Heydər Əliyev siyasəti xoşbəxt gələcəyimizin təminatçısıdır

51

Heydər Əliyev siyasəti xoşbəxt gələcəyimizin təminatçısıdır

Şahmar Hüseynov

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR)

“Azneft” İstehsalat Birliyinin Baş direktoru

Ümummilli liderimizin şəxsiyyətinin və fəaliyyətinin mahiyyətinin dərk olunması 52 ilə yaxın müddətdə Azərbaycan ətrafında cərəyan etmiş hadisələrin təbiətinə, son dərəcə mürəkkəb problemlərin həlli yollarına işıq salır. Ulu öndərin mənalı və şərəfli ömür yolunun parlaq səhifələri xalqımızın yaxın tarixi keçmişi ilə ayrılmaz vəhdət təşkil edir.

Azərbaycanın son 52 illik tarixinin elə bir mərhələsi yoxdur ki, orada bu fenomenal şəxsiyyətin nəhəng işləri olmasın. Heydər Əliyev siyasi fəaliyyətinin bütün mərhələlərində Vətənə, xalqa, torpağa sonsuz məhəbbət və sədaqət hissi, qurub-yaratmaq amalı ilə yaşamış, hər zaman milli ideallara bağlı olmuşdur. Ümummilli liderimiz Heydər Əliyev bütün zəngin və mənalı həyatı boyu daim xalqını, Vətənini düşünmüş, Azərbaycanın ən çətin məqamlarında onu üzləşdiyi faciələrdən, çətinliklərdən xilas etmək üçün misilsiz fədakarlıqlar göstərmiş, təbiətin bəxş etdiyi bir çox fitri keyfiyyətlər sayəsində tarixi hadisələrin inkişaf məcrasını qabaqcadan müəyyən edə bilmişdir.

Azərbaycan xalqının ümummilli lideri, dünya səviyyəli siyasi xadim Heydər Əliyev çoxəsrlik dövlətçilik tariximizdə yeni parlaq səhifə açan nadir, bənzərsiz şəxsiyyətdir. Tarixin yaddaşında əbədi iz qoymaq hər insana nəsib olmayan böyük xoşbəxtlikdir. Bu yalnız Heydər Əliyev kimi dahi şəxsiyyətlərin qismətinə düşən müstəsna taledir. Bütün həyatını xalqının xoşbəxt gələcəyinə, qüdrətli Azərbaycan dövlətinin yaradılmasına və inkişafına həsr etmiş bu dahi şəxsiyyətin Vətən və xalq qarşısındakı xidmətləri misilsizdir. Azərbaycanda müstəqil dövlət təsisatlarının qurulması, beynəlxalq normalara söykənən demokratik, hüquqi dövlətin yaranması, milli, mənəvi və əxlaqi dəyərlərimizin qorunub saxlanması, bu dəyərlərin ümumbəşəri ideyalarla daha da zənginləşdirilməsi, ilk Milli Konstitusiyamızın qəbul edilməsi, vətəndaş cəmiyyətinin formalaşdırılması və yeni iqtisadi kursun müəyyənləşdirilməsi prosesinin müvəffəqiyyətli həlli məhz ümummilli liderimiz Heydər Əliyevin xidmətləridir. Təsadüfi deyil ki, ulu öndərimizin fəaliyyəti öz miqyası və əhəmiyyəti etibarilə Azərbaycanın hüdudlarından çox-çox kənara çıxıb. Dünya miqyasında ən nüfuzlu dövlət başçıları, politoloqlar tərəfindən dəfələrlə bəyan edildiyi kimi, Azərbaycan və böyük türk dünyasının dahi oğlu Heydər Əliyev zəmanəmizin ən yüksək zirvəsində duran tanınmış siyasi xadimlər sırasında öz layiqli yerini tutub. Xalqımızın yaddaşında yaradıcı, qurucu və xilaskar obrazını daim yaşadıb, qəlblərdə özünə əbədi məhəbbət qazanıb. Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi ötən əsrin 70-80-ci illəri yaddaşlarda təkcə iqtisadi yüksəliş, təsərrüfatın bütün sahələrinin inkişafı dövrü kimi deyil, həm də elmin, təhsilin, mədəniyyətin misilsiz tərəqqisi illəri kimi qalıb. Məhz həmin dövrdə gələcək müstəqilliyimizin təməl daşları hörülüb, iqtisadi, sosial və mədəni potensialı formalaşıb. 1969-1982-ci illərdə həyatımızın bütün sahələrində köklü islahatlar aparılmış, əsaslı dəyişikliklər baş vermişdir. Bu nəhəng işlər öz miqyasına görə Azərbaycanın quruculuq salnaməsində ən dolğun səhifələri təşkil edir.

