Azərbaycan dövlətinin xilaskarı və qurucusu

43

Azərbaycan dövlətinin xilaskarı və qurucusu

Ümummilli liderimiz Heydər Əliyev fəaliyyətinin hər bir məqamı ilə xalqın, dövlətin, cəmiyyətin və onun üzvlərinin mənafeyinə xidmət etmiş, Azərbaycan torpağının, Azərbaycan dövlətinin, Azərbaycan xalqının bütövlüyü uğrunda fədakarlıqla çalışmış, müstəqilliyimizin möhkəmləndirilməsi, dövlətçiliyimizin inkişafı, demokratiyanın genişləndirilməsi, xalqın rifah halının daha da yaxşılaşdırılması üçün mümkün ola bilən hər bir işi görmüşdür. Bu gün daha çox Ulu öndər Heydər Əliyevin müstəqillik dövründə Azərbaycan Respublikasına rəhbərliyi zamanı gördüyü işlərdən geniş bəhs edilir. Ancaq unutmaq lazım deyil ki, dövlətçilik tariximizin özünəməxsus bir həlqəsi olan Sovet dövründə də bu böyük siyasətçi və dövlət xadimi, milli inkişafımız baxımından əvəzolunmaz nailiyyətlərə imza atmışdır. Ona görə də Ulu öndər Heydər Əliyevin xalqımız və dövlətçiliyimiz qarşısındakı misilsiz xidmətlərinı təsvir etmək üçün mütləq mənada Onun hakimiyyətinin birinci dövrünə (1969-1982-ci illər) nəzər yetirmək lazımdır.

Ulu öndər Heydər Əliyev fundamental strateji tədbirlər görməklə, davamlı və nizamlı inkişafı təmin etməyi bacardı. Sürətli sənayeləşmə kursu seçildi və qısa zaman kəsiyində sənaye sahəsinin inkişafında mühüm irəliləyişlər qeydə alındı. Ardıcıl surətdə sənaye müəssisələri tikilib istifadəyə verildi ki, bu da davamlı inkişaf konsepsiyasının həyata keçirilməsini təmin edən əsaslardan biri oldu. Qısa müddətdə Azərbaycan İttifaq səviyyəsində sənaye istehsalının artım sürətinə görə ilk yerdə qərarlaşdı. Bununla yanaşı, kənd təsərrüfatı sənaye təməli üzərində inkişaf etdirildi və istehsal olunan məhsulların orta illik həcmi mütəmadi surətdə atırıldı. Artıq 1982-ci ildə kənd təsərrüfatı məhsullarının istehsal həcmi ilk dövrlərlə müqayisədə 6 dəfə artırılmışdı ki, bu da aqrar sektorun inkişafı yönündə həyata keçirilən siyasətin səmərəliliyindən xəbər verirdi. Eyni zamanda, Ulu öndər Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi dövrdə neft sənayesində də tənəzzül meyilləri aradan qaldırıldı və bəhs edilən sahədə ehtiyatlardan səmərəli istifadə etməklə davamlı və nizamlı inkişafın əsası qoyuldu. Nəticə etibarilə, neft hasilatı xeyli artırıldı.

Strateji sahə olan təhsil sektorunda da ardıcıl və davamlı islahatlar həyata keçirildi ki, bu da kadr potensialının formalaşdırılması və təkmilləşdirilməsi işinə fundamental töhfələr bəxş etmiş oldu. Əvvəla, təhsil sektorunun maddi-texniki bazası yaxşılaşdırıldı. Ulu öndər Heydər Əliyevin xüsusi diqqət və qayğısının fonunda kadr potensialının formalaşdırılması və təkmilləşdirilməsi istiqamətində azərbaycanlı gənclər SSRİ miqyasında fəaliyyət göstərən ali təhsil müəssisələrinə göndərildilər. Ümumilikdə, Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi dövrdə SSRİ-nin ən nüfuzlu ali təhsil müəssisələrində 18 minədək yüksəkixtisaslı mütəxəssis hazırlandı. Bu isə milli inkişafın intellektual əsaslarının möhkəmlənməsinə fundamental töhfə idi.

