“HEYDƏR ƏLİYEV – 100”

274

“HEYDƏR ƏLİYEV – 100”

Ulu Öndərin ömür yolu Vətənə və xalqa xidmət nümunəsidir

Demokratik tərəqqi yolunu seçən, dünyəvi dəyərlərə əsaslanan, Şərq mentalitetini qorumaqla beynəlxalq təsisatlarla sıx işbirliyi quran Azərbaycanın dünya birliyində öz yerini müəyyən etməsində ümummilli lider Heydər Əliyevin misilsiz rolu var. Ulu Öndərin rəhbərliyi ilə ölkəmizdə xüsusi diqqət yetirilən məqamlardan biri insan hüquqlarının ən yüksək səviyyədə qorunması, söz, fikir azadlığının təmin edilməsi və bu qəbildən olan digər məsələlər olub. Bu mənada Ümummilli Liderin milli dövlətçiliyin möhkəmləndirilməsi istiqamətində atdığı vacib addımlar sırasında insan amilinə yüksək dəyər verən hüquq sisteminin qurulması və inkişaf etdirilməsinin xüsusi yer tutması tamamilə təbii xarakter daşıyıb.

Ulu öndər Heydər Əliyevin idarəçiliyində humanizm prinsiplərinin prioritet istiqamət təşkil etməsi, insan hüquq və azadlıqlarının reallaşdırılması və yüksək səviyyədə müdafiəsinə hər cür şərait yaradılması dünyanın siyasi səhnəsinə artıq müstəqil dövlət kimi qədəm qoyan Azərbaycan dövlətçiliyinin mahiyyətində dayanan əsas məqamlardan birini təşkil edib. Beləliklə, həm də mütərəqqi demokratik ideyalara sadiq olan Ümummilli Liderin rəhbərliyi ilə Azərbaycanda dünyəvi, hüquqi, demokratik dövlət quruculuğu başlanıb, bunun üçün daim təkmilləşdirilən möhkəm hüquqi baza formalaşdırılıb. Bu məqsədlə zamanın tələblərinə cavab verən genişmiqyaslı hüquqi islahatların reallaşdırılmasına həmişə Ulu Öndərin rəhbərliyi altında xüsusi diqqət yetirilib, yerli qanunvericilik bazası qabaqcıl beynəlxalq təcrübəyə müvafiq olaraq daha təkmilləşdirilərək mükəmməl formaya salınıb.

Ölkəmizdə həyata keçirilən hüquqi islahatlara tarixi prizmadan nəzər salsaq, görərik ki, müasir hüquq sisteminin keçdiyi inkişaf yolunun ilkin mərhələsində azad cəmiyyətin formalaşmasına, demokratik, hüquqi dövlət quruculuğuna, qanunun aliliyinin təmin olunmasına, müstəqil ədalət mühakiməsinin həyata keçirilməsinə yönəlmiş hüquqi islahatların konsepsiyası işlənib hazırlandı. Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan və 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilən Əsas Qanun müstəqil Azərbaycanın ilk Konstitusiyasıdır.

Əsas hüquqi təminatları müəyyən edən Konstitusiyanın qəbul olunması hüquqi islahatlar üçün şərait yaratdı. 1996-cı il fevralın 21-də Prezident Heydər Əliyevin təşəbbüsü ilə yaradılan Hüquqi islahatlar komissiyası hüquqi islahatların prioritetlərini müəyyən etdi və Sovet İttifaqından qalmış hüquq sisteminin fəlsəfəsini tamamilə dəyişdirdi. Mahiyyət etibarı ilə hüquqi islahatlar qanunların və digər normativ hüquqi aktların hazırlanması, hüquqi informasiya sisteminin genişləndirilməsi, məhkəmə və bütövlükdə hüquq-mühafizə sisteminin islahatı, qanunların əhali arasında təbliği və öyrənilməsi kimi tədbirləri özündə ehtiva edir. Komissiya tərəfindən hazırlanmış “Məhkəmələr və hakimlər haqqında” və “Konstitusiya Məhkəməsi haqqında” qanunlar ölkəmizdə məhkəmə sisteminin yaradılmasına və fəaliyyət göstərməsinə imkan yaratdı.

Daim Azərbaycanın demokratik və bəşəri dəyərlərə sadiq müstəqil bir dövlət kimi formalaşmasına dünya birliyində layiqli yer tutmasına çalışan ulu öndər Heydər Əliyev ölkənin Əsas Qanununa bələdiyyələrin təşkilinin ümumi prinsiplərini təsbit edən ayrıca fəsil əlavə etməklə dövlət idarəetməsinə yeni anlayış gətirdi. Azərbaycan Respublikasında yeni mexanizm olan bələdiyyələrin təşkil olunması və seçkilərin keçirilməsi üçün bələdiyyələr haqqında, bələdiyyələrə seçkilər haqqında, bələdiyyələrin səlahiyyətləri və vəzifələri haqqında bir neçə normativ hüquqi aktlar qəbul olundu.

