Beyləqan rayon 1 saylı notariat ofisinin xüsusi notariusu Cəsarət Qasımov: Ulu Öndər Heydər Əliyevin uğurlu siyasətini Prezident cənab İlham Əliyev uğurla davam etdirir

178

Beyləqan rayon 1 saylı notariat ofisinin xüsusi notariusu Cəsarət Qasımov: Ulu Öndər Heydər Əliyevin uğurlu siyasətini Prezident cənab İlham Əliyev uğurla davam etdirir

Tarix sübut edib ki, hər bir dövlətin qurulması, onun möhkəmləndirilməsi hər şeydən əvvəl bu missiyanı yerinə yetirən liderdən asılıdır. 30 il öncə bu missiyanı Ümummilli Lider Heydər Əliyev öz üzərinə götürdü və onun xilaskarlıq missiyasını hazırda layiqli davamçısı olan Prezident İlham Əliyev həyata keçirir. 2003-cü il oktyabrın 15-də keçirilən prezident seçkilərində Azərbaycan xalqının böyük əksəriyyətinin səsini qazanan İlham Əliyev bu illər ərzində ölkənin siyasi inkişafı, hərbi qüdrətinin artırılması, sosial-iqtisadi rifahı üçün böyük uğurlara nail olub. Bu gərgin, yorulmaz fəaliyyətin nəticəsində Azərbaycan tək regionda deyil, postsovet məkanında söz sahibi olan dövlətlər sırasında yer alır. Regionda elə bir iqtisadi, siyasi layihə yoxdur ki, Azərbaycanın iştirakı olmasın, rəyi nəzərə alınmasın.
Sözsüz ki, Qarabağ probleminin birdəfəlik həlli, ölkəmizin ərazi bütövlüyü və suverenliyinin təmin olunması Azərbaycan liderinin 20 illik fəaliyyətinin ən mühüm nailiyyətidir. Nəticədə 30 il Vətən həsrəti ilə alışıb-yanan insanların doğma torpaqlarına qayıdışı təmin olunur. İşğaldan azad edilən torpaqlarda aparılan bərpa-quruculuq işlərinin miqyası onu deməyə əsas verir ki, qısa müddət ərzində bütün keçmiş qaçqın və məcburi köçkünlərin doğma yurda, öz ev-eşiklərinə dönüşü baş tutacaq. Dövlətimizin başçısı Azərbaycan tarixində əbədi olaraq qalacaq, xalqının qəlbində sonsuza qədər yaşayacaq. Etiraf edək ki, bu xoşbəxtlik çox az liderə nəsib olur.
Azərbaycan sentyabrın 19-20-də keçirdiyi antiterror tədbirləri ilə Qarabağ bölgəsi üzərində suverenliyini tam bərpa etdi. Dünya hərb tarixində görünməmiş şəkildə, qısa zaman kəsiyində keçirilən tədbirlərlə reallaşması qeyri-mümkün olan həyata keçirildi. Bu, Azərbaycan tarixinin şanlı səhifəsini təşkil edir. Son 100 ildə ilk dəfə Azərbaycanın şanlı bayrağı Qarabağın bütün ərazisində – Əsgəranda, Xocalıda, Xankəndidə, Ağdərədə, Xocavəndə dalğalanır və buna da məhz Müzəffər Ali Baş Komandan İlham Əliyevin uğurlu xarici siyasəti nəticəsində nail olundu.

Xalqımıza Qarabağ Zəfərini bəxş edən, bizi qalib xalqa çevirən Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev qurucu, birləşdirici, Azərbaycan xalqının bütün istək və arzularını həyata keçirən, öz siyasətində Azərbaycan dövlətinin və xalqının maraqlarını ən ali məqsəd kimi görən və bütün qüvvəsini bu istiqamətdə səfərbər edən, xalqın birmənalı şəkildə dəstəklədiyi, etimad göstərdiyi və etibar etdiyi liderdir. Dövlətimizin başçısı Azərbaycanda güclü əsaslara malik iqtisadi sistemin qurulmasını təmin edib ki, bu da qüdrətli dövlət quruculuğu istiqamətində ən mühüm komponentlərdən biridir. Təbii ki, məhz Prezident İlham Əliyevin uzaqgörən və praqmatik iqtisadi siyasəti sayəsində Azərbaycanın malik olduğu imkanlar Vətən müharibəsinin qazanılmasında da əsas amillərdən oldu.
2020-ci ilin sentyabrın 27-də düşmən növbəti genişmiqyaslı təxribat törətdi. Ali Baş Komandanın irəli əmrindən sonra Azərbaycan Ordusunun başlatdığı əks-hücum əməliyyatı işğal altındakı torpaqlarımızın azad edilməsi, ərazi bütövlüyümüzün bərpa olunması ilə nəticələndi. “Dəmir yumruq” əməliyyatı kimi tarixə düşən İkinci Qarabağ müharibəsi xalqımızın 30 illik Vətən həsrətinə son qoydu.
“Bu gün beynəlxalq münasibətlərdə “kim güclüdür, o da haqlıdır” prinsipi üstünlük təşkil edir”. Bu fikri öz çıxışlarında, bəyanatlarında dəfələrlə vurğulayan Prezident İlham Əliyev güclü siyasi iradəsi ilə güclü dövlət konsepsiyasını həyata keçirməklə iqtisadi, siyasi və hərbi güc yaratmağa nail oldu. Bu üç gücün vəhdəti Dağlıq Qarabağ münaqişəsini tarixə qovuşdurdu, bölgədə yeni reallıqlar yaratdı.
Prezident İlham Əliyev bu gücə arxalanaraq 44 günlük müharibə dövründə həm də informasiya cəbhəsində xalqının, ölkəsinin maraqlarını qətiyyətlə müdafiə etdi. Xarici KİV-lərə çoxsaylı müsahibələrində praqmatik siyasətçi, hadisələri, prosesləri dəqiq qiymətləndirən, öz mövqeyini təkzibolunmaz arqumentlərlə əsaslandırmağı bacaran lider olduğunu nümayiş etdirdi. Beləliklə, Prezident İlham Əliyev ata vəsiyyətini şərəflə yerinə yetirdi, xalqına, məcburi köçkünlərə verdiyi sözə sahib çıxdı, güclü Azərbaycan yaradaraq düşməni onunla hesablaşmağa vadar etdi. Azərbaycanın ərazi bütövlüyünü bərpa edən müdrik lider, böyük strateq, qalib sərkərdə kimi adını əbədi olaraq tarixə yazdırdı, 44 günlük Vətən müharibəsinin əsl qəhrəmanına çevrildi.
Müzəffər Ali Baş Komandan, Siz müdrik siyasətiniz və haqlı mübarizəniz nəticəsində qazandığınız möhtəşəm qələbə ilə adınızı qızıl hərflərlə tarixə yazdınız. Siz bir daha dünyaya Azərbaycanın güclü dövlət olduğunu göstərdiniz. Bunun üçün Sizə təşəkkürümüzü bildiririk. Sizə möhkəm can sağlığı, uzun ömür arzu edirəm. Azərbaycan xalqı tam olaraq daima Sizinlədir, Sizinlə qürur duyur. Bu çətin, lakin şərəfli işinizdə Sizə və rəşadətli ordumuza uğurlar arzulayırıq. Uca Tanrı Sizə və müzəffər Ordumuza yar olsun!

Cəsarət Qasımov

Beyləqan rayon 1 saylı notariat ofisinin xüsusi notariusu