Bununla yanaşı, azərbaycanlı gənclərin SSRİ miqyasında fəaliyyət göstərən nüfuzlu ali təhsil məktəblərinə göndərilməsi milli mədəniyyətimizin təbliği və möhkəmləndirilməsi, milli diaspor quruculuğunun formalaşdırılması işinə mühüm strateji töhfələr bəxş etdi. Sonralar Ulu öndər Heydər Əliyev bu missiya və prosesi məhz belə dəyərləndirirdi: “O vaxtlar azərbaycanlıları ayrı-ayrı yollarla sovetlər ittifaqının müxtəlif yerlərinə göndərməklə, dayaq yaratmaq istəyirdim. İndi isə sərhədlər açılıb, azərbaycanlılar hər yerdə yaşaya bilər. Bir şərtlə ki, gərək, millətini, dinini, torpağını və ana vətənini unutmayasan”.

Bunlardan başqa, milli-mənəvi dəyərlərin qorunması və dirçəldilməsi istiqamətində əhəmiyyətli tədbirlər görüldü. Musiqi, teatr, kino, təsviri incəsənət və digər sahələrdə xüsusi dəyişikliklər və inkişaf meyilləri qeydə alındı. Mədəniyyət evləri inşa edildi, abidələr ucaldıldı, incəsənət xadimlərinə fəxri adlar, ordenlər, təqaüdlər ayrıldı. Bütün bunlar isə cəmiyyətin intellektual təbəqəsinin fəaliyyət mexanizminin səmərəlilik səviyyəsini daha da artırdı. 1978-ci ildə Heydər Əliyevin cəhdləri və təşəbbüsü sayəsində Azərbaycan SSR-in Konstitusiyasına “Azərbaycan dili Azərbaycan SSR-in rəsmi dövlət dilidir” maddəsi daxil edildi. Bu, milli dilimizin mühafizəsi və təbliği baxımından mühüm tarixi hadisə idi. Bunun ardınca “Müasir Azərbaycan dili” və “Azərbaycan dili” dərslikləri hazırlandı.

Beləliklə, Ulu öndər Heydər Əliyevin 1969-1982-ci illər ərzində ölkəyə rəhbərlik etdiyi dövrdə həyata keçirilən islahatlar və görülən strateji tədbirlərin fonunda respublikamız sürətlə inkişaf edərək SSRİ miqyasında xüsusi çəkiyə malik olan respublikaya çevrildi.

Ümummilli lider Heydər Əliyevin siyasi fəaliyyətinin Naxçıvan dövrü də Onun xalqımız və dövlətçiliyimiz qarşısındakı tarixi fəaliyyətini, misilsiz xidmətlərini göstərən mühüm mərhələdir.

Məlum olduğu kimi, 1990-cı ildə Azərbaycan olduqca mürəkkəb situasiyada idi. SSRİ-nin dayaqlarının sarsıldığı bir dövrdə İttifaq miqyasında baş alan hərc-mərclik ölkələrin daxili həyatına da sirayət etmiş və idarəetmə potensialı və qabiliyyəti aşağı olan ölkələrdə çox mürəkkəb siyasi-hüquqi kataklizmlər cərəyan etməkdə idi. Eyni zamanda, Muxtar Respublikanın blokada şəraitində olması, sosial-iqtisadi durumunun bərbadlığı, hakimiyyətin muxtar qurum üzərində oynamağa çalışdığı oyunlar Naxçıvanın vəziyyətini maksimum dərəcədə mürəkkəbləşdirmişdi.

