Azərbaycanın taleyini dəyişən Milli Qurtuluş Günü

329

Azərbaycanın taleyini dəyişən Milli Qurtuluş Günü

Azərbaycannın tarixində mühüm əhəmiyyətli elə günlər olmuşdur ki, həmin günlərdə ölkənin, xalqın gələcək həyatını müəyyən edən mühüm başlanğıcların bünövrəsi qoyulmuşdur. Belə tarixlərdən biri də 15 iyun-Milli Qurtuluş Günüdür. Həmin gün xalqımızın, ölkəmizin həyatında mühüm siyasi-ictimai əhəmiyyətli bir gündür. Həmin tarixin yaradıcısı yenə də bu il 100 illik yubileyini böyük təntənə ilə, dövlət səviyyəsində qeyd etdiyimiz, müstəqilliyimizin qorunmasında, möhkəmlənməsində müstəsna xidmətləri olan, xalqına arxalanan Ümummilli Lider Heydər Əliyev olmuşdur.

Məlum məsələdir ki, XX əsrin sonlarında yenidən müstəqillik qazanmaq kimi tarixi fürsət qazanan Azərbaycan az vaxtdan sonra onun itirilmək təhlükəsi ilə qarşılaşdı. Ölkədə böhranlı vəziyyət yarandı. . Vətəndaş müharibəsi dərəcəsinə yüksəlmiş qarşıdurma həm dövlət müstəqilliyimizi, həm də milli mövcudluğumuzu  təhlükə altına saldı. Həmin dövrdəki xaotik vəziyyəti Heydər Əliyev belə qiymətləndirmişdi: “…Azərbaycan böyük təhlükə qarşısında idi. Çünki Azərbaycanın müstəqil yaşamasının əleyhinə olan həm daxildəki qüvvələr güclü idi, həm də Azərbaycan kimi böyük coğrafi-strateji əhəmiyyətə, zəngin təbii sərvətlərə malik olan ölkənin tam müstəqil olması başqa ölkələrdə bəzi dairələri qane etmirdi. Ermənistanın Azərbaycana etdiyi təcavüz və bunun nəticəsində Azərbaycanın zəifləməsi, məğlubiyyətə uğraması, ikinci tərəfdən də daxildə hakimiyyət çəkişməsi 1992-ci ilin iyun ayında hakimiyyətə gəlmiş qüvvələri bir ildən sonra hakimiyyətdən saldı, xalq özü saldı”.

Ərazilərimizin ermənilər tərəfindən işğal edilməsi, əhalinin sosial vəziyyətinin ağırlaşması, ölkədə güclü bir liderə ehtiyac olduğunu şərtləndirdi.

Cəmiyyətin bütün təbəqələri əmin idi ki, müstəqilliyini yenicə bərpa etmiş ölkəni belə bir ağır və mürəkkəb vəziyyətdən çıxara biləcək  dahi şəxsiyyət yalnız  Heydər Əliyev ola bilər. Xalqı Heydər Əliyevin ətrafında sıx birləşməklə özünün gələcək taleyini həll etmək niyyətində idi. Beləliklə, 1993-cü il iyunun 9-da ulu öndər Heydər Əliyev xalqın çağırışına səs verərək Bakıya qayıtdı və Azərbaycan Xalq Cümhuriyyətinin taleyindən daha dəhşətli hadisələrin gözlənildiyi ölkəmizi bəlalardan, müsibətlərdən xilas etdi. Həmin gün, sözün həqiqi mənasında, ölkəmizin taleyində dönüş anı oldu, böyük qurtuluşa doğru mühüm addım atıldı. Xalqımızı nicata aparan yol bilavasitə həmin gündən başlandı.

İyun ayının 15-də Heydər Əliyev Azərbaycan Ali Sovetinə sədr seçildi və bütün çətinliklərə rəğmən, xalqın qurtuluşu missiyasını- belə bir ağır missiyanı öz üzərinə götürdü.