Heydər Əliyev fenomeninin ən mühüm göstəricilərindən biri də Azərbaycançılıq məfkurəsinin, milli ruhun hədsiz yüksəlməsi, milli özünüdərkin inkişafı, xalqın tarixi yaddaşının özünə qaytarılması kimi fundamental prinsiplər əsasında dövlətçilik arzularının və hisslərinin güclənməsi, real siyasi amilə çevrilməsidir. Ulu öndərimizin vətənpərvər fəaliyyətinin nəticəsi olaraq respublikada milli ruhlu ziyalı təbəqəsi formalaşmışdır. Böyük strateq Heydər Əliyev hələ Azərbaycana rəhbərliyinin birinci dövründə ölkənin inkişafı istiqamətində gördüyü işlərlə, qəbul etdiyi cəsarətli qərarlarla, həyata keçirdiyi tikinti-quruculuq tədbirləri, habelə bir neçə onillikdən sonra müstəqillik əldə edəcək respublikamızın gələcəyinə hesablanmış digər məqsədyönlü addımları ilə özünün ümummilli lider obrazını yaratmış, tarix isə böyük öndərin bu statusunu bütün mərhələlərdə qorumuşdur. 60-cı illərədək Azərbaycan aqrar ölkəsi kimi tanınırdı. Onun əsas sənaye mənbəyi neft idi. Lakin məhz Heydər Əliyev hakimiyyətinin ilk illərindən qəti addımlar atmaqla respublikaya olan bu münasibəti dəyişməyə nail oldu. Belə ki, qısa müddət ərzində həm yüngül, həm də ağır sənaye inkişaf etdi, bir sıra zavod və fabriklər istifadəyə verildi. Yaradılmış yeni iş yerləri əsasında insanların rifah halı daha da yaxşılaşdı.

Heydər Əliyev o illərdə respublikanı nəhəng tikinti meydançasına çevirmək, irimiqyaslı obyektlərin, strateji əhəmiyyətli sənaye müəssisələrinin inşasına xüsusi əhəmiyyət verməklə yanaşı, bir sıra yeni təhsil ocaqları, o cümlədən Cəmşid Naxçıvanski adına hərbi məktəbi yaratmışdı. Bu hadisə azərbaycanlıların döyüş ruhunun inkişaf etdirilməsində mühüm rol oynamışdır. Ordu quruculuğunda bu məktəbin rolu böyükdür. Respublikamız müstəqillik əldə etdikdən sonra hərbi liseyin məzunları ordumuzun yaranmasında, vətənimizin ərazi bütövlüyünün qorunması uğrunda mübarizədə həmişə ön cəbhədə olmuşlar. Qarabağ döyüşlərində vuruşan Azərbaycan zabitlərinin 70%-dən çoxu hərbi liseyin yetirmələridir.

