Azərbaycan apardığı haqq savaşından qalib çıxaraq, tarixin səhifələrinə əzəmətli Zəfərini qızıl hərflərlə yazdı

59

Azərbaycan apardığı haqq savaşından qalib çıxaraq, tarixin səhifələrinə əzəmətli Zəfərini qızıl hərflərlə yazdı

 Noyabrın 8-də Ali Baş Komandan İlham Əliyev növbəti dəfə qələbə müjdəsi ilə xalqının qarşısında Şəhidlər Xiyabanında çıxış etdi. Sərkərdəyə məxsus təmkinlə, qürurla tarixə qızıl hərflərlə yazılan sözlər dedi: “Əziz həmvətənlər! Bacılar, qardaşlar! Böyük fəxarət və qürur hissi ilə bəyan edirəm ki, Şuşa şəhəri azad edildi!..” Bu məkanda çıxış o demək idi ki, əziz şəhidlərimizin qanı yerdə qalmadı. 28 illik həsrətdən sonra qədim mədəniyyət ocağımız Şuşa şəhəri ermənilərdən azad olundu. Bütün Azərbaycan üç rəngli  bayrağa büründü. Onunla birgə Türk bayraqları  dalğalandı. Hamımız böyük sevinc içindəydik, müharibənin bizim qələbə ilə başa çatmasını tarixi bayram kimi yaşayırıq. Hər il 8 may günü Şuşanın düşmən tərəfindən alınmasını hüznlə keçirirdik. Başına qara bağlayan Qarabağılılar, gözün aydın olsun, daha arxaya həsrətlə baxma, Qarabağ bizimdir! Şuşada yallı gedən, özünü bu torpağın sahibi kimi aparmaq istəyən ermənilərə ömürlük tarixi bir dərs verildi. Vətəndən pay olmaz! Bura Azərbaycandır! Öz Ali Baş Komandanına, güclü ordusuna arxalanan  xalqımız dövlətimizə öz həmrəyliyi, dəstəyi ilə birliyimizin sarsılmaz olduğunu sübut etdi. Düşmən anlasın ki, insanı yaşadan məhəbbət və sədaqətdir,  nifrət isə ağır xəstəlik kimi insanın  özünü məhv edir.  Ermənistanın rəhbərliyi görsün ki, Azərbaycanın müdrik başçısı  olan cənab İlham Əliyevin ətrafında xalq necə sıx birləşib. Bu, dünya dövlətlərinə nümunə ola biləcək bir gerçəkdir. Azərbaycanın qəhrəmanlıq tarixini yaşayırıq. Möhtərəm İlham Əliyev çıxışlarının birində düşmənə doğru uzatdığı möhkəm yumruq, xəbərdarlıq ən güclü silahdan da təsirlidir. Nəhayət, qələbə günümüzdə xalqımıza  müraciətində İlham Əliyevin  Ermənistanın baş naziri Nikol Paşinyanın müharibədə  məğlubiyyətini  təsdiq edən kapitulyasiyasını “dəmir yumruğun hesabına imzalayır” sözləri tarixdə yaşayacaq. Bu yumruq həm də özünün dediyi kimi, xalqın birliyini, dövlət başçısının ətrafında bir yumruq kimi birləşməsinin ifadəsidir. Müharibə əmrini çoxdan gözləyən Azərbaycan xalqı, müzəffər ordumuz Ali Baş Komandanın ətrafında “Dəmir yumruq” kimi birləşdi. Azərbaycan apardığı haqq savaşından qalib çıxaraq, tarixin səhifələrinə əzəmətli Zəfərini qızıl hərflərlə yazdı. Qələbəmizin rəmzinin  yumruq olaraq seçilməsi əslində təsadüfi deyildi.  Bu yumruq gücümüz, birliyimiz, həmrəyliyimiz, qələbəmizdir.  Azərbaycan xalqı Vətən müharibəsində  öz birliyini, həmrəyliyini bütün dünyaya nümayiş etdirdi. Müasir, müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin «Hamımızın bir vətəni var-Azərbaycan» çağırışı dünyanın hansı ölkəsində yaşamasından asılı olmayaraq, bütün soydaşlarımızı bir araya gətirdi, ərazi bütövlüyümüzün təmin olunması istiqamətində hər kəsi üzərinə düşdüyü vəzifəni yerinə yetirməyə çağırdı.

Ali Baş Komandanın ifadə etdiyi kimi, indi Cıdır düzü də, Şuşa da, Qarabağ da azaddır. Bu torpağın sahibləri  əllərində silah, bayraq, ürəklərində Vətən sevgisi ilə qayıdıblar. Vətən sevgisi bizi Qələbəyə gətirdi. Vətən segisi, vətənpərvərlik qələbəmizin əsas amilinə çevrildi. 60 illik yubileyiniz mübarək, Ali baş komandan!

Esmira Babayeva

 “Moskva” Ticarət Mərkəzinin rəhbəri