ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN İRSİ MİLLİ SƏRVƏTİMİZDİR

375

ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN İRSİ MİLLİ SƏRVƏTİMİZDİR

 

 

 

 

 

 

Azərbaycan ədliyyəsi bu gün özünün yüksək inkişaf mərhələsindədir

 Məhkəmə-hüquq islahatları ölkəmizin ümumi inkişafına öz töhfələrini verir

Bu gün müstəqil Azərbaycan Respublikası elə bir ictimai-siyasi və sosial-iqtisadi durumdadır ki, bizim üçün ölkənin bütün sahələrindəki islahatlar zəruridir. Ancaq hüquq islahatları, xüsusən, ölkədə ədalətin bərqərar edilməsi üçün məhkəmə islahatları bugünkü Azərbaycan üçün daha böyük önəm kəsb edir. Biz bu islahatları yüksək səviyyədə həyata keçirəcəyik.

 Ümummilli lider Heydər ƏLİYEV

Bu gün Azərbaycan yüksək sürətlə inkişaf edir. Regionun ən qüdrətli ölkələrindən birinə çevrilmiş müstəqil respublikamızın uğurlarının sıralanmasının təməlində müdrik siyasət, reallıqları nəzərə alaraq qurulmuş idarəetmə prinsipləri durur. Ölkəmizə müdrik siyasəti ulu öndər Heydər Əliyev gətirmişdisə, bütün istiqamətləri günün reallıqlarına əsaslanan müasir idarəetmə prinsiplərinin müəllifi möhtərəm Prezidentimiz İlham Əliyevdir.

 Məhz bu iki siyasətçinin dövlətçilik təcrübəsinin nəticəsi olaraq bu gün Azərbaycan bir çox göstəricilər üzrə nəinki postsovet məkanında, eləcə də bütün dünyada nümunə göstərilir. Bizim üçün fəxrdir ki, müasir Azərbaycan sosial-iqtisadi inkişafın tempinə, cəmiyyətin daha da demokratikləşdirilməsi üçün həyata keçirilən tədbirlərin miqyasına, elmi-texniki tərəqqinin daha geniş tətbiqinə, tolerantlığın mükəmməl bir səviyyəyə qalxmasına, infrastruktur yeniləşməsinə və ümumiyyətlə, cəmiyyət həyatının bütün sahələrinə aid öz nümunəsini yaradır. Bu sadalananlar arasında bizim üçün daha böyük önəm kəsb edən məsələ isə Azərbaycanın dünyanın bütün ölkələri arasında ən islahatçı ölkə kimi tanınmasıdır. Özü də bu qərarı planetimizin ən mötəbər beynəlxalq təşkilatlarından biri vermişdir.

“Ən islahatçı ölkə”. Bu ifadəni eşidərkən hərə özünə aid olan sahədə həyata keçirilmiş islahatlar barədə düşünür. Hamı elə bilir ki, ən dərin və ən səmərəli islahat məhz onun fəaliyyət göstərdiyi sahədə aparılıb. Təbii ki, biz , ədliyyə sahəsində çalışanlar da haqlı olaraq məhz həmin qənaətdəyik: ölkədə ən uğurlu nəticələrlə yadda qalan islahatlar məhkəmə-hüquq islahatlarıdır. Ancaq məsələnin mahiyyətinə bir qədər də dərindən varanda məlum olur ki, istənilən sahədə aparılan islahatlar məhz ölkənin ümumi inkişafı ilə, hərtərəfli yeniləşmə ilə həmahəngdir. Hər halda ulu öndər Heydər Əliyevin ölkəyə ikinci dəfə rəhbərlik etdiyi dövr Azərbaycan ədliyyəsinin misilsiz inkişafı ilə xarakterizə edilir. 2003-cü ilin payızından — Prezident İlham Əliyevin dövlət başçısı kimi fəaliyyətə başlamasından sonra isə respublikamızın ədliyyə sistemi sözün həqiqi mənasında inkişaf etmiş dünya ədliyyəsinin mühüm tərkib hissələrindən birinə çevrildi.