Mövcud durum 1991-ci ilin sentyabr ayında Ulu öndər Heydər Əliyevin Naxçıvan MSSR-in Ali Sovetinin sədri seçilməsinədək olan tarixi mərhələdə daha da kəskinləşdi. Müharibənin davam etdiyi, sənaye məhsullarının çatışmadığı, elektrik enerjisinin olmadığı, sosial-iqtisadi durumun kəskin olduğu şəraitdə Ali Məclisin sədri seçilən Heydər Əliyev həyata keçirdiyi islahatlar, gördüyü tədbirlər və işlər sayəsində sabitliyin, tərəqqinin və həmrəyliyin təmin olunmasına nail oldu.

Ümumiyyətlə, Ulu öndər Heydər Əliyevin siyasi fəaliyyətinin Naxçıvan dövründə gördüyü işlərin mahiyyətini və əzəmətini anlamaq üçün sadəcə bir neçə fakta nəzər yetirmək kifayət edir.

Belə ki, milli dövlətçilik ənənələrinin bərpa olunması yönündə görülən işlər sırasında Muxtar Respublikanın dövlət rəmzlərinin bərpa olunması və milliləşdirmə siyasətinin həyata keçirilməsi vurğulanmalıdır. 17 noyabr 1990-cı il tarixində Naxçıvan Ali Məclisinin I sessiyasında ilk dəfə olaraq üçrəngli bayrağımız qaldırıldı. Milli bayraq məsələsi ilə əlaqədar 2 bəndlik qərar qəbul edildi. Bununla yanaşı, Naxçıvan MSSR adından “Sovet” və “Sosialist” sözləri çıxarıldı. SSRİ-nin mövcud olduğu bir dövrdə belə bir qərarın qəbul və icra edilməsi olduqca yüksək siyasi səriştə və cəsarət tələb edirdi ki, Ulu öndər Heydər Əliyev bunu nümayiş etdirdi. Eyni zamanda, Naxçıvanda Kommunist Partiyasının fəaliyyəti dayandırıldı və Sovet ordusu, əsgəri birlikləri Naxçıvan MR ərazisindən çıxarıldı.

O zaman Azərbaycanda hakimiyyətdə olan səriştəsiz qüvvələr korporativ maraqlar əsasında çıxış edərək sabitliyə və inkişafa mane olmaq yönündə xüsusi fəallıq göstərirdilər ki, bu da Naxçıvanın durumuna mənfi təsir edən destruktiv faktor qismində çıxış edirdi. Hətta iş o həddə çatmışdı ki, xarici güc mərkəzlərinin “marionetka”ları qismində çıxış edən hakimiyyətdəki “piyada”lar Naxçıvanda bir neçə dəfə dövlət çevrilişinə cəhd etdilər. Bunlardan ilki Xalq Cəbhəsinin Naxçıvandakı 24 oktyabr 1992-ci ildə silahlı dəstələrinin Muxtar Respublikada etdiyi çevriliş cəhdi oldu. Amma Ulu öndər Heydər Əliyevin siyasi məharəti sayəsində bəhs edilən çevriliş cəhdlərinin qarşısı alındı.

Bunlarla yanaşı, Ulu öndər Heydər Əliyev milli ideoloji məsələləri önə çəkərək bir sıra təxirəsalınmaz tədbirlər gördü və tarixi qərarlar qəbul etdi. İlk növbədə “1990-cı il yanvar ayının 20-də törədilmiş Bakı hadisələrinə siyasi qiymət verilməsi haqqında” Qərar qəbul edildi. Qərarda 20 Yanvar hadisələrinin mahiyyəti, siyasi və hüquqi əsasları əks olunmuşdu. Eyni zamanda, 31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəylik günü elan edilməsi barədə də tarixi qərar qəbul edildi.

Bütün bunlarla yanaşı, Naxçıvan MR-də sosial-iqtisadi vəziyyətin yaxşılaşdırılması və tərəqqi meyillərinin əldə olunması üçün əhəmiyyətli tədbirlər görüldü. Sosial-iqtisadi və aqrar islahatlar reallaşdırıldı, özəlləşdirmə prosesinə start verildi və infrastruktur sahələrinin inkişafı yönündə xüsusi işlər həyata keçirildi.

Digər tərəfdən, blokada şəraitində olan Muxtar Respublikanın inkişafı və sabitliyinin davamlılığını təmin etmək üçün regional miqyasda rasional strateji münasibətlər sistemi formalaşdırmaq lazım idi ki, Ümummilli lider Heydər Əliyev bu yöndə strateji addımlar atdı. Xüsusilə də Türkiyə və İranla qarşılıqlı əməkdaşlığa və tərəfdaşlığa əsaslanan rəsmi təmaslar sıxlaşdırıldı. 24 mart 1992-ci il tarixində Ankarada Naxçıvan MR-lə Türkiyə Cümhuriyyəti arasında işbirliyi protokolunun imzalanması blokada şəraitində olan Naxçıvanın vəziyyətinə əhəmiyyətli dərəcədə müsbət töhfə oldu.

Beləliklə, siyasi fəaliyyətinin Naxçıvan dövründə Heydər Əliyev gördüyü işlər, atdığı rasional, praqmatik addımlarla Muxtar Respublikanın qurtuluşunu, dirçəlişini və həmrəyliyini təmin etmiş oldu.

Məhz Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu rasional siyasətin Prezident İlham Əliyev tərəfindən dövrün reallıqlarına, tələblərinə və qanunauyğunluqlarına müvafiq surətdə uğurla davam etdirilməsi sayəsində bu gün ölkə daxilində böyük nüfuza və geniş beynəlxalq əlaqələrə malik olan Yeni Azərbaycan Partiyası Azərbaycan siyasi palitrasının ən güclü təşkilatı qismində çıxış etməkdədir.

Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən sistematik strategiyanın əsasında siyasi sistemin təməl atributları və struktur elementlərinin dirçəldilməsi və təkmilləşdirilməsi, ictimai-siyasi institutlaşma prosesinin sürətləndirilməsi, inzibati səciyyə daşıyan struktur islahatlarının həyata keçirilməsi, siyasi plüralizmin təmin edilməsi və bütün bunların əsasında demokratik transformasiyanın milli dəyərlərə və maraqlara müvafiq surətdə baş tutması kimi fundamental strateji vəzifələr dayanırdı. Zəngin dövlətçilik təcrübəsinə, rasional təfəkkürə və praqmatik fəaliyyət mexanizminə malik olan Ümummilli lider Heydər Əliyev tətbiq etdiyi strategiya sayəsində mərhələli şəkildə bütün bu vəzifələrin həllinə nail ola bildi.

Müstəqillikdən sonra ölkəmizin qarşısında duran növbəti vəzifə milli həmrəylik və bütövlüyü təmin edəcək fundamental mənəvi faktor olan milli ideologiyanın müəyyən edilməsi və ondan milli siyasətin tərkib hissəsi kimi səmərəli istifadə mexanizminin həyata keçirilməsi idi. Amma müstəqilliyin ilk illərində mövcud olan siyasi hərc-mərclik və vahid dövlət siyasətinin olmaması bütün sahələrdə olduğu kimi, milli ideoloji siyasət sahəsində də güclü mərkəzdənqaçma meyillərinin müşahidə olunmasına və nəticə etibarilə bu sferada ciddi boşluqların yaranmasına səbəb olmuşdu.

Beləliklə, xalqın tələbləri ikinci dəfə hakimiyyətə gələn Ulu öndər Heydər Əliyev müstəqillik dövründə azərbaycançılıq ideologiyasından milli həmrəyliyi və bütövlüyü təmin edən mexanizm qismində istifadə etdi. Azərbaycançılıq real tarixi keçmişimizlə, milli mentalitetimizlə və mövcud dəyərlərlə sıx bağlı olduğundan qısa zaman kəsiyində cəmiyyət tərəfindən qəbul olundu. Digər tərəfdən, bu ideologiya siyasi mənsubiyyətindən və dini əqidəsindən asılı olmayaraq, bütün etnik qrupların, milli azlıqların hüquqlarını paritet əsasda təsbit etdiyindən milli həmrəylik mənbəyinə çevrildi. Başqa sözlə, ictimai şüurun spesifik səviyyəsi kimi müstəqil Azərbaycan dövlətinin ideya əsasına çevrilən və dünya azərbaycanlılarını birləşdirən milli məfkurəyə çevrilən azərbaycançılıq ideologiyası ölkədəki bütün konfessiya və etnosların həmrəylik və qarşılıqlı anlaşma mühitində yaşamasını təmin edən mənəvi mexanizm səciyyəsi daşıdı.

