“Mən yer üzündə müəllimdən yüksək ad tanımıram

637

“Mən yer üzündə müəllimdən yüksək ad tanımıram

Ümummilli lider Heydər Əliyev: Mən yer üzündə müəllimdən yüksək ad tanımıram. Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi vardır. Məhz müəllim doğma yurdumuzu sevməyi, hamının rifahı naminə vicdanla işləməyi müdrikliklə və səbirlə bizə öyrətmiş və öyrədir. Hər birimizin öz müəllimi vardır və biz bütün ömrümüz boyu onun xatirəsini hörmətlə, minnətdarlıqla qəlbimizdə yaşadırıq.

Müəllim müqəddəsdir, bütün dövrlərdə bu peşə sahiblərinin üzərinə böyük vəzifələr düşüb. İnsanlara bilik vermək, elm öyrətmək  kimi mühüm vəzifənin öhdəsindən onlar gəlir.
Hər birimiz üçün müəllim doğma və əzizdir. Çünki müəllim bizə təhsil verir, dərs öyrədir, yol göstərir, daim qayğımıza qalır. Buna görə də müəllimlərimizi böyük ehtiram və hörmətlə xatırlayırıq. Öyrəndiklərimizə görə həmişə onlara minnətdarıq.
Müəllimlər cəmiyyətin memarlarıdır desək, yəqin ki, səhv etmərik. Bu danılmaz bir həqiqətdir ki, hər kəsin layiqli vətəndaş kimi formalaşmasında müəllimlərimizin əvəzsiz xidmətləri vardır.
Ümummilli liderimiz Heydər Əliyev həmişə müəllim əməyini yüksək qiymətləndirirdi. Dahi şəxsiyyət öz müəllimlərini minnətdarlıqla xatırlayar, onların xidmətləri haqqında ürəkdolusu danışardı. Ulu Öndər ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə həmişə müəllimə hörmət və ehtiramla yanaşıb, onların maddi rifah halının qayğısına qalıb. “Mən yer üzündə müəllimdən yüksək ad tanımıram. Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi vardır. Məhz müəllim doğma yurdumuzu sevməyi, hamının rifahı naminə vicdanla işləməyi müdrikliklə və səbirlə bizə öyrətmiş və öyrədir. Hər birimizin öz müəllimi vardır və biz bütün ömrümüz boyu onun xatirəsini hörmətlə, minnətdarlıqla qəlbimizdə yaşadırıq”.
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində Sənaye və Texnologiya Kollecində də öz peşəsinə, sənətinə ürəkdən bağlı olan müəllimlər tədris etdikləri fənləri gələcəyin alimləri olacaq tələbələrə sevgi və məhəbbətlə aşılayırlar. Onlar tədris otaqlarına qürur hissləri ilə daxil olurlar. Ona görə ki, sabahın ziyalısına – dövlətə xidmət edəcək şəxslərə dərs deyirlər.
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində Sənaye və Texnologiya Kollecinin direktoru Faiq Şahbazlı da müəllimlər haqqında xoş sözlər dedi. Bildirdi ki, müəllimlərimiz öz işlərinə böyük məsuliyyət və diqqətlə yanaşır, fənləri tələbələrə əhatəli və geniş öyrətməyə çalışırlar. Əməkdar müəllim, tanınmış dilçi, Qabaqcıl təhsil işçisi Faiq müəllim söhbətində öz peşəsinə məsuliyyətlə yanaşan müəllimlərdən bir neçəsinin adlarını çəkdi.
Tədris otaqlarına üz tuturuq. Fənn müəllimi dərs dediyi sinif otağının qapısını döyüb  içəri daxil oluruq. Müəllim dərsin mövzusunu tələbələrə izah edir. Bu vaxt zəng vurulur, tələbələr fasiləyə çıxırlar. Müəllimlə söhbət edirik. O, müəllimlik peşəsindən böyük sevgi ilə söz açaraq deyir:
– Müəllimlik şərəfli işdir, çünki o, öz həyatını xalqın gələcəyinə həsr edir. Müəllimlik məsuliyyətli işdir, çünki gələcək nəsillərin böyüməsində və tərbiyə olunmasında həlledici rol oynayır. Mən də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində Sənaye və Texnologiya Kollecində çalışmağımdan qürur duyuram, gələcəyin ziyalılarına dərs deməkdən iftixar hissləri keçirirəm.

Bizdə redaksiyamız adından başda Əməkdar müəllim Faiq Şahbazlı olaraq Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində Sənaye və Texnologiya Kollecinin bütün müəllim kollektivinə işlərində uğurlar arzu edirik. Arzu edirik ki, dərs dediyi tələbələrin hər biri dövlətimizə və dövləyçiliyimizə xidmət etsinlər. Doğma Azərbaycanımızın rifahının daha da yaxşılaşmasına səy göstərsinlər.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində Sənaye və Texnologiya Kollecinin direktoru Faiq Şahbazlıya dərin təşəkkürümüzü bildiririk.

Şahmar Zərdabi

Baş redaktor