Ölkəmizdə aparılan hüquq islahatlarının mühüm tərkib hissəsi olaraq dövlət və yerli özünüidarə orqanları, vəzifəli şəxslər tərəfindən pozulan insan hüquqları və azadlıqlarının bərpa edilməsi məqsədilə 2001-ci ildə demokratik dövlətlərin hüquq sistemində mühüm rol oynayan qeyri-məhkəmə müdafiə mexanizmi – Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) institutu yaradıldı. Qanunvericilik tədbirləri çərçivəsində yeni hüquq sisteminin fəaliyyət göstərməsi üçün Cinayət, Cinayət-Prosessual, Mülki, Mülki Prosessual, Əmək, Ailə, İnzibati Xətalar, Gömrük, Vergi və digər məcəllələri, “Notariat haqqında”, “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında”, “Təhqiqat, istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında”, “Vətəndaşların hüquq və azadlıqlarını pozan qərar və hərəkətlərdən məhkəməyə şikayət edilməsi haqqında” və digər qanunlar qəbul edildi.

Avropa Şurasına üzvlük ərəfəsində Azərbaycan ümumavropa hüquq məkanına inteqrasiya olunmağa başladı. Ölkəmiz 2001-ci il yanvarın 25-də Avropa Şurasına üzv qəbul edildi, Avropa İnsan hüquqları Konvensiyasına qoşuldu və bununla Avropa İnsan hüquqları Məhkəməsinin yurisdiksiyasını qəbul etdi. Azərbaycanın Avropa Şurasının sənədlərinə qoşulması milli qanunvericiliyin təkmilləşməsi, Avropa standartlarına cavab verən yeni qanunların qəbul edilməsi prosesini daha da sürətləndirdi.

Milli insan hüquqları standartlarının Avropa İnsan hüquqları Konvensiyasına uyğunlaşdırılması məqsədilə 2002-ci ilin dekabrında “Azərbaycan Respublikasında İnsan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Konstitusiya Qanunu qəbul edildi. Beləliklə, ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında Azərbaycanda həyata keçirilən hüquqi islahatların birinci mərhələsində demokratik ədalət mühakiməsi prinsiplərinə əsaslanan yeni üçpilləli məhkəmə sistemi, konstitusiya nəzarəti, insan hüquqları üzrə müvəkkil kimi yeni təsisatlar yaradıldı, hüquq mühafizə fəaliyyəti təkmilləşdirildi, qeyri-hökumət təşkilatlarının, kütləvi informasiya vasitələrinin fəaliyyəti genişləndi.

Ümummilli lider Heydər Əliyevin başqa sahələrdə olduğu kimi, ölkəmizin hüquq sistemində də fəaliyyətin yüksək tələblər səviyyəsində qurulması üzrə xidmətləri öz bəhrəsini bu gün də verməkdədir. Onun başladığı köklü islahatların nəticəsidir ki, müasir Azərbaycan hüquq sisteminin inkişafı davamlı prosesə çevrilmişdir. Həyata keçirilən səmərəli hüquqi islahatlar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Onun tərəfindən imzalanan fərman və sərəncamlar qısa dövr ərzində ölkəmizin dinamik yüksəlişini təmin etmiş və həyata keçirilən islahatlara yeni təkan vermişdir.

Ümummilli lider Heydər Əliyevin hüquqi siyasət kursunu davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev hüquq sisteminin və ədalət mühakiməsinin səmərəliliyinin artırılması məqsədilə bir sıra mühüm təşəbbüslərlə çıxış edir. Məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi üzrə, eyni zamanda, inkişafını təmin etmək məqsədi ilə müvafiq tədbirlər həyata keçirilir. İqtisadiyyatın inkişafı üçün əlverişli şəraitin yaradılması, dövlət və yerli idarə orqanlarının fəaliyyətinin səmərəliliyinin artırılması, korrupsiyaya qarşı mübarizənin normativ və institusional əsaslarının təkmilləşdirilməsi, eləcə də korrupsiyaya qarşı mübarizə ilə əlaqədar götürülmüş öhdəliklərin həyata keçirilməsi məqsədilə bir sıra tədbirlər görüldü. 2004-cü il yanvarın 13-də Avropa Şurası ilə əməkdaşlıqda hazırlanmış “Korrupsiyaya qarşı mübarizə haqqında” Qanun qəbul edildi və 2004-cü il sentyabrın 3-də Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Proqramı (2004-2006-cı illər) prezident tərəfindən təsdiq olundu. Dövlət proqramı normativ-hüquqi aktların qəbul edilməsi, dövlət qulluğuna qəbul və dövlət orqanlarının fəaliyyətində şəffaflığın təmin edilməsini, o cümlədən iqtisadi və sosial sahədə, dövlət orqanları, o cümlədən hüquq-mühafizə orqanlarının fəaliyyəti sahəsində tədbirlərin, maarifləndirmə və beynəlxalq əməkdaşlığın həyata keçirilməsini və s. məsələləri nəzərdə tutur.