Ümummilli Lider: “Mənim həyatım da, fəaliyyətim də yalnız və yalnız Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına, ölkəmizin bu ağır vəziyyətdən qalxmasına həsr olunacaqdır”, – deyərək problemlərin həlli üçün xalqı vətəndaş həmrəyliyinə, sabitliyə çağırdı: “Əgər respublikada ictimai-siyasi sabitlik olmasa, sağlam ictimai-siyasi mühit olmasa, heç bir sosial-iqtisadi proqramdan, yaxud problemlərin həll edilməsindən söhbət gedə bilməz”. Heydər Əliyev öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qorudu, respublikanı məhvə sürükləyən ictimai-siyasi böhranı aradan qaldırdı, gələcək inkişafın təməlini qoydu. Beləliklə də,  ölkədə uzun illər davam edən gərginliyin, qarşıdurmanın qarşısı alındı, respublikamız vətəndaş müharibəsindən və parçalanma təhlükəsindən xilas oldu.

Nəticədə xalqın dərin sevgisini qazanan Ümummilli Lider 1993-cü il oktyabrın 3-də xalqımızın böyük əksəriyyəti tərəfindən Prezident seçildi. Ölkəmiz müstəqil və sürətli inkişaf yoluna qədəm qoydu.

Heydər Əliyevin uzaqförən siyasəti nəticəsində bu gün dünyada Azərbaycanın nüfuzu gündə-günə artır. Beləliklə, bu mühüm tarixi gün xalqımızın yaddaşına Milli Qurtuluş Günü kimi həkk oldu və 1997-ci ildən etibarən parlamentin qərarı ilə rəsmi bayram kimi qeyd edilir.

Ümummilli Liderin müdrikliyi və qətiyyəti sayəsində Azərbaycan müstəqil, demokratik və dünyəvi dövlət kimi inkişaf etməyə başladı. Respublikanın qarşısında duran problemlər mərhələlərlə həll olundu, əmin-amanlıq, siyasi sabitlik yarandı.    İctimai-siyasi, sosial-iqtisadi, elmi və mədəni həyatda əsaslı dönüş başlandı, xalqımızın bütövlüyü, milli birliyi təmin edildi.

Beynəlxalq aləmdə Azərbaycana münasibətdə artan inam və marağın nəticəsində 1994-cü ilin sentyabrında “Əsrin müqaviləsi”nin imzalandı, Heydər Əliyevin rəhbərliyi ilə respublikamız qədim İpək Yolunun bərpası, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz xətlərinin çəkilişi kimi qlobal layihələrin fəal iştirakçısı, təşəbbüskarı oldu.

Heydər Əliyevin xalqımız və tariximiz qarşısında ən böyük xidmətləri Azərbaycan dövlətçiliyini xilas etməsində, ölkəmizi parçalanıb yox olmaq təhlükəsindən qurtarmasında idi. Bugünkü Azərbaycan Heydər Əliyevin görmək istədiyi Azərbaycandır.

Ölkəmizin qazandığı bütün müvəffəqiyyətlərin bünövrəsində Ümummilli Lider tərəfindən müəyyənləşdirilən siyasi kurs və Prezident İlham Əliyevin bu siyasi kursu uğurla davam etdirməsi faktı dayanır. Həmin siyasi kursun həyata keçirilməsi nəticəsində Azərbaycan gələcəkdə daha böyük uğurlara imza atacaq. Çünki ölkənin idarəsi gənc olsa da, siyasi istiqamətdə təcrübəsi olan, biliyi, tədbirli olması ilə bir çox dövlət başçılarından yüksəkdə dayanan, ən əsası isə, Ulu Öndər Heydər Əliyevin yanında xüsusi məktəb keçmiş, onun siyasi varisi Prezident İlham Əliyevin əlindədir.

İnanırıq ki, müstəqil Azərbaycan Heydər Əliyev ideyaları işığında Prezident İlham Əliyevin rəhbərliyi ilə daha gözəl nailiyyətlərə imza atacaq.

 

Rəşad Müradov

Salyan RIH Başçısının köməkçisi