didərgin salmağa, məhv etməyə və bu ərazini ələ keçirməyə çalışırdılar. Onlar Xocalı şəhərini hədəfə almaqla Qarabağın dağlıq hissəsində strateji əhəmiyyətli maneəni aradan qaldırmaq, Qarabağı yalın əllə olsa belə, müdafiə edən, öz ata-baba yurdlarını qoruyan azərbaycanlıların iradəsini sındırmaq istəyirdilər.

… 1991-ci ilin oktyabr ayından blokada vəziyyətinə alınmışdı Xocalı. Oktyabrın 30-da avtomobil əlaqəsi kəsildiyindən yeganə nəqliyyat vasitəsi olaraq vertolyotdan istifadə edilirdi. Xocalıya sonuncu vertolyot 1992-ci il yanvarın 28-də gəlmişdi. Şuşa şəhərinin səmasında mülki vertolyotun ermənilər tərəfindən vurulması və nəticədə, 40 nəfərin həlak olmasından sonra isə bu əlaqə də kəsilmişdi. Yanvarın 2-dən şəhərə elektrik enerjisi verilmirdi. Şəhər ancaq əhalinin və müdafiəçilərin cəsurluğu sayəsində yaşayır və müdafiə olunurdu. Şəhərin müdafiəsi yerli özünümüdafiə dəstəsi təşkil edilmişdi. Xocalı erməni silahlıları tərəfindən fevralın ortalarından başlayaraq mühasirəyə alınmışdı və hər gün ağır texnikadan atəşə tutulurdu. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri, Dağlıq Qarabağda yerləşdirilmiş erməni terrorçu dəstələri və keçmiş sovet ordusunun Xankəndi şəhərindəki 366-cı motoatıcı alayı 7 min nəfərin yaşadığı Xocalı şəhərinə basqın etmiş, günahsız insanları, dinc sakinləri xüsusi amansızlıqla qətlə yetirmişlər.

Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə  torpaqlarımızın qısamüddətli müharibə  ilə  işğaldan azad olunması 1992-ci ilin 26 fevralında  Bakıdan kömək gözləyən xocalıları  təpədən dırnağa qədər silahlanmış erməni quldurları ilə təkbətək qoyan o dövrdəki iqtidara,   hələ nizami ordu kimi formalaşmamış, təcrübəsiz gənclərdən ibarət könüllü dəstələri cəbhə bölgəsindən uzaqlaşdıraraq əraziləri ermənilərə təhvil verənlərə, satanlara tarixi dərs idi. İşğaldan azad olunan ərazilərimiz, paytaxtda keçirilən Zəfər  paradı Xocalı soyqırımı qurbanlarının, Dağlıq Qarabağ münaqişəsinin yarandığı gündən erməni cəlladları tərəfindən qətlə  yetirilən soydaşlarımızın ruhuna hörmətdir.  Azərbaycan əsgəri Xocalıda hərbi cinayət törədən,   faşizmə xidmət edən erməni mifini dağıtdı, bütün qonşularına qarşı torpaq iddiaları irəli sürən ermənilərin mənfur niyyətlərinə son qoyuldu,  bölgədə sabitliyin qorunması təmin edildi.

Vəzir Həsənov

DGK-nın Aksiz Mallar üzrə Baş Gömrük İdarəsinin rəisi