Ölkəmizdə baş verən sürətli sosial-iqtisadi inkişafı nəzərə alaraq, Avropanın siyasi, iqtisadi və hüquq məkanına inteqrasiyanı dövlət siyasətinin prioritetləri sırasına qaldıraraq demokratik cəmiyyətlərə xas məhkəmə-hüquq sisteminin fəaliyyətinə, insan hüquqlarının etibarlı müdafiəsinə nail olmaq üçün Azərbaycan Respublikasının Prezidenti mühüm təşəbbüslərlə çıxış edir. Belə ki, hüquq sisteminin və ədalət mühakiməsinin səmərəliliyinin artırılması məqsədilə qanunvericilik və institusional islahatlar daha da dərinləşdirilir. Praktiki tədbirlərin dairəsi isə genişləndirilir. Ədalət mühakiməsinin inkişafında keyfiyyətcə yeni dəyişikliklər baş verir.

Hüquq islahatların uğurlu olması üçün, ilk növbədə, onun təməlində sistemli, ardıcıl və elmi cəhətdən əsaslandırılmış hüquq siyasəti durmalıdır. Bu gün qanunun aliliyinin gücləndirilməsi, insan hüquqlarının qorunması və sair dövlətin hüquq siyasətinin mərkəzində dayanır və bununla bağlı ölkəmizdə mükəmməl qanunvericilik bazası yaradılaraq dinamik inkişaf edir. Son illər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən imzalanmış fərman və sərəncamlar vətəndaşlarımızın sosial-iqtisadi inkişafına, əhalinin rifahının yaxşılaşmasına xidmət edir.

Əminliklə deyə bilərik ki, Azərbaycan Respublikası Prezidentinin apardığı uğurlu siyasətin əsas istiqamətlərindən biri olan hüquq sisteminin müasirləşdirilməsi konsepsiyası çərçivəsində həyata keçirilən islahatlar ədalət mühakiməsini keyfiyyətcə yeni səviyyəyə qaldıracaq, hüquq sisteminin davamlı müasirləşməsini təmin edəcək.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin başçılığı ilə ölkəmizin hüquq sistemində aparılan uğurlu islahatlarla yanaşı, Azərbaycanın iqtisadi gücü artırılıb, Silahlı Qüvvələri hərtərəfli və uzun müddət təmin edə biləcək davamlı baza yaradılıb. Məhz Prezidentin apardığı uğurlu siyasətin nəticəsidir ki, şanlı Ordumuz 44 günlük Vətən müharibəsində mənfur düşməni məğlub edərək, 30 ildən sonra əzəli torpaqlarımızı işğaldan azad edib.

Vətən müharibəsinin başlandığı 2020-ci il 27 sentyabr tarixindən bütün xalq Ali Baş Komandanın ətrafında daha sıx birləşdi. Yüksək vətənpərvərlik ruhuna malik on minlərlə Azərbaycan gəncləri cəbhəyə könüllü getmək üçün müraciət etdilər. Yaşından, peşəsindən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşı torpaqlarımızın azad edilməsi üçün əlindən gələni əsirgəmirdi. Xalq misli görünməmiş həmrəylik nümayiş etdirdi ki, bu da Xalq-Prezident birliyinin, xalqın ölkənin liderinə dərin inamının parlaq nümunəsi idi və bu birlik qələbəmizin təminatı oldu.

Ordumuzun tarix yazdığı 44 gün ərzində Prezident İlham Əliyevin dünyanın mötəbər kütləvi informasiya vasitələrinə verdiyi müsahibələrində beynəlxalq hüquqi normalar çərçivəsində olan Azərbaycanın haqlı mövqeyi tamlığı ilə sərgiləndi.

Azərbaycanın çiçəklənməsi, beynəlxalq miqyasda daha yüksək imiclə tanınması, ölkəmizin dünyada söz və nüfuz sahibi olmasında Prezident İlham Əliyevlə yanaşı, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın xidmətləri əvəzsizdir. Mehriban Əliyevanın müstəqil dövlətimizin inkişafına verdiyi böyük töhfələr göz qabağındadır.

Bu gün xalqımız ulu öndər Heydər Əliyevin siyasi varisi – yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar şəxsiyyət kimi dünya siyasətində özünəməxsus yer tutan Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşib.

Öz şərəfli fəaliyyəti ilə ölkəmizi və xalqını əlçatmaz zirvələrə ucaltmış ümummilli lider Heydər Əliyev bu gün hər birimizin qəlbində yaşayır. Azərbaycanın bugünkü və gələcək nəsillərinin Heydər Əliyevin şərəfli adı və ölməz ruhu qarşısında müqəddəs borcu onun şah əsəri olan müstəqil Azərbaycan dövlətinin daha da çiçəklənməsi və qüdrətlənməsi, xalqımızın rifahı naminə fədakarlıqla çalışmaq, milli birliyimizə sədaqətlə xidmət etmək.

Ziyəddin Quliyev
“Azərenerji” ASC-nin vitse-prezidenti