Yaşasın müzəffər xalqın, müzəffər ordunun müzəffər Ali Baş Komandanı İlham Əliyev…
30 ildir həsrətində olduğumuz Qarabağın işğaldan azad olunmasına yönəlmiş fəaliyyətimiz, sentyabr ayının 27-dən başlayan “Dəmir Yumruq” əməliyyatı – 44 günlük Vətən Müharibəsi noyabr ayının 10-da Azərbaycan-Ermənistan arasında bəyanatın imzalanması ilə nəticələndi. Belə ki, müzəffər Azərbaycan Ordusu erməni silahlı qüvvələri və Qarabağda formalaşan terror qruplaşmalarını darmadağın etdi. “Dəmir Yumruq” əməliyyatı ilə Azərbaycanın yeni tarixi yazıldı.
“Dəmir yumruq” əməliyyatı adı ilə Azərbaycanın yeni tarixinə yazılan Vətən Müharibəsində rəşadətli Ordumuzun Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazandığı böyük Qələbə müasir Azərbaycan dövlətinin hərbi qüdrətinin və Azərbaycan xalqının qələbə əzminin əyani təsdiqidir. Eyni zamanda bu qələbə qüdrətli Ordu ilə yanaşı, Azərbaycanın iqtisadi və siyasi iradəsini də bütün dünyaya nümayiş etdirdi. Son 17 il ərzində Azərbaycanın iqtisadi qüdrətinin artması güclü ordu quruculuğuna da böyük dərəcədə təsir etdi. Azərbaycanın Vətən müharibəsi zamanı möhtəşəm qələbə qazanması, uzun müddətdir ki, Ermənistanın işğalı altında olan torpaqlarımızın azad olunması, ölkəmizin ərazi bütövlüyünün və tarixi ədalətin bərpa edilməsi, heç şübhəsiz, xalqımızın çoxəsrlik dövlətçilik tarixinin ən şərəfli səhifələrindən biridir. Qüdrətli Azərbaycan Ordusunun 44 günlük Qələbə yürüşü nəticəsində yazılan şanlı qəhrəmanlıq dastanı unudulmaz Zəfər salnaməsi olmaqla yanaşı, dünya hərb tarixinə düşən unikal nümunədir. Əlbəttə, ölkəmizin bu tarixi nailiyyəti təsadüfi xarakter daşımır və ötən müddət ərzində həm ordu quruculuğu sahəsində, həm diplomatiya cəbhəsində görülən işlərin, eyni zamanda, beynəlxalq informasiya müstəvisində Azərbaycan reallıqlarının sistemli və məqsədyönlü şəkildə təbliğinin nəticəsidir.
Müzəffər Azərbaycan Ordusunun və onun sərkərdəsi İlham Əliyev tariximizə yeni bir gün yazdı. Noyabrın 10-da prezident İlham Əliyevin xalqa müraciəti tarixdə yeni gün oldu. “Bu gün ölkəmiz üçün tarixi bir gündür. Bu gün Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə son qoyulur. Hesab edirəm ki, indicə imzalanmış üçtərəfli bəyanat məsələnin həlli istiqamətində son nöqtə olacaqdır”. Bu müraciət xalqın tarixində yeni bir günün başlanmasıdır. Bu elə bir gündür ki, zaman-zaman Azərbaycan xalqını ərənliyini, torpaq uğurunda savaşını, böyüklüyünü, bütövlüyünü, lazım gələndə bir yumruq olaraq birləşməsini yetişən nəsillərə illər, qərinələr, əsrlər sonra belə danışmış olacaq. Bu, Azərbaycanın qələbə sorağıdır.
Mənfur düşmən yenə təxribatlarından əl çəkmir. Sentyabr ayının 13-ü bölmələrimizi atəşə tutaraq təxribatlarla məşğuldurlar. Təəssüf olsun ki, müharibə itkisiz keçmir. Yenə də 73 şəhid verərək torpaqlarımızın bir qarışı belə olsa düşmənə vermədik. Vətənpərvər əsgərlərimiz düşmən qarşısında sinələrini sipər etdilər. Döyüş vaxtı yaralı əsgərlərimizə ilkin tibbi yardımı məhz səhiyyə işçiləri və həkimlərimiz göstərərək öz peşə borcunu yüksək səviyyədə yerinə yetirirlər. Həkim və tibb bacıları əsgərlərimizi özlərinə ən əzizi kimi davranaraq onların sağlamlığına çatmasında böyük hünər nümayiş etdirirlər. Mən çox qürur duyuram ki, səhiyyə sahəsində çalışıram.
Yaşasın Azərbaycan!
Yaşasın cənab Prezident!
Yaşasın Azərbaycan ordusu!
Hümbət Səfərov
“ElMed” klinikasının direktoru
PS: Xüsusilə qeyd etmək istəyirik ki, “ElMed” klinikasının direktoru Hümbət Səfərov dövlət əhəmiyyətli tədbirlərdə özünün vətəndaşlıq borcunu yüksək səviyyədə yerinə yetirərək, həmişə şəhid ailələri, qazilərə və kimsəsizlərə əlindən gələn maddi və mənəvi köməkliyini göstərmişdir. Bizdə redaksiyamız adından Hümbət Səfərova gördüyü vətənpərvər işlərdə ona uğur və müvəffəqiyyətlər arzulayırıq.
Şahmar Zərdabi
Təsisçi – baş redaktor