Pandemiya ikinci əl avtomobilləri ucuzlaşdırdı – BAZARDA SON DURUM

110

İkinci əl avtomobil bazarında vəziyyət böhran həddindədir. Belə ki, bazara çıxarılan avtomobillərin sayı 50%-dən çox artdığı halda, satışların həcmi yarı-yarıya azalıb. Bunu “MediaPost”a açıqlamasında əmlak bazarı üzrə ekspert Eyyub Əliyev deyib. Onun sözlərinə görə, avtomobil bazarında durğunluğun əsas səbəbi pandemiyanın yaratdığı iqtisadi çətinliklərdir: “Biznes fəaliyyəti dayanan və pula ehtiyacı olan vətəndaş avtomobilini satışa çıxarmağa məcbur olur. Pandemiya elə bir vəziyyət yaradıb ki, əlində pulu olan müştəri də avtomobil almağa tələsmir və gözləmə mövqeyindədir”.

İkinci əl avtomobillərin real satış qiyməti 30%-ə qədər düşüb

Ekspert bildirib ki, hazırda ikinci əl bazarı üzrə qiymətlər stabil görünsə də, real satış zamanı qiymətlər 30%-ə qədər endirilir: “Əvvəl 10 min manatlıq maşın real satış zamanı 9500 manata təklif edilirdisə, indi eyni avtomobil 5500 manata satılır”.

23 min manatlıq avtomobili 15 min manata satıldı

E.Əliyevin müşahidələrinə əsasən hazırda bazar dəyərindən 30%-ə qədər aşağı satıldığı halda avtomobilə alıcı tapmaq mümkündür: “Avtomobili bazar dəyərinə satmaq üçün aylarla gözləmək lazım gəlir. Tez satılması üçün avtomobilin qiyməti mütləq endirilməlidir. Məsələn, bazarda olan zaman yürüş məsafəsi az olan “Opel Mokka” modelini 23 min manata təklif edildiyinin, amma sonda məcburən 15 min manata satıldığının şahidi olmuşam”.

“Yalnız taksi kimi istifadə edilən “Xəzər”, “Ravon” və “Saipa” alırlar”

E.Əliyevin sözlərinə görə, hazırda bazarda satılan avtomobillər kreditlə və yaxud lizinq şərtilə alınıb taksi kimi istifadə edilən və ilkin ödənişi 500 manat olan “Xəzər”, “Ravon” və “Saipa” kimi markalardır: “Aylıq ödənişi verə bilməyən müştəri maşını bazara çıxarıb satmağa məcbur olur. Başqa seqmentdə avtomobil alan hələ ki yoxdur”.