Bu gün isə Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu siyasət Prezident İlham Əliyev tərəfindən müasir dövrün tələblərinə, reallıqlarına və qanunauyğunluqlarına müvafiq surətdə uğurla davam etdirilir. Məhz bunun qanunauyğun nəticəsidir ki, bu gün Azərbaycan dünya miqyasında ən sürətlə inkişaf edən ölkələr sırasında öncül yerlərdən birini tutur. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasətin fonunda müxtəlif inkişaf modellərinin uğurla tətbiqi və hədəflənən nəticələrin əldə olunması, sosial-siyasi islahatların mütəmadi qaydada həyata keçirilməsi, qanunvericilik bazasının zənginləşdirilməsi, vətəndaş cəmiyyəti, hüquqi dövlətin inkişafına maksimum əlverişli şəraitin yaradılması və səmərəli xarici siyasət kursunun həyata keçirilməsi müasir Azərbaycan dövlətinin gücünü artıran fundamental faktor kimi çıxış edir.

Eyni zamanda, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən strateji kurs özündə millətin, dövlətin mənafeyinə cavab verən ən ali prinsipləri və normaları ehtiva edir. Məhz bunun qanunauyğun nəticəsidir ki, hər bir sahədə müşahidə edilən mütəmadi və sürətli inkişaf tendensiyası keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Vətəndaşların maddi rifah halının daha da yaxşılaşdırılması, sosial müdafiə və təminat sisteminin gücləndirilməsi, sosialyönümlü iqtisadiyyatın inkişaf etdirilməsi kimi konkret faktlar ümummilli inkişafın təcrübi gerçəkliklərini təşkil edir. Qarşıda duran bütün sosial proqramların və infrastruktur layihələrinin uğurla icra edilməsi, məşğulluq səviyyəsinin ardıcıl olaraq yüksəldilməsi kimi zəruri və təxirəsalınmaz tədbirlər də milli inkişafa təkan verməkdədir. Yəni uğurlu sosial siyasətin fonunda əhalinin sosial şəraitinin yaxşılaşdırılması, sosial tələbatlar və ehtiyacların yüksək səviyyədə ödənilməsi eyni zamanda, perspektiv inkişafın təməl komponentlərini təşkil edir.

Vurğulanması zəruri olan məsələlərdən biri də budur ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxtərəfli və balanslaşdırılmış xarici siyasət nəticəsində Azərbaycan regionun ən güclü və suveren aktoruna çevrilib. Başqa sözlə, həyata keçirilən müstəqil və balanslaşdırılmış xarici siyasət strategiyası Azərbaycanın beynəlxalq münasibətlər sisteminin nüfuz və güc iyerarxiyasında sürətli şəkildə irəliləməsini təmin etməklə yanaşı, ölkəmizi dünya siyasətinin əsas konturlarını müəyyənləşdirən güc mərkəzlərinin başlıca strateji tərəfdaşlarından birinə çevirib. Təsadüfi deyil ki, bu gün dünyanın aparıcı dövlətləri və təşkilatları Azərbaycanı Cənubi Qafqazın təhlükəsizlik qarantı, inkişaf mənbəyi adlandırırlar.

Hacı Məhərrəm Novruzov

“Qurtuluş-93” yaşayış kompleksinin rəhbəri

 

 

 

Şahmar Zərdabi

Təsisçi və baş redaktor

Tel.: 070-255-01-09