Azay Quliyev ATƏT PA-nın Mərakeşdə keçiriləcək sessiyasında iştirak edəcək

132

ATƏT Parlament Assambleyasının payız sessiyası oktyabrın 4-dən 6-dək ilk dəfə olaraq Mərakeşdə keçiriləcək. Milli Məclisin qurumdakı nümayəndə heyətinin üzvləri, ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev və deputatlar Ülviyyə Ağayeva, Tahir Mirkişili tədbirlərdə iştirak edəcəklər.

Öncə “Şimal-Cənub əməkdaşlıq modelləri və qloballaşan dünyada Aralıq dənizi regionun iqtisadi əlaqələri” mövzusunda Aralıq dənizi Forumu keçiriləcək. Sonra “Avro-Aralıq dənizi regionunda təhlükəsizliyin təşviqi: ATƏT və tərəfdaşlarının rolu” mövzusunda parlament konfransı öz işinə başlayacaq. Hər iki tədbirdə dünyadakı siyasi durumun aktual məsələləri müzakirə olunacaq.
Daimi Komitənin iclasında ATƏT PA-nın sədri Georgi Seretelinin və Baş katibi Roberto Montellanın, NATO PA-nın sədri Madlen Munun çıxışları dinləniləcək. Beynəlxalq siyasətin cari məsələlərinə nəzər salınacaq. Qurumun xüsusi komitə və xüsusi nümayəndələrinin fəaliyyətinə dair məruzələr oxunacaq.
Mərakeşdə sessiya çərçivəsində ATƏT PA-nın İpək Yoluna Dəstək Qrupunun 7-ci iclası keçiriləcək, cari məsələlərə baxılacaq.
Milli Məclisin deputatları müzakirələrdə yaxından iştirak edəcəklər. Səfər oktyabrın 8-də başa çatacaq.