Qarabağ Azərbaycandır!

63

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin son 17 ildə həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.

Silahlı Qüvvələrimizdən söz düşmüşkən, bir məqamı xüsusi vurğulamaq istərdik. Belə ki, Azərbaycan döyüşlərdə hərb tarixinə yenilik kimi düşən strategiyanın tətbiqi ilə ən müasir silahlardan istifadəyə xüsusi önəm verdi. Nəticədə həm sürətlə irəlilədi, işğal altındakı ərazilərimizi yağılardan təmizlədi, həm də düşmənin bütün hərbi texnikasını darmadağın etdi, canlı qüvvəsinə ciddi zərbə vurdu. Bununla da beynəlxalq təşkilatların 30 il ərzində edə bilmədiklərini Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qısa müddətdə gerçəkləşdirdi.

Ordumuz əks-həmlə əməliyyatları zamanı müasir texnoloji silahlarla düşmənin komanda-idarəetmə məntəqələrini, raket və artilleriya vasitələrini, döyüş texnikasını və təminatını sıradan çıxaraq onu fakti­ki olaraq iflic vəziyyətinə gətirdi. Müasir texnoloji silahlar Silahlı Qüvvələrimizin güc alətlərindən yalnız biri idi. Müharibənin taleyini müəyyənləşdirən başda Ali Baş Komandanımız olmaqla, döyüş meydanın­da əsl qəhrəmanlıq göstərən Azərbaycan əsgəri və onun cəsur komandirləri idi. Məhz onların səyi nəticəsində iflic vəziyyətə düşən Ermənistan ordusu arsenalında olan köhnə və istismar müddəti bitmiş silah sistemlərini də döyüşə cəlb etdi və nəticəsi rüsvayçı şəkildə uduzmaq oldu. Bununla da Silah­lı Qüvvələrimiz “Ermənistan ordusunun nəğlubedilməzliyi” mifini darmadağın etdi. Beləliklə, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə sentyabrın 27-dən başlanan Vətən müharibəsi şanlı qələbə ilə sona çatdı, 44 gün davam edən hərbi əməliyyatlar çərçivəsində Azərbaycan Ordusu işğalçı Ermənistanın 30 il ərzində qurduğu silahlı qüvvələrini darmadağın edərək, böyük zəfərə imza atdı.

Ordumuzun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-həmlə əməliyyatları nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edildi. Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayo­nun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəklik, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəkləri və daha 5 adsız yüksəklik yağılardan təmizləndi.

Azərbaycan Böyük Qələbənin ilk addım səslərini noyabrın 8-də Qarabağın ürəyi sayılan, incisi hesab olunan Şuşa şəhərinin işğaldan azad edildiyi ilk saatlarda eşitdi. Bəli, bu qədim yurd yerimizin xilası ilə tam qələbəmizə yol açıldı. Düşmənin ağ bayraq qaldırmaq və kapitulyasiya etməkdən başqa yolu qalmadı. Döyüşlərdə bütün dünya Azərbaycan xalqının əzmini, Azərbaycan Ordusunun döyüş qabiliyyətini aydın gördü. Vətənpərvər xalqımızın öz Prezidentini necə dəstəklədiyi, onun ətrafında sıx birləşdiyi bir daha təsdiqləndi. “Ali Baş Komandanın bircə əmrinə müntəzirik”,– deyən Azərbaycan əsgər və zabitləri öz sözlərinin sahibi olduq­larını döyüşdə sübuta yetirdilər.

Prezident İlham Əliyev xalqa müraciətlərinin birində deyib: “Düşmənin əlində Azərbaycan Silahlı Qüvvələrinə məxsus olan bir dənə də hərbi texnika yoxdur… Döyüşlərin obyektiv müşahidə mənzərəsi var və istənilən hərbi mütəxəssis görə bilər ki, bu gün Azərbaycan Ordusu döyüş meydanında qələbə əldə edibdir. Azərbaycan Ordusu öz üstünlüyünü göstərir, Azərbaycan əsgəri və zabiti yüksək mənəvi-psixoloji keyfiyyətlər göstərir, mənəvi ruh göstərir. Çünki biz öz torpağımızda vuruşuruq, öz torpaqlarımızı azad edirik. Ermənistanın əsgərləri işğalçılardır. Döyüş gedən torpaq onların torpağı deyil”.

Ona görə də döyüş əməliyyatlarında erməni əsgəri mövqelərini qoyub qaçır, Azərbaycan əsgəri isə öz torpağı uğrunda baş qoyur, canından keçirdi.

Azərbaycan cəbhədə əldə etdiyi bu qələbələrin əsasını son 17 il ərzində qoyub. Ordumuzun güc-qüdrətinə mühüm önəm verilib, ən müasir döyüş texnikasının alınma­sı gerçəkləşdirilib. Əsgər və zabitlərimizin sosial şəraitinin yaxşılaşdırılması daim diqqət mərkəzində saxlanılıb. Azərbaycan Prezidenti çıxışlarının birində bu barədə danışarkən, deyib: “Ordu quruculuğu mənim fəaliyyətimdə həmişə birinci yerdədir. Hərbçilər də, Azərbaycan xalqı da bunu bilir. Həmişə demişəm ki, ordumuz üçün nə lazımdırsa, biz onu da edəcəyik. Biz güclü, iradəli ordu yaratmışıq. Bizim bütün silahlı birləşmələrimiz müasir standartlara cavab verir və döyüş tapşırığını şərəflə, vicdanla, cəsarətlə yerinə yetirir. Bu gün əks-hücum əməliyyatında bizim müxtəlif silahlı birləşmələrimiz iştirak edir və vahid komandanın rəhbərliyi altında əks-hücum əməliyyatı uğurla gedir. Bütün silahlı birləşmələr arasında koordinasiya tam şəkildə təmin edilib. Əminəm ki, bu əks-hücum əməliyyatının bundan sonra da uğurlu nəticələri olacaqdır”.

Beləliklə, döyüşdə uduzan, məğlub olan Ermənistanın öz müqavimətini dayandırmaq­dan, Azərbaycanın şərtlərini qeyd-şərtsiz qəbul etməkdən başqa əlacı qalmadı. Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistanın baş nazirinin birgə imzaladıqları bəyanat da məhz düşmən ölkənin kapitulyasiyasının ifadəsi idi. Müharibədə ağır itkilər verərək, məğlubiyyətin qaçılmazlığını anlayan, dərk edən işğalçı res­publikanın rəhbərliyi Prezident İlham Əliyevin münaqişənin ilk günlərindən bəyan etdiyi şərtlərlə razılaşmağa məcbur oldu.

Bineqedi rayon Belediyye sediri Eminov Mürsəl Seyfulla oğlu