Ədalət xanım Camalova: Prezidentin açıq dəstəyi qardaşlığımızın tarixinə qızıl hərflərlə yazılacaqdır

196

Abşeron rayonu Xırdalan şəhər 2 saylı tam orta məktəbin direktoru, “Tərəqqi” medallı, BDU-nun doktorantı Ədalət xanım Camalova – Amerika Birləşmiş Ştatlarının Prezidenti Co Baydenin belə bir addım atması yalnız təəssüf doğurur. Bu qərardan ən çox ziyan çəkən məhz Amerika olacaq. Amerika bununla Şərqdə Türkiyə kimi bir güclü dövlətlə – strateji tərəfdaşla münasibətlərə xələl gətirmiş oldu. Amerika zamanla yanlış addım atdığını yaxşı anlayacaq. Əslində tarix diqqətlə araşdırılsaydı soyqırımı törədənlərin məhz ermənilər olduğunu görərdilər. 1918-ci ildə və 90-cı illərin əvvəllərində Azərbaycanlılara qarşı törədilən soyqırımlara niyə qiymət verilmir?

Bu addımın atılma səbəblərindən biri də Türkiyənin bölgədə durmadan nüfuzunun artmasının Qərbdəki bir sıra dairələri narahat etməsidir. Ancaq bu Türkiyənin bölgədə və dünyada artan nüfuzunun qarşısını ala bilməz. Türkiyə sürətlə inkişaf edir və bölgədə nüfuzu durmadan artır. Amerika bölgədə sülhü və əməkdaşlığı dəstəkləmək əvəzinə Ermənistanın cinayət əməllərini dəstəkləməyi üstün tutdu. Bu gün bölgədə əməkdaşlıqlarla bağlı geniş müzakirələrin aparıldığı bir vaxtda belə bir addımın atılması anlaşılan deyil. Azərbaycan və Türkiyə bütün ümummilli məsələlərdə bir-birilərini dəstəkləyiblər. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu açıqlamadan dərhal sonra qardaş ölkənin Prezidenti Rəcəb Tayyib Ərdoğanla telefonla əlaqə saxlaması və açıq dəstəyini ifadə etməsi qardaşlığımızın tarixinə qızıl hərflərlə yazılacaqdır. Biz hər zaman bir millət, iki dövlət məhfumuna sadiq qalmışıq və bundan sonra da qalacağıq. Cənab Prezidentin bu qərarı tarixi səhv adlandırması həm Cənab Prezidentin qardaşlığımıza verdiyi dəyərin ifadəsi, həm də bir şəxsiyyət kimi cəsarətinin təzahürüdür.

Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalar da hər zaman qardaş Türkiyənin yanında olduqlarını bildirir və xəstə erməniçilik idealları bəsləyən ABŞ Prezidentinin qondarma “erməni soyqırımı” məsələsinə dair mövqeyini qətiyyətlə pisləyirlər. Bunun nəticəsidir ki, Azərbaycanda fəaliyyət göstərən 48 siyasi partiya ABŞ Prezidentinin qondarma “erməni soyqırımı” məsələsi ilə bağlı mövqeyinə dair bəyanat yayıb. Bu da bir daha bizim xalq olaraq yalnız sözdə deyil, əməldə də hər zaman qardaş türk xalqının yanında olmağımıza bariz nümunədir.

Burada Ermənistanın da üzərinə böyük məsuliyyət düşür. Ermənistan üçün düşdüyü ağır durumdan çıxmaq üçün bir şans yaranmışdı. Onlar bu fürsətdə yararlanmaq əvəzinə qonşu dövlətlərlə münasibəti pozmağa üstünlük verdi. Bu yanlış qərarın vəbalını erməni xalqı da çəkəcək. Uzun illər düşdüyü ağır vəziyyətdən çıxa bilməyəcək.