Aşağıda həm 1993—2003-cü illərdə, həm də 2003-cü ildən sonrakı dövrdə milli ədliyyəmizin inkişafı üçün atılmış mühüm addımların bir neçəsini yada salacağıq. Hələlik isə ənənəvi olaraq Azərbaycan Ədliyyəsinin yaranmasından keçən 91 ildə keçdiyimiz yola qısa ekskurs edək. Təbii ki, həmişə böyük əməllərin təməlini müdrik insanlar qoyurlar. Ötən əsrin əvvəllərində dünyada gedən qarşısıalınmaz ictimai-siyasi proseslər, xüsusən, 300 illik tarixi olan romanovlar sülaləsinin süqutu nəticəsində yaranan müstəqil dövlətlərin hərəsi özünəməxsus yol tutmuşdu. 1918-ci il may ayının 28-də elan edilmiş Azərbaycan Xalq Cümhuriyyəti isə müsəlman Şərqində ilk demokratik respublika olaraq sivil, dünyəvi dövlət quruculuğu yolu seçmişdi. İlk müstəqil dövlətimizin Nazirlər Şurasının sədri Fətəli Xan Xoyskinin tarixi bir ifadəsi bugünkü sivil Azərbaycan ədliyyəsinin təməlini qoymuş oldu. Baş nazir demişdi: “Ədliyyəsi olmayan məmləkətdə tərəqqi olmaz, məmləkət irəliləməz”. Beləliklə də cəmi 21 ay yaşamış ilk müstəqil Azərbaycan Respublikası sivil dövlətçilik baxımından mühüm addımlar atmış oldu. Ədliyyə Nazirliyi, onun müxtəlif strukturları, məhkəmələr yaradıldı. Bu məhkəmələr ölkədə uzun əsrlər mövcud olmuş şəriət məhkəmələrindən və çar üsul-idarəsinin yaratdığı qəza məhkəmələrindən (1806-cı ildə Gəncədə, 1812-ci ildə isə Bakı və Qubada yaradılmışdı) tamamilə fərqlənirdi. Şəriət məhkəmələrində qərarlar hansısa qazinin istəyi əsasında, qəza məhkəmələrində isə imperiya nümayəndələrinin mənafeyinə xidmət edən şəkildə qəbul edilirdi. ADR-in yaratdığı məhkəmələr ədalətin bərqərar edilməsinə xidmət etsə də həmin dövrün problemləri bu məhkəmələrin fəaliyyətini hədsiz dərəcədə sıxırdı.

Məlum hadisələrdən və SSRİ-nin yaranmasından sonra sovet imperiyasının hər yerində olduğu kimi, Azərbaycan ədliyyə sistemi də çox ciddi çərçivələr arasında fəaliyyət göstərməli olmuşdur. Azərbaycan Demokratik Respublikasının süqutundan yarım ay sonra yaradılmış Xalq Ədliyyə Komissarlığının adında xalq sözü olsa da, əslində bu qurum xalqa divan tutmaq üçün imperiya silahı kimi fəaliyyət göstərirdi. 1933-cü ildə yaradılan Ədliyyə Nazirliyi dörd il sonra çox cüzi səlahiyyətləri olan bir quruma çevrildi və nəhayət, 1957-ci ildə tamamilə ləğv edildi. Çünki həmin dövrdə ölkə rəhbərliyinə ədliyyə—ədalət deyil, ideologiya—siyasət lazım idi. Azərbaycan ədliyyəsi Fətəli Xan Xoyski tərəfindən müəyyənləşdirilmiş funksiyalarına 1970-ci ildən sonra qayıda bildi. Respublikanın o zamankı rəhbəri olan Heydər Əliyev ölkənin bütün sahələrində olduğu kimi, ədliyyə sistemində də mühüm islahatlar aparılmasına nail oldu və Azərbaycan ədliyyəsi öz inkişafının növbəti mərhələsini yaşamış oldu.

Taleyin qismətidir ki, ötən əsrin sonlarında qazandığımız ikinci müstəqillik dövründə də ədliyyə sistemimizin Fətəli Xan Xoyski prinsiplərinə qayıtmasının əsas səbəbi məhz ulu öndər Heydər Əliyev oldu: “İndiki Azərbaycan dövlətinin yeritdiyi siyasət, qazanılan uğurlar belə bir fikri əminliklə söyləməyə imkan verir ki, Azərbaycan Xalq Cümhuriyyəti dövründə itirdiyimiz müstəqilliyi bir də heç zaman əldən verməyəcək, onu qoruyub saxlayacaq, dönməz, sarsılmaz və əbədi edəcəyik” — deyən ümummilli lider Heydər Əliyev bütün bu vəzifələrin öhdəsindən bacarıqla gəldi və Azərbaycanın müasir dünyanın inkişaf etmiş ölkələrindən birinə çevrilməsinə nail oldu. Ulu öndərin həmin qətiyyəti Azərbaycan ədliyyəsinin misilsiz bir inkişafına stimul vermiş oldu. 1995-ci ilin noyabrında ilk parlamentin seçilməsi ilə eyni gündə qəbul edilmiş ilk Konstitusiyamız, Əsas Qanunumuzdakı insan hüquq və azadlıqlarının hətta bir çox Avropa ölkələrindən belə yüksək səviyyədə qorunmasını təsbit edən maddələr, Hüquq-İslahat Komissiyasının yaradılması və səmərəli fəaliyyəti, nəhayət “Məhkəmələr və hakimlər haqqında” Qanunun qəbul edilməsi ölkədə ədliyyə sisteminin sürətli inkişafına zəmin yaratmış oldu.

Qeyd edək ki, Məhkəmə-Hüquq Şurasının fəaliyyəti ölkədə məhkəmə islahatlarının keyfiyyətlə aparılmasında, yeni hakim korpusunun formalaşdırılmasında xüsusi əhəmiyyət kəsb etmişdir. Bu şura ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə hələ 2000-ci ildə hakim vəzifəsinə seçkilərin test və şifahi sorğu ilə keçirilməsinə nail olmuşdu. Həmin prosedurun tətbiqi nəticəsində ölkədə hakim korpusunun 60 faizə qədəri müasir biliklərə malik, dünya ədliyyə təcrübəsinin son nəticələrinə bələd olan, eyni zamanda müstəqil Azərbaycan dövlətinin və Azərbaycan xalqının mənafelərini hər şeydən üstün tutmağı bacaran hakimlər hesabına təzələndi. Ulu öndərin hüquq islahatlarına verdiyi önəm və ayırdığı diqqət onun ölkəyə rəhbərlik etdiyi dövrdə ildən ilə yeni addımlarla zənginləşirdi.

2003-cü ilin 15 oktyabrından — ümummilli liderimizin siyasi kursunun ən layiqli davamçısı, möhtərəm Prezidentimiz İlham Əliyevin dövlət başçısı seçilməsindən sonra isə Azərbaycan Ədliyyə sistemi gəncləşmək, müasirləşmək, yeniləşmək dövrünü yaşadı. Cənab İlham Əliyevin bizim sahə haqqında söylədiyi istənilən fikir və ya imzaladığı hər hansı sənəd məhkəmə-hüquq islahatlarının daha da dərinləşdirilməsinə zəmin yaradır. Dövlət başçımızın söylədiyi bir fikir isə biz ədliyyə işçilərinin fəaliyyət prinsipinə çevrilmişdir: “Ölkəmizdə demokratik, hüquqi dövlət quruculuğu prosesi, təbii ki, məhkəmə-hüquq sisteminin islahatları ilə bərabər aparılmalıdır. Çünki bu amillər bir-birindən çox asılıdır. İndi Azərbaycanda həm siyasi, həm də iqtisadi islahatlar çox uğurla gedir. Ölkəmiz müasirləşir, yeniləşir, dünya birliyinin çox fəal və dəyərli üzvünə çevrilir. Əlbəttə ki, məhkəmə-hüquq islahatları da ölkəmizin ümumi inkişafına öz töhfəsini verməlidir”.

Biz tam qətiyyətlə və əminliklə deyirik ki, ölkəmizdə aparılan məhkəmə-hüquq islahatları respublikamızın ümumi inkişafına öz töhfələrini verir. Bu töhfələrin artırılmasını “Məhkəmə-Hüquq Şurası haqqında” qanunun qəbul edilməsi (2004-cü il), “Məhkəmələr və hakimlər haqqında” qanuna bəzi dəyişikliklər edilməsi, “Azərbaycan Respublikasında məhkəmə sisteminin təkmilləşdirilməsi” və “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 19 yanvar 2006-cı il tarixli Prezident fərmanı və digər mühüm sənədlər daha da intensivləşdirir. “Ədliyyə orqanlarının inkişafı haqqında” Prezident fərmanı isə bizim sistemin hüquqi, siyasi, mənəvi, həm də maddi-texniki baxımdan inkişafını təmin etmiş oldu. Bir sözlə, Azərbaycan ədliyyəsi bu gün özünün yüksək inkişaf mərhələsini yaşayır.

Rəhmanov Kənan Akif oğlu

Bakı şəhəri 50 saylı notariat ofisinin notariusu

 

 

 

 

 

 

 

 

 

Baş direktor: Həsənov Ruslan Şamməd oğlu

Tel.: 050-244-48-19;  070-200-33-85