Azərbaycanda yol infrastrukturunun inkişafı mühüm prioritetlər sırasındadır

400

Azərbaycanda yol infrastrukturunun inkişafı mühüm prioritetlər sırasındadır

Yeni yolların çəkilişi ölkənin bütün bölgələrini əhatə edir

 

Bu il əsas diqqət işğaldan azad edilmiş ərazilərin bərpasına və yenidən qurulmasına yönəldilsə də, digər bölgələrdə də bir çox infrastruktur layihələri həyata keçirilir.

Prezident İlham Əliyev hələ ilin əvvəlində bildirmişdi ki, Qarabağdakı quruculuqla yanaşı, respublikanın başqa rayon və şəhərlərində nəzərdə tutulan işlər qaydasında davam edəcək. Bu istiqamətdə bir çox işlər artıq tamamlanıb, hətta yeni layihələrə start verilib.

İnfrastruktur layihələri sırasında yol çəkilişi ön yerlərdən birini tutur. Çünki yollar yeniləndikcə ölkədə iqtisadi həyat daha da canlanır, kənd təsərrüfatı, turizm və digər sahələrdə inkişaf sürətlənir. Yolların müasir səviyyədə inşası eləcə də əhalinin rahatlığını təmin edən əsas sosial amildir.

Cari ilin ötən ayları ərzində bir sıra yolların tikintisi, yaxud təmiri başa çatıb. Bu yolların açılışında dövlət başçısının iştirakı onların önəmli olduğuna bir daha diqqət çəkir. Keçən il Aprel ayında Prezident yenidən qurulan Hacıqabul-Muğan avtomobil yolunun açılışını edib. Bu, uzunluğu 11,5 kilometr olan yoldur. Yolun yenidən qurulması 32 min nəfər əhalisi olan 2 yaşayış məntəqəsi arasında əlaqəni gücləndirməyə xidmət edir. Eyni zamanda əhalinin həm Bakı-Ələt-Qazax-Gürcüstanla dövlət sərhədi yoluna, həm də Hacıqabul-Şirvan yolu vasitəsilə digər şəhər və rayonlara rahat çıxışı təmin olunur. Cari ildə də cənab Prezident Ağdam yolunun açılmasında mühüm tapşırıqlar vermişdir və işlər sürətlə davam edir.

Müasir yol infrastrukturunun yaradılması Naxçıvan muxtar respublikada həyata keçirilən sosial-iqtisadi islahatların tərkib hissəsini təşkil edir. Son illər muxtar respublikada müasir standartlara uyğun avtomobil yolları salınıb, mövcud yol-nəqliyyat kompleksi təkmilləşdirilib, yeni körpülər tikilib. Rahat və abad yol isə, qeyd edildiyi kimi, dayanıqlı iqtisadi inkişafı təmin edən əsas amillərdəndir.

Xatırladaq ki, Culfa-Ordubad magistral yolunun inşası Prezident İlham Əliyevin “Naxçıvan Muxtar Respublikasında Culfa-Ordubad magistral avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında” və “Culfa-Ordubad avtomobil yolunun yenidən qurulması ilə bağlı tədbirlər haqqında” sərəncamlarına əsasən inşa olunub.

Eləcə də Qəbələdə 20 min nəfər əhalinin yaşadığı 11 yaşayış məntəqəsini rayon mərkəzindən və digər yaşayış məntəqələrindən ayıran, Bum-Tikanlı-Abrıx avtomobil yolunun 2-ci kilometrliyində Bum çayı üzərində yeni körpü və Bum qəsəbəsinə gedən 2 kilometrlik avtomobil yolu bərpadan sonra istifadəyə verilib. Bum çayı üzərində yeni körpü və yol Qəbələ rayonunun yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında Prezident İlham Əliyevin sərəncamına uyğun olaraq inşa edilib. Uzunluğu 310, eni 9 metr olan körpü sürücülərin və vətəndaşların rahat və təhlükəsiz hərəkətinin təmin edilməsində mühüm rol oynayır.

Goranboy rayonunda Prezidentin iştirakı ilə açılan Əlirzalı-Xan Qərvənd-Səfikürd-Tapqaraqoyunlu avtomobil yolu da sona yaxınlaşmaqda olan ilin yadigarlarındandır. Ümumi uzunluğu 38 kilometr olan yol dövlət başçısının müvafiq sərəncamlarına əsasən tikilib. Bu məqsədlə Prezidentin Ehtiyat Fondundan vəsait ayrılıb. Sözügedən avtomobil yolunun tikintisi 8 yaşayış məntəqəsinin rayon mərkəzi ilə nəqliyyat əlaqəsinin yaxşılaşdırılmasında və təbii ki, bölgədə iqtisadiyyatın, o cümlədən kənd təsərrüfatının inkişafında mühüm əhəmiyyət kəsb edir.

Regionların sosial-iqtisadi inkişafına yönəldilən dövlət proqramlarının həyata keçirilməyə başlandığı 2004-cü ildən bəri ölkəmizdə hər il 1000 kilometrdən çox yeni yol istifadəyə verilir. Prezidentin paytaxtda və bölgələrdə yeni yolların tikintisi barədə son aylarda verdiyi sərəncamlar bu istiqamətdə aparılan işlərin davamlı olduğunu bir daha təsdiqləyir. Belə ki, Kürdəmir rayonunun Ağsu-Kürdəmir-Bəhrəmtəpə (26 kilometr)-Qarasaqqal-Cəyli avtomobil yolunun tikintisi həyata keçiriləcək. Dörd min nəfər əhalinin iki yaşayış məntəqəsini birləşdirən bu yolun tikintisi məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 6 milyon manat ayrılacaq. Xızı rayonunun Giləzi-Xızı (18 kilometr)-Qarabulaq avtomobil yolunun tikintisinə isə 6,4 milyon manat sərf olunması qərara alınıb.

Paytaxtda da bir sıra yeni yollar tikiləcək. Bununla bağlı Prezident müvafiq sərəncamlar imzalayıb. Məsələn, Suraxanı rayonunun Qaraçuxur və Hövsan qəsəbələri ərazisində avtomobil yollarının yenidən qurulması işləri davam etdiriləcək. Həmin rayonda eləcə də Zığ-Hövsan avtomobil yolu yenidən qurulacaq. Prezident Xəzər rayonunun Binə, Buzovna və Qala qəsəbələrində, həmçinin paytaxtın digər ərazilərində avtomobil yollarının yenidən qurulmasına aid sərəncamlar verib.

Mühüm sosial-iqtisadi amil olan yolların tikintisinə belə böyük diqqət bir daha sübut edir ki, Azərbaycan dövlətinin siyasətinin mərkəzində vətəndaşların maraqları dayanır.

İlham Əzimov

28 saylı Yol İstismar İdarəsinin müdiri