Göyçayda yeşik sexlərində istifadə olunan ağaclar: Qanunlara zidd meşə qırıntısı, yoxsa rəsmi icazəli tədarük?

178

Göyçayda yeşik sexlərində istifadə olunan ağaclar: Qanunlara zidd meşə qırıntısı, yoxsa rəsmi icazəli tədarük?

Son vaxtlar Göyçay rayonunda fəaliyyət göstərən yeşik sexlərində kütləvi şəkildə ağac materiallarından istifadə olunması geniş ictimai müzakirəyə səbəb olub. Yerli sakinlər və ekoloji fəallar haqlı olaraq sual edirlər: bu qədər ağac Göyçayda haradan gətirilir? Kim bu miqdarda taxta materialını təmin edir? Və ən önəmlisi – aidiyyəti qurumlar bu məsələyə niyə səssiz qalır?

Əldə etdiyimiz məlumata görə, Göyçayın ətrafında yerləşən bəzi meşə zolaqları son illərdə ciddi şəkildə seyrəkləşib. Bu isə ehtimal yaradır ki, yeşik sexlərində istifadə olunan ağacların bir qismi qanunsuz şəkildə, meşələrin məhv olunması bahasına əldə olunur. Lakin bu məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin regiona nəzarət edən qurumları, o cümlədən Meşə Mühafizəsi və Bərpası İdarəsi hələ də konkret açıqlama verməyib.

Hörmətli Abas bəy, siz yeşik istehsalı sahəsində fəaliyyət göstərirsiniz və bölgədə bu sahədə ən aktiv sahibkarlardan birisiniz. Bizi və ictimaiyyəti düşündürən budur: sizin sexlərdə istifadə olunan ağaclar haradan əldə olunur? Onların rəsmi sənədləri, daşıma icazələri və ya Ekologiya Nazirliyi ilə bağlanmış hər hansı müqavilələr varmı? Əgər hər şey qanun çərçivəsindədirsə, niyə bu qədər şübhə və narazılıq yaranıb?

Əksər hallarda belə sexlər “taxta tullantısı” adı ilə fəaliyyətlərini pərdələməyə çalışırlar. Halbuki həmin ağacların bir çoxu iri gövdəli və uzun müddət böyümüş meşə ağaclarıdır. Bu isə açıq şəkildə ekosistemə zərbə vurur, iqlim dəyişikliklərinə səbəb olur və həm də gələcək nəsillərin yaşamaq hüququna müdaxilə deməkdir.

Sual yaranır: Ekologiya Nazirliyinin Göyçayda yerləşən müvafiq strukturları bu vəziyyətdən xəbərdardırmı? Əgər xəbərdardırsa, niyə tədbir görülmür? Əgər xəbərsizdirsə, bu, özlüyündə məsuliyyətsizlik nümunəsidir. Hər iki halda, bu susqunluq ciddi narahatlıq doğurur.

Bu yazımız vasitəsi ilə biz təkcə Abas bəyə deyil, bütün məsul şəxslərə çağırış edirik: xalq qarşısında cavab verin. Yeşik sexlərinin ağac tədarükü necə və kimlərin vasitəsilə həyata keçirilir? Qanunlara zidd meşə qırıntısı gedirmi? Bu prosesə nəzarət varmı?

Cəmiyyət aydın cavab və şəffaflıq gözləyir. Göyçayda baş verənlərə biganə qalmaq olmaz. Əgər aidiyyəti qurumlar dərhal hərəkətə keçməzsə, bu, təkcə ekologiyaya deyil, hüquq və ədalət prinsiplərinə də böyük zərbə olacaq.

Qarşı tərəfin mövqeyini tanıyırıq.

 

Beynəlxalqinformasiyaagentliyi.az