Tehrandakı səfirliyimizdə terrorçunu zərərsizləşdirən qəhrəmanımız yenidən əməliyyat olundu

130

Tehrandakı səfirliyimizdə terrorçunu zərərsizləşdirən qəhrəmanımız yenidən əməliyyat olundu

Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum edən cinayətkarı zərərsizləşdirən Vasif Tağıyev ötən gün yenidən əməliyyat olunub.

Bunu Oxu.Az-a açıqlamasında onun anası Təranə Tağıyeva bildirib.

O bildirib ki, oğlunun çənə sümüyü üzərində əməliyyat olunub:

“Hücum zamanı Vasifə iki güllə dəymişdi. Çənəsinin bərpası üçün implant qoyulmuşdu. Əməliyyat edib, onları çıxardılar. İki həftə yemək yeməyində çətinliklər olacaq”.

O qeyd edib ki, Vasifin vəziyyəti yaxşıdır.

Xatırladaq ki, V.Tağıyev hücum zamanı altı qəlpə yarası almış və əməliyyat olunmuşdu.

27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30-da Azərbaycan Respublikasının İrandakı səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı – Mahir İmanov və Vasif Tağıyev – hücumun qarşısını alarkən yaralanıb.

Öldürülən baş leytenant O.Əsgərov yanvarın 30-da İkinci Şəhidlər xiyabanında torpağa tapşırılıb.

İlhamə Əbülfət