Azərbaycan xalqı ONU sevir və dəyərləndirir

156

Azərbaycan xalqı ONU sevir və dəyərləndirir

Mehriban Əliyevanın 2004-cü ildə UNESCO-nun, 2006-cı ildə ISESCO-nun xoşməramlı səfiri seçilməsi həm də Azərbaycan mədəniyyəti üçün tarixi nailiyyət, əlamətdar hadisələrdir. Bu, Azərbaycanın zəngin maddi və qeyri-maddi mədəni irs nümunələrinin dünyada tanıdılmasına yeni üfüqlər açılması demək idi. Onun himayəsi ilə UNESCO çərçivəsində mədəni irsin qorunması, mədəniyyətlərarası dialoqun təşviqi, təhsilin inkişafı və digər sahələrdə mühüm layihələr həyata keçirilib. Həmçinin xoşməramlı səfir kimi o, Azərbaycan tarixini, mədəni irsini, həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq istiqamətində yorulmaz fəaliyyət göstərir. Mehriban xanımın fəaliyyəti təkcə milli-mənəvi dəyərlərin, Azərbaycanın mənəvi və qeyri-maddi irsinin dünya miqyasında təbliğinə deyil, eyni zamanda, sivil dünyada sülh, sabitlik, sivilizasiyalararası dialoq, multikulturalizm kimi bəşəri ideyaların reallaşdırılmasına, bu sahələrdə səylərin birləşdirilməsinə yönəlib. Birinci xanımın yüksək təşkilatçılıq bacarığı sayəsində ölkəmizin nüfuzlu tədbirlərə uğurla ev sahibliyi etməsi Azərbaycan reallıqlarının təbliği baxımından mühüm əhəmiyyətə malikdir.
“Gündəlik fəaliyyətimizdə insansevərlik, mərhəmət, qarşılıqlı hörmət, mehribanlıq unudulmamalıdır. Əksinə, məhz bu mənəvi dəyərləri uca tutaraq ən yüksək qələbələr əldə etmək, ən böyük zirvələrə qalxmaq olar. Mən sizi əmin edirəm ki, gələcək fəaliyyətimi məhz bu prinsiplər əsasında qurmağa çalışacağam. Ölkəmizin və xalqımızın maraqlarını hər şeydən üstün tutacağam, Azərbaycana layiqincə xidmət etməyə çalışacağam”.
Bu fikirləri Mehriban Əliyeva Birinci vitse-prezident kimi ilk çıxışında deyib. 2017-ci il fevralın 21-də Mehriban Əliyevanın Azərbaycanın Birinci vitse-prezidenti vəzifəsinə təyin edilməsi onun zəngin fəaliyyətinin və təşkilatçılıq bacarığının məntiqi nəticəsi kimi dəyərləndirilir.
Azərbaycanın iqtisadi inkişafı və xalqımızın rifahı naminə milli məqsədlərə nail olmaqla bağlı üzərinə nəcib missiya və yeni öhdəliklər götürən Birinci vitse-prezident Mehriban Əliyeva elə fəaliyyətinin ilk tədbirlərini yenə də humanist missiyaya köklədi. O, diqqətini cəmiyyətin ən çox yardıma və dəstəyə ehtiyacı olan hissəsinə – qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həllinə, həyat şəraitlərinin yaxşılaşdırılmasına yönəltdi. Azərbaycanın Birinci vitse-prezidenti bu kateqoriyadan olan insanlar üçün yeni qəsəbələrin tikilməsini, yaşayış massivlərinin salınmasını diqqət mərkəzində saxlayaraq bu məsələyə daha çox ictimai dəstəyi təmin etdi. Ötən illər göstərdi ki, Mehriban Əliyevanın rəhbərliyi ilə həyata keçirilən çoxsaylı layihələr nadirliyi, orijinallığı ilə seçilir, kompleks xarakter daşıyır. Ən başlıcası, Mehriban xanımın qısa zaman kəsiyində bu qədər işin öhdəsindən bacarıqla və yaradıcı şəkildə gəlməsi insanlarda dərin ehtiram hissi doğurur.
Mehriban Əliyevanın çoxşaxəli və xoşməramlı fəaliyyəti həm Azərbaycanda, həm də beynəlxalq miqyasda yüksək qiymətləndirilir. O, insanları sevməklə özünü sevdirib. Sadəliyi və xeyirxahlığı ilə sevgi qazanıb və bu sevgi dünyanın da diqqətini cəlb edib. Dünya Mehriban xanımın insan sevgisi ilə dolu ürəyinə heyran qalıb, onun təəssübkeşliyi, xeyir-duası, dəstəyi ilə həyata keçirilən qlobal layihələri alqışlayır.
Böyük və nadir insanlar doğulduqları andan ömrünün sonuna qədər yüksək və ali missiyanın daşıyıcıları olurlar. Belə insanların ömrü yorulmadan, dayanmadan böyük bir məqsədə xidmət edir və əbədi mübarizəyə həsr olunur. Mehriban Əliyevanı xalqımıza ən çox sevdirən isə onun prinsipləridir. Bu prinsiplərin əsasında çox sadə bir ideya dayanır: insanlara yaxşılıq etmək.
Azərbaycanın birinci xanımının bu günədək layiq görüldüyü çoxsaylı beynəlxalq mükafat və təltiflərin bir qismi onun UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri kimi gördüyü işlər, mədəniyyətlərarası dialoqa verdiyi töhfələrlə bağlıdır. Eyni zamanda, Mehriban Əliyeva mədəniyyətin təbliği və beynəlxalq mədəniyyət mübadiləsi, elm, səhiyyə, idman, təhsil, texnologiya və ekologiyanın inkişafı işinə verdiyi töhfələrə, həmçinin ictimai, sosial və mədəni həyatda fəal iştirakına, mədəniyyətimizin dünyada təbliği sahəsində əvəzsiz xidmətlərinə, ümumdünya mədəni irsinin qorunub saxlanması işinə hərtərəfli dəstəyinə, sosial ədalət və humanizm prinsiplərinə sadiqliyinə görə çoxlu beynəlxalq mükafatlara layiq görülüb. Mehriban xanım isə hesab edir ki, ən böyük mükafatı xalqın ona olan sevgisi, inamı və etimadıdır.
Mehriban xanım Əliyevanın həyata keçirdiyi böyük missiya Azərbaycan qadınının hüquqlarının yüksək səviyyədə təmin edilməsinə sübut və bütün xalqımız üçün örnəkdir. Mehriban xanım Əliyevanın fəaliyyəti cənab Prezident İlham Əliyevin həyata keçirdiyi uğurla tamamlayır. Azərbaycanın Birinci xanımı Mehriban xanım Əliyevanın fədakarlığı mədəniyyətimizə, tariximizə, adət-ənənələrimizə bağlılığı ilə qadınlarımızın haqq işinin önündə getməyə və ən böyük mükafat olan ümümxalq sevgisinə layiq olduğunu sübut edir. Hörmətli Mehriban xanım Əliyeva ad gününüz mübarək!

Teymur Hacıyev

Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi