“Yeni Azərbaycan Partiyası – Azərbaycanı yüksəliş və tərəqqi yoluna çıxaran partiya”

373

“Yeni Azərbaycan Partiyası – Azərbaycanı yüksəliş və tərəqqi yoluna çıxaran partiya”

Yeni Azərbaycan Partiyası 30 illik fəaliyyəti dövründə ümummilli liderimiz Heydər Əliyevin müəyyən etdiyi ideyalara əsaslanaraq çox böyük və şərəfli yol keçib. Prezident İlham Əliyevin dediyi kimi: “Bu gün Azərbaycanda bizim partiyamıza rəqib ola biləcək hər hansı bir siyasi qüvvə mövcud deyil. Yeni Azərbaycan Partiyası, sözün əsl mənasında, ümumxalq partiyasına çevrilibdir. Cəmiyyətimizin bütün təbəqələri partiyamızda birləşib”.

Təkcə Azərbaycanın deyil, eyni za­manda, Cənubi Qafqazın da ən böyük siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasının ölkəmizin müstəqillik dövrü siyasi tarixində yerini və rolunu dəyərləndirmək üçün onun yarandı­ğı mürəkkəb tarixi şəraitə və keçdiyi öyünclü yola nəzər salmaq lazımdır. Əvvəla, belə bir həqiqəti yada salaq ki, YAP ictimai-siyasi zərurətdən yaranan ümumxalq partiyasıdır. O zaman– ötən əsrin 90-cı illərinin əvvəllərində ölkəmizdə hökm sürən xaos, anar­xiya və hərc-mərclik Azərbaycanın yenicə qazandığı müstəqilliyini itirmək təhlükəsi yaratmışdı.

O dövrdə xalqı meydanlarda şirin vədlərlə aldadaraq toplayan, hakimiyyəti zorla ələ keçirmiş səriştəsiz qüvvələr ölkəni dərin siyasi böhran­dan xilas etmək iqtidarında deyildi. Bu hadisənin fonunda ölkəmizin üzləşdiyi siyasi, iqtisadi böhran və tənəzzül meyilləri, həmçinin mənəvi-ideoloji kataklizmlər Yeni Azərbaycan Partiya­sının yaranmasını zəruri etdi. Belə bir şəraitdə 91 nəfər ziyalı yeni yaranacaq Yeni Azərbaycan Partiyasına rəhbərlik etməyə razılıq verməsi üçün 1992-ci il oktyabrın 16-da ulu öndər Heydər Əliyevə müraciət etdilər.

Ümummilli lider Heydər Əliyev ziyalılara göndərdiyi 24 oktyabr 1992-ci il tarixli cavab məktubunda Yeni Azərbaycan Partiyasının yaradılmasına və ona rəhbərlik etməyə razılıq verdi. 1992-ci il noyabrın 21-də Naxçıvanda çox çətin bir şəraitdə keçirilən təsis konfransında Yeni Azərbaycan Parti­yasının yaradılması elan edildi və ulu öndər Heydər Əliyev partiyanın sədri seçildi. Dünya miqyaslı siyasət və dövlət xadimi Heydər Əliyevin nadir şəxsiyyəti və azərbaycançılıq ideyaları ətrafında formalaşan Yeni Azərbaycan Partiyası qısa müddətdə təşkilatlandı və tarixi fəlakət günlərində xalqın dəstəyi və öz liderinin xilaskarlıq mis­siyasına dəstək verərək 1993-cü ildə hakimiyyətə gəldi.

Yarandığı gündən YAP-ın ümum­milli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilən və uğurla tətbiq edilən əsas proqram məramı Azərbaycanın dövlət müstəqilliyinin qo­runub möhkəmləndirməkdən, ərazi bü­tövlüyünü təmin etməkdən, demokratik, hüquqi, dünyəvi cəmiyyət qurmaqdan, ictimai-siyasi sabitlik, milli həmrəylik, güclü və sosialyönümlü iqtisadiyyat yaratmaqdan ibarət olub. Partiya ötən 30 ildə öz amal və məqsədlərinə uyğun fəaliyyət göstərib.