İndi dünya analitiklərinin böyük önəm verdiyi milli mədəniyyətin yayılması siyasətini Heydər Əliyev hələ sovet dövründə özünəməxsus tərzdə həyata keçirirdi. Çünki ulu öndər Azərbaycanı dünyada məhz milli dəyərləri, tarixi, mədəniyyət özəlliyi ilə tanıdırdı. Məhz onun təşəbbüsü ilə ölkənin tanınmış musiqiçiləri, şairləri, yazıçıları, müğənniləri, bəstəkarları, artistləri dünyanın ayrı-ayrı ölkələrində çıxış edirdilər. Əlbəttə ki, burada siyasi məqam da var idi, o da Azərbaycanı tanıtmaq idi.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 1969-cu ildə Azərbaycana rəhbər seçildikdən sonra sosial-iqtisadi həyatın bütün sahələrində olduğu kimi, neft emalı sənayesində də dərin keyfiyyət dəyişiklikləri baş vermişdir. 1969-cu ildən başlayaraq Azərbaycanın xalq təsərrüfatının bütün sahələri kimi neft və qaz sənayesinin də yüksək dinamik inkişaf mərhələsinə qədəm qoyması ilə səciyyələnir. Bu dövrdə Azərbaycanın neft və qaz sənayesinin inkişaf tarixində yeni mərhələ başlayır.

Bütün bunlar Azərbaycanın ümummilli lideri Heydər Əliyevin uzaqgörən və müdrik siyasətinin nəticəsi idi. O, çox gözəl anlayırdı ki, görülən bütün bu nəhəng işlər gələcəkdə müstəqillik qazanacaq Azərbaycanın istiqadi müstəqilliyinin əsasını təşkil edəcəkdir. Tarix ümummilli lider Heydər Əliyevin haqlı olduğunu sübut etdi.

“Əsrin müqaviləsi”nin imzalanmasından keçən 20 ildən artıq müddət ərzində ümummilli lider Heydər Əliyevin “Yeni neft strategiyası”nın çox böyük uğurla reallaşması günümüzün reallığına çevrilmişdir. Bütün bunları nəzərə alıb “Yeni neft strategiyası”nın nailiyyətlərinin aşağıdakı istiqamətlərdə reallaşdığını göstərmək olar:

Azərbaycanın, neft-qaz layihələrinə beynəlxalq neft korporasiyalarının, bütövlükdə xarici işgüzar dairələrin, iri investisiyaların cəlb edilməsi hesabına dünyanın enerji daşıyıcıları bazarına sürətlə çıxışın təmin edilməsi;

Bütövlükdə “Əsrin müqaviləsi”ndən bugünkü günə qədər xarici neft şirkətləri ilə 32 neft sazişi imzalanmışdır.

Bu sazişlərin nəticəsi olaraq Azərbaycanın neft-qaz sənayesinə təxminən 60 milyard ABŞ dolları həcmində sərmayə qoyulmuşdur ki, bu da respublikamızın iqtisadi inkişafına ciddi təsir göstərmişdir.

Azərbaycanın karbohidrogen ehtiyatlarının dünya bazarına sərbəst və sürətli çıxışını təmin etmək üçün ixrac boru kəmərləri sisteminin yaradılması;

Hazırda hasil edilən neft və qaz ehtiyatları dünya bazarlarına bir neçə marşrut üzrə çıxarılır. Bunlar: Bakı-Novorossiysk, Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum kəmərləridir. Bundan əlavə, “Cənub Qaz Dəhlizi” layihəsi çərçivəsində  TANAP qaz kəməridə istifadəyə verilmişdir. Hazırda “Cənub Qaz Dəhlizi” layihəsinin bir hissəsi olan TAP  kəmərinin tikintisi davam etdirilir.

Bakı-Novorossiysk, və Bakı-Supsa kəmərlərinin həm müsbət, həm də mənfi cəhətlərinin olmasına baxmayaraq Azərbaycan xalqının ümummilli lideri H.Əliyev, sonradan zaman göstərdiyi kimi, müdrik və yeganə düzgün qərar qəbul edərək hər iki neft kəmərinin çəkilməsini lazım bildi. İlkin neft layihəsinin həyata keçirilməsi və onun dünya bazarına ixracı “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarındakı işlərin intensivləşməsinə və Azərbaycanın karbohidrogen resurslarının işlənməsinə yeni investisiyaların cəlb edilməsi üçün şərait yaratdı.

1999-cu ilin noyabrında Türkiyənin İstanbul şəhərində keçirilmiş ATƏT-in Sammitində ABŞ, Türkiyə, Azərbaycan, Gürcüstan, Qazaxıstan və Türkmənistanın prezidentləri tərəfindən Bakı-Tbilisi-Ceyhan (BTC) “Əsas İxrac Neft Kəməri”nin çəkilişi haqqında dövlətlərarası Müqavilə imzalanmışdır. 2002-ci ilin sentyabrın 18-də Bakıda, Səngəçal terminalında ümummilli liderimiz Heydər Əliyevin, Türkiyə və Gürcüstan prezidentlərinin iştirakı ilə Bakı-Tbilisi-Ceyhan ixrac neft kəmərinin təməl daşı qoyulmuş və tikintisinə başlanmışdır. Neft kəmərin açılışı 2006-cı ilin may ayının 28-də reallaşmısdı.

Azərbaycanın Enerji resuslarının nəqlində Bakı-Tbilisi-Ceyhan istiqamətinin seçilməsi ümummilli liderimiz Heydər Əliyevin böyük siyasətinin təmtərağıdır və bu kəmər dünya “arteriya”sı kimi neft kəmərləri sisteminə daxil olmuşdur.

Azərbaycanın milli sərvəti olan neftdən gələn gəlirlərin gələcək nəsillər üçün toplanaraq artırılması, bu gəlirlərdən ölkəmizin cari sosial ehtiyaclarını, iqtisadi tərəqqi və inkişaf tələblərini nəzərə almaqla, bugünkü nəsillər üçün istifadə edilməsi;

Bu məqsədlə 1999-cu il dekabrın 29-da ümummilli lider Heydər Əliyev “Azərbaycan Respublikası Dövlət Neft Fondunun yaradılması haqqında” fərman imzalamışdır. Hazırda Dövlət Neft Fondunun aktivləri 35 806,5 milyon ABŞ dolları təşkil edir.

Ümummilli lider Heydər Əliyevin müəllifi olduğu “Yeni neft strategiyası”nın həyata keçirilməsinin nailiyyətlərindən biri də Qərbin qabaqcıl texnologiyasının Azərbaycana gətirilməsidir.

Xüsusilə tikintidə və yataqların işlənilməsində, qazımada və istismarda tətbiq olunan yeni texnika, texnologiya və avadanlıqlar neft sənayesinə pozitiv təsir göstərmişdir. Azərbaycanda ilk dəfə olaraq Mərkəzi Azəri yatağında 48 quyunun qazılmasına imkan verən nəhəng və əzəmətli dərin dəniz özülü tikilmişdir. Texniki baxımdan dünya miqyasında ən iri terminallardan biri Səngəçal terminal istifadəyə verilmiş və burada yüksək infrastruktur yaradılmışdır.

Heydər Əliyevin müəllifi olduğu neft strategiyası bu gün müstəqil dövlət kimi Azərbaycanın öz milli sərvətinin sahibi olmasının, iqtisadiyyatımızın dünya iqtisadiyyatına qovuşmasının, ölkəmizin 90-cı illərin əvvəlində başlanmış siyasi, iqtisadi və sosial böhranlardan çıxaraq dirçəlməsinin və ən əsası XXI əsrin astanasında yüksək inkişaf etmiş, möhkəm, demokratik Azərbaycan dövlətinin yaranmasının rəmzidir.

 

Şahmar Zərdabi

Təsisçi və baş redaktor

Tel.: 070-255-01-09