Erməni nağılına son: “Güclü diaspora” mifi dağıldı – GƏLİŞMƏ

849

Erməni diasporasının və lobbisinin beynəlxalq ictimai rəydə mövcud olan “keçilməz, güclü” imici zədələnib. Son vaxtlar dünyanın müxtəlif ölkələrində ermənilər və azərbaycanlılar arasında baş verən qarşıdurmalar bu prosesdə həlledici rol oynadı. Belə ki, ermənilər azərbaycanlıları təxribata çəkməklə böyük dövlətlərin siyasi dəstəyini qazanmağa ümid etsələr də onların bu cəhdi əks-effekt verdi.

Erməni diasporasının güclü olduğu Fransa, Rusiya, ABŞ kimi ölkələr də rəsmi səviyyədə onlara heç bir dəstək vermədi. Bunun əksinə olaraq, ABŞ Konqresində Azərbaycanın işğal olunmuş ərazilərində məcburi köçkünlərin vəziyyətinin araşdırılmasına dair qətnamə qəbul olundu. Eyni zamanda, ABŞ Nümayəndələr Palatası erməni lobbisinin təqdim etdiyi Azərbaycana hərbi dəstəyin dayandırılmasına dair düzəlişi qəbul etmədi.

Rusiya Ermənistanla hərbi müttəfiq olmasına baxmayaraq, baş nazir Nikol Paşinyanın Azərbaycana qarşı hərbi əməliyyatlarda dəstək təklifini rədd etdi. Üstəlik, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı da Ermənistanın kömək çağırışına susmaqla cavab verdi.
Bu gün baş verənləri 15-20 il əvvəlki vəziyyətlə müqayisə etdikdə ciddi dəyişikliyin yarandığını görmək olar. Çünki erməni diasporasının və lobbisinin güclü olması əvvəllər Azərbaycanın

Dağlıq Qarabağ problemi ilə bağlı öz səsini beynəlxalq ictimai rəyə çatdırmasında ciddi əngələ çevrilmişdisə, artıq bu problemin aradan qalxdığı müşahidə olunur. Qeyd edilən proses siyasi-diplomatik kanallarla yanaşı, həm də ictimai səviyyədə baş verir. Yəni erməni təbliğatına qarşı azərbaycanlıların vaxtilə fərdi qaydada mövcud olan etirazlarının vahid platformada birləşməsi də diqqəti cəlb edir.

Millət vəkili, Sosial Tədqiqatlar Mərkəzinin sədr müavini Elşad Mirbəşiroğlu Cebhe.info-ya açıqlamasında bildirdi ki, erməni diasporasının və lobbisinin mifinin sındırılması Azərbaycan dövlətinin bütün istiqamətlərdə potensialını gücləndirməsi sayəsində baş verib:

“Son illərdə Aərbaycanla əməkdaşlıq etmək istəyən dövlətlərin sayı əhəmiyyətli dərəcədə artıb. Azərbaycanla real əməkdaşlıq quran ölkələrin sayı çoxluq təşkil edib. Avropa İttifaqının doqquz dövləti ilə Azərbaycanın strateji tərəfdaşlıq haqqında sazişi var. Bütün bunlar Azərbaycanın müxtəlif istiqamətlərdə formalaşdırmış olduğu potensialı sayəsində mümkün olub. Dağlıq Qarabağ münaqişəsi ilə bağlı da Azərbaycanın ədalətli mövqeyi qəbul olunmaqdadır. Münaqişənin tənzimlənməsi ilə bağlı beynəlxalq ictimaiyyətin rəyi ondan ibarətdir ki, problem Azərbaycanın ərazi bütövlüyü müstəvisində həll oluna bilər. Bütün bunlar Azərbaycan dövlətinin və prezidentinin həyata keçirdiyi strategiyanın, hücum diplomatiyasının nəticəsidir. Belə olan halda Azərbaycan dövləti müxtəlif ölkələrdə mövcud olan diaspor təşkilatlarının fəaliyyətini keyfiyyətli şəkildə koordinasiya etməkdədir. Müxtəlif ölkələrdə yaşayan həmvətənlərimizlə aparılan işlər, vətənpərvərlik hisslərinin gücləndirilməsi, onların hafizəsində güclü Azərbaycan dövlətinin olması barədə təsəvvürlərin gücləndirilməsi hazırkı reallığı formalaşdırır. Azərbaycan diaspor təşkilatları koordinasiya olunmuş şəkildə ümumi hədəflərə çatılması istiqamətində fəaliyyət göstərir. Təbii ki, bunun fonunda erməni diaspor təşkilatlarının fəaliyyəti zəif görünməkdədir.

Məsələnin digər tərəfi ondan ibarətdir ki, Azərbaycan öz haqq səsini dünyaya çatdıra bildi. Nəticədə beynəlxalq müstəvidə Ermənistan-Azərbaycan münaqişəsinə obyektiv qiymət verilməsinə nail olundu. Son illər Ermənistanın işğalçı dövlət olması ən müxtəlif tribunalardan səslənir, ayrı-ayrı sənədlərdə öz əksini tapır. Bu isə Azərbaycan diasporasının səmərəliliyinin yüksəlməsinə səbəb oldu. Azərbaycanın ədalətli mövqeyi beynəlxalq ictimaiyyət tərəfindən qəbul olunduqca, milli diasporamızın öz hədəflərinə çatmaq imkanları da genişləndi. Erməni diaspor təşkilatları isə öz fəaliyyətini həmişə yalan və utopik planlar üzərində qurub. Zaman-zaman Azərbaycanın apardığı siyasət nəticəsində Ermənistanın mahiyyəti dünyaya bəlli oldu. Dünya Ermənistanı işğalçı kimi tanımağa başladı. Bu gün də erməni diaspor təşkilatları öz fəaliyyətində terrorçuluq elementlərini, “Asala” terror təşkilatının xəstə ideologiyasına söykənməklə özlərinin korlanmış olan imiclərini daha da zədələyiblər. Erməni diaspor təşkilatları öz fəaliyyətlərində etnoterrorizm həyata keçirirlər. Onlar azərbaycanlılara qarşı vandal əməllərini həyata keçirməklə özlərinin mənfur simalarını ortaya qoyurlar. Bütün bunlar isə azərbaycanlıların yaşadığı ölkələrin qanunlarına söykənən, qanuni bir institut olduğunu nümayiş etdirdi”.