Yeni Azərbaycan Partiyası qarşı­sına qoyduğu vəzifələri öz fəallarının nümunəvi fəaliyyəti və xalqın geniş dairələrinin rəğbət və dəstəyi şəraitində gerçəkləşdirməyə nail olan mobil bir siyasi qüvvədir. Qətiyyətlə demək lazımdır ki, YAP ulu öndər Heydər Əliyevin ideyaları əsasında irəliləyərək müstəqil dövlət quruculuğu naminə yüksəliş yolu keçib. Azərbaycan cəmiyyətinin avanqard siyasi qüvvəsi kimi Yeni Azərbaycan Partiyası xalqımızın qarşısında duran vəzifələrin yerinə yetirilməsinə özünün layiqli töhfələrini verib və bu məram bu gün də uğurla gerçəkləşdirilir. YAP öz səmərəli fəaliyyəti ilə etibarlı gələcəyinin təmin olunmasında da apa­rıcı rol oynayır.

Yeni Azərbaycan Partiyası həm Avropanın, həm də Asiyanın bir çox ölkələrinin aparıcı siyasi partiyaları ilə ikitərəfli və çoxtərəfli əlaqələrini inkişaf etdirib, partiyalar səviyyəsində beynəlxalq qurumlarda uğurla təmsil olunub. Eyni zamanda, partiyamı­zın çoxşaxəli beynəlxalq əlaqələrini uğurla davam etdirməsi nəticəsində Azərbaycan həqiqətləri dünya ictimaiyyətinə çatdırılıb.

Azərbaycan Respublikasının Prezidenti, YAP-ın sədri möhtərəm İlham Əliyev partiyanın yaradılmasının 25 illiyinə həsr edilmiş təntənəli yubiley mərasimindəki çıxışında bildirmişdir: “Bu gün partiyamızın fəaliyyəti, ideyala­rı, apardığı siyasət gənc nəsil üçün də cəlbedicidir və bu, çox müsbət haldır. Bu onu göstərir ki, Azərbaycanda bun­dan sonra da uzunmüddətli, dayanıqlı inkişaf təmin olunacaq və partiyanın təbliğ və bəyan etdiyi prinsiplər bu gün xalq tərəfindən tam dəstəklənir. Yeni Azərbaycan Partiyası, sözün əsl mənasında, ümumxalq partiyasıdır. Əminəm ki, növbəti illərdə də partiya­mız liderlik qabiliyyətini özündə sax­layacaqdır. Bu gün partiyamız Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir”.

YAP-nın siyasi kursunun Par­tiyanın sədri, Ali Baş Komandan İlham Əliyev tərəfindən düzgün və uğurla davam etdirilməsi ölkəmizin siyasi, hərbi qüdrətinin artmasında beynəlxalq aləmdəki nüfuzumuzun möhkəmləndirilməsində və ərazi bütöv­lüyümüzün bərpa edilməsində parlaq əksini tapmışdır.

Yeni Azərbaycan Partiyası xalqımıza qazandırdığı qələbələrlə milli maraq­ların və hərtərəfli tərəqqinin siyasi lokomotivi olduğunu dönə-dönə sübut etmişdir. Partiyamızın lideri olan Ali Baş Komandan İlham Əliyevin müdrik və qətiyyətli rəhbərliyi ilə rəşadətli ordumuz 2020-ci ilin payızında düşmənin bir neçə ilə ələ keçirdiyi və 30 il işğal altında saxladığı torpaqlarımızı cəmi 44 gündə azad etdi. Təcavüzkar Ermənistanın quduz hərbi birləşmələri ildırım sürətilə darmadağın edildi. Məhz bunun nəticəsidir ki, son 28 ildə ilk dəfə olaraq müstəqilliyimizin bərpasının ildönümünü ərazi bütövlüyünü təmin etmiş qalib xalq olaraq qeyd etdik.

Bugünlərdə xalqımız Prezident İlham Əliyevin alternativsiz lider olduğunu son­suz ehtiram və böyük qədirbilənlik duyğuları ilə qarşılayır. Yeni Azərbaycan Partiyasının 30 illik yubileyi münasibəti ilə səmimi-qəlbdən təbrik edir, müzəffər Ali Baş Komandanımıza uzun ömür, cansağlığı, ailə səadəti və rəhbərlik etdiyi bütün cəbhələrdə yeni qələbələr arzulayır. Bu əlamətdar tarixin təntənəsinə qoşularaq müstəqil dövlətimizin başçısının və partiyamızın sədrinin apardığı uğurlu daxili və xarici siyasətə bundan sonra da əməli işimizlə dəstək olacağımızı bildiririk.

 

Bağırov Eyvaz Ağabağır oğlu

Yasamal RİH, Böyük məsləhətçi (memar)