Qondarma “erməni soyqırımı” yenidən gündəmdə – Təklif Ankaradan

407

 

Məhz, Ermənistan-Azərbaycan sərhədindəki son toqquşmalar zamanı Türkiyənin Müdafiə naziri Hulusi Akar Ermənistanı 1915-ci il hadisələri ilə bağlı arxiv sənədlərini açmağa çağırmağa qərar verdi. Yəni xatırlatdı ki, Türkiyə bu məsələdəki hər hansı şübhələri aradan qaldırmaq üçün dəfələrlə öz arxivlərini açmağa hazır olduğunu bəyan edib və Ermənistan tərəfini də analoji addım atmağa çağırıb.

“Ermənistan Türkiyənin nümunəsinə baxmalı və arxivlərini elm adamlarına açmalıdır. Bu gün Prezident Rəcəb Tayyib Ərdoğanın etdiyi bu çağırışı təkrarlayacağam. Birgə elmi komissiyanın işinin nəticələrini bütün tərəflər tanımalıdır” – Akar dedi.

Bu sözlər Türkiyənin, ən azı erməni və türk xalqları arasındakı bu problemi qərəzsiz araşdırmağa və aradan qaldırmağa hazır olduğunu göstərir. Görəsən, ermənilər bu dəfə nə cavab verəcəklər – qondarma “soyqırımı”nın sübut tələb etmədiyini yenə də bəhanə gətirəcəklər? Hələ ki, erməni tərəfi bu çağırışa cavab verməyib.

Ermənistan ilə Azərbaycan arasındakı toqquşma günlərində Ankaranın dünyanın diqqətini bu mövzuya yönəltməsi yəqin ki, səbəbsiz deyil – bəlkə də bu yolla təcavüzkarın və saxtakarın tarixi həqiqəti üzə çıxarmaq istəməməsini ifşa etmək daha asandır.

Mövzunu AYNA-ya Azərbaycan İnsan Hüquqları Mərkəzinin (AİHM) direktoru, beynəlxalq hüquq üzrə ekspert Eldar Zeynalov dəyərləndirib.
– 1890-1921-ci illər hadisələri ilə bağlı Türkiyə, Ermənistan, Rusiya arxivlərinin açılması təklifi ilə ikiəlli razıyam. Hadisələrdən 100 il keçdikdən sonra, Osmanlı, Rusiya, Britaniya imperiyalarının süqut etdiyini, bütün maraqlı şəxslərin dünyasını dəyişdiyini nəzərə alsaq, baş verənlərlə bağlı bəzi sənədlərin hələ də gizli saxlanılmasında heç bir məntiq yoxdur. Bununla yanaşı, bütün bölgənin tarixindəki qaranlıq məqamlar miflərlə möhkəmləndirilir, dövlətlərarası münasibətləri zəhərləməyə davam edir və hətta müasir siyasətdə də istifadə olunur (məsələn, qondarma “erməni soyqırımı”nın tanınması).

Ermənistanın bu vəziyyətdən olduqca məmnun olduğu görünür. Qurbanların sayı ilə əlaqədar şübhəli mənşəli sənədlərlə manipulyasiya edə, mübahisəli versiyalar irəli sürə, “zülmə məruz qalan” millət olduğuna dair mülahizələr edə bilərsiniz. Ermənistan Türkiyə ilə pozulmuş münasibətlərdən o qədər də əziyyət çəkmir: türk malları Emənistana Gürcüstan ərazisindən gətirilir və Türkiyədə yaşayan Ermənistan vətəndaşlarının sayı heç də az deyil.

Ancaq bu məsələdə Türkiyəni anlamaq mənim üçün daha çətindir. Türkiyə tərəfinin açıqlamalarına görə, bu arxiv sənədləri hadisələrin erməni versiyasını təkzib etmək, 1918-20-ci illərdə Ermənistan Respublikasının mənşəyində dayanan inqilabçı partiyaların terror keçmişini ortaya qoymaq iqtidarındadır. Şübhə etmirəm ki, Türkiyə tərəfinin 1918-ci ilə qədər Rusiyanın kasıb vilayəti olan Ermənistandan daha çox tarixi sənədləri var. Beləliklə, hadisələrlə əlaqəli əsas sənədləri Ermənistanda yox, Moskvada axtarmaq lazımdır.

– Bəs niyə türklər onilliklər ərzində ermənilərdən bu məsələdə qarşılıqlı fəaliyyət gözləyirlər? Sənədlərinizi elektronlaşdırın, istənilən tədqiqatçının əldə etməsi üçün şərait yaradın – bu, daha rahat deyilmi? Türkiyə tərəfinin illərdir bunu etməməsi təbii olaraq sual doğurur…

– Qapalı arxivlərdə Sultan VI Mehmet tərəfindən 1918-ci ilin noyabrında yaradılan istintaq komissiyasının materialları, habelə Türkiyənin bir neçə bölgəsində hərbi cinayətlərə dair məhkəmə işlərinə baxmaq üçün bu ölkədə 3 tribunal və əyalətlərdə 10 məhkəmənin sənədləri ola bilər. Türk prokurorlarının ermənilərə və yunanlara qarşı törətdikləri cinayətlər haqqında dəlil topladığı dörd işə 1919-cu ildə məhkəmələrdə baxılıb və günahkarların məhkum və edam edilməsi ilə sona çatıb. Digər 7 iş üzrə məhkəmə iclasları hazırlansa da, lakin Atatürk hökuməti tərəfindən ləğv edildi (lakin sənədlər qalmalı idi).

Rusiya və Ermənistanda oxşar məhkəmələr keçirilməyib və eyni dövrdə türk əhalisinin qətliamına dair cinayət işləri də araşdırılmayıb. Görünən odur ki, Türkiyə bu şəraitdə Ermənistan və onun arxasında duran Rusiya tərəfindən birtərəfli qaydada açılan sənədlərdən istifadə etməklə, Türkiyə hakimiyyət orqanlarının qəddarlığı barədə arqumentlərini gücləndirəcəyindən qorxur. Həm də eyni zamanda, Rusiya və Ermənistan hakimiyyətinin o zaman türk əhalisinə qarşı törətdiyi zorakılıq barədə sənədlərin də təqdim ediləcəyinə zəmanət yoxdur.

– Tovuz döyüşləri ərəfəsində Ankaradan belə bir çağırış maraq doğurdu…

– Türkiyənin arxivlərlə bağlı indiki xatırlatmasının Ermənistan-Azərbaycan sərhədində baş verən hadisələrə görə edilməsi barədə fərziyyə doğrudursa, fikrimcə, bunun üçün o qədər də uğurlu məqam seçilməyib. Erməni cəmiyyətində çaxnaşma var – xüsusən də Türkiyənin Azərbaycana dəstək verməyə hazır olduğunu bildirdikdən sonra onların gözlərinə əyri və kəskin türk yatağanları görünür. Belə məqamda türklərlə əməkdaşlıq təklifi mütləq düşmənçiliklə qarşılanacaq və avtomatik olaraq rədd ediləcək. Məqsəd Ermənistanın bu məsələdə növbəti dəfə imtina etməsi idisə, onda belə bir taktika özünü doğruldur. Lakin söhbət elmi əməkdaşlığa cəlb etməkdən gedirsə, bunun üçün elmi ictimaiyyəti maraqlandırmaq naminə arxivlərinizdən maraqlı bir şey dərc etməyə başlamağınız daha yaxşıdır.

Onu da qeyd edim ki, Türkiyə arxivlərində Azərbaycan auditoriyasını da maraqlandıran bir çox materiallar var – hərbi əməliyyatlarla əlaqəli 1915-1920-ci illər hadisələri, Nargin adasında yerləşən çar konsentrasiya düşərgəsindəki hərbi əsirlərə qarşı qəddar rəftar haqqında, 1918-ci ildə erməni qoşunları tərəfindən Azərbaycan əhalisinə qarşı cinayətlər, 1919-21-ci illərdə Zəngəzurda, Naxçıvanda və Qarabağda müsəlman əhalinin etnik təmizlənməsi. Tarixçilərimiz Türkiyənin öz arxivlərini açmağa hazır olmasından faydalana, Azərbaycan və bölgənin tarixi ilə bağlı türk sənədlərinin araşdırılmasına qoşula bilərlər.