Ümummilli liderimizin layiqli davamçısı

259

Ümummilli liderimizin layiqli davamçısı

10 NOYABR. Bu tarix əbədiyyətə qədər yaddaşlara, tarixə qızıl hərflərlə yazıldı. Həmin gün tarix yazan, Qarabağı 44 gün içərisində işğaldan azad edən, dövlət rəhbərimiz cənab İlham Heydər oğlu Əliyev QARABAĞIN İŞĞALDAN azad edildiyini böyük sevinc içərisində vurğuladı. On milyon Azərbaycan xalqı sevinc göz yaşlarını tuta bilmədi, şəhid anaları ağladı, şəhid ataları ağladı, şəhid bacıları, qardaşları və ümumiyyətlə hər kəs sevincdən ağladı. Çünki həmin gün Şəhidlərimizin qısası alınmışdı. Bəli, bu gün biz Azərbaycanın ən qürurlu günlərini yaşayırıq. Həmişə deyərdik ki, əgər müharibə başlasa, qısa müddətdə bu problemi həll edəcəyik, düşməni darmadağın edəcəyik. Elə də oldu. Cəmi 44 gün bəs elədi ki, biz düşməni məğlub etdik və haqq öz yerini tapdı. Biz bilirik ki, torpaq su ilə qarışanda palçıq, qan ilə qarışanda Vətən olur. Bizim qəhrəman əsgərlərimiz bunu bir daha sübut etdi. Onlar öz canları və qanları bahasına torpaqlarımızı azad etdilər. Azərbaycan xalqının milli ruhunu, qeyrətini geri qaytardılar. Bu yolda qurbanlarımız da oldu. Mən bütün şəhidlərimizin ruhu qarşısında baş əyirəm. Allah bütün şəhidlərimizin yerini cənnət eyləsin. 1988-ci ildə Qarabağa hücum edən ermənilərin gəlişi nə qədər haylı-küylü idisə, gedişləri də bir o qədər sakit oldu. Heç nəyə gücləri çatmadığından evləri yandırdılar, tarixi abidələrimizə ziyan vurdular. Hətta yandıqlarından ağaclara da od vurub yandırdılar. Onların torpaqlarımıza vurduğu ziyan ölçüyə gəlməz. Prezidentimiz çıxışlarının birində bunu xüsusi vurğulamışdı. Demişdi ki, vurduq­ları ziyanın cəriməsini ödəyəcəklər.

Vətən müharibəsinin bizim qələbəmizlə başa çatmasını Silahlı Qüvvələrimizin Ali Baş Komandanı, Prezident İlham Əliyevdən eşitdik. Son 30 ildə ölkəmizin ən ciddi problemi sayılan Dağlıq Qarabağ münaqişəsi qloballaşan dünyanın hazırkı durumuna uyğun şəraitdə Azərbaycan xalqının xeyrinə həll olundu.
Cənab Prezident Azərbaycan xalqına müraciətində bildirib ki, “İmzalanmış bəyanat bizim şanlı qələbəmizdir. Şadam ki, bu gün bu müjdəni Azərbaycan xalqına verirəm. Bu siyasi qələbənin qazanılmasında hərbi qələbəmiz müstəsna rol oynayır.
Müzəffər Azərbaycan Ordusunun və onun sərkərdəsi İlham Əliyev tariximizə yeni bir gün yazdı. Noyabrın 10-da prezident İlham Əliyevin xalqa müraciəti tarixdə yeni gün oldu. “Bu gün ölkəmiz üçün tarixi bir gündür. Bu gün Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə son qoyulur. Hesab edirəm ki, indicə imzalanmış üçtərəfli bəyanat məsələnin həlli istiqamətində son nöqtə olacaqdır”. Bu müraciət xalqın tarixində yeni bir günün başlanmasıdır. Bu elə bir gündür ki, zaman-zaman Azərbaycan xalqını ərənliyini, torpaq uğurunda savaşını, böyüklüyünü, bütövlüyünü, lazım gələndə bir yumruq olaraq birləşməsini yetişən nəsillərə illər, qərinələr, əsrlər sonra belə danışmış olacaq. Bu, Azərbaycanın qələbə sorağıdır.

Dövlət başçımız Füzuli, Zəngilan, Laçın və Cəbrayıl rayonlarında olarkən yeni layihələrin həyata keçirildiyini hər kəs gördü. İşğaldan azad edilmiş bütün şəhər və rayonların baş planlarının hazırlanması ilə bağlı Prezidentin tapşırığı yubanmadan icra olunur. Dövlət başçısı bütün çıxışlarında, müsahibələrində dəfələrlə vurğulayıb ki, azad edilmiş torpaqlarda bərpa işləri ən yüksək səviyyədə təşkil olunacaq. Bu səfər zamanı da bir daha mənfur düşmənə mesaj göndərərək bildirdi ki, düşmənlərin dağıtdıqlarına, viran qoyduqlarına, oğurladıqlarına son qoyduq, “dəmir yumruq”la başlarını əzdik: “Mən demişdim ki, azad edilmiş torpaqlarda bütün bərpa işləri ən yüksək səviyyədə təşkil olunacaq. Dağılmış bütün bu kəndləri biz bərpa edəcəyik. Baxın, mənfur düşmən bizim bütün yaşayış məntəqələrimizi nə günə salıb. Vandallar, barbarlar işğal dövründə bütün binaları söküblər, talayıblar, daşları oğurlayıblar. Hamısını bərpa edəcəyik”.

İşğaldan azad edilən ərazilərimizdə erməni vandallarının illərlə törətdikləri vəhşi əməllər hər addımda nəzərə çarpır. Viran qoyulan şəhər və kəndlərimiz, dağıdılan, təhqir edilən məscidlərimiz, Yer üzündən silinən tarix və mədəniyyət abidələrimiz düşmənin nə qədər barbar, vəhşi olduğunu göstərir. Əlbəttə, düşmən bütün dağıntıları məqsədli şəkildə edib. İşğalçı Ermənistan Dağlıq Qarabağda və ətraf rayonlarda tarixi mirasları viran qoymaqla, milli izləri silməklə azərbaycanlıların bu torpaqlardakı mədəni kimliyini itirmək məqsədi güdüb.Təkcə Azərbaycan xalqına yox, ümumən bəşəriyyətə təhlükə yaradan erməni faşizminin ifşası üçün yerinə yetirilməli vəzifələrə diqqəti yönəldən Prezident İlham Əliyev deyib: biz təkcə öz ərazi bütövlüyümüzü bərpa etməmişik, biz erməni faşizmini məhv etmişik. Biz bölgəmizi faşist ideologiyasından tam xilas etməsək də, onun böyük hissəsini məhv etmişik. Buna görə bizim şanlı Qələbəmiz bölgə üçün, dünya üçün çox böyük əhəmiyyət daşıyır… Erməni faşizmi ən qəddar, ən təhlükəli, ən mənfur, ən çirkin ideologiyadır və biz bu ideologiyanı məhv etdik. Hesab edirəm ki, illər keçdikcə bizim bu tarixi xidmətlər dünya tərəfindən daha da dolğun şəkildə dərk ediləcək”.

 

Sentyabrın 27-də başlanan və 44 gün davam edən Vətən müharibəsində Azərbaycan Ordusu təcavüzkar Ermənistanı məğlub edərək onun işğal siyasətinə son qoydu. Bu savaş  Ali Baş Komandan İlham Əliyevin şərtləri ilə düşmənin kapitulyasiyası ilə başa çatdı. Bununla da Azərbaycan tarixi ədaləti bərpa etdi. Birlik rəmzi olan “Dəmir yumruq” düşmənlərimizə tarixi dərs verdi və torpaqlarımız işğaldan azad edildi. Tarixini bu möhtəşəm Qələbə ilə şərəfləndirən Azərbaycan xalqı bütün dünyaya öz gücünü, haqqı uğrunda mübarizə aparmaq əzmini nümayiş etdirdi. Bu zəfərlə ordumuz Ali Baş Komandanın rəhbərliyi ilə Ermənistanın 30 illik işğalına son qoydu, məğlubiyyət damğasını üzərimizdən götürdü. Xalqımızın intizarında olduğu bu tarixi reallığın müəllifi Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevdir. İlham Əliyevin həyata keçirdiyi kompleks tədbirlər, inkişaf strategiyası, nəticədə respublikamızın yüksəlişi, ordumuzun qüdrətlənməsi bizi sürətlə bu qələbəyə yaxınlaşdırdı. Bu siyasət hər bir uğuru ilə torpaqlarımızın azad edilməsi üçün tarixi şəraitin formalaşmasını təmin etdi, ərazi bütövlüyümüzün bərpa olunmasının konturlarını cızdı. İlham Əliyev Ali Baş Komandan kimi ordumuzu qarşısında dayanan bütün vəzifələri yerinə yetirməyə qadir mükəmməl hərbi gücə çevirdi, ötən illər ərzində siyasi-diplomatik ustalıqla davamlı şəkildə Ermənistanın dünyada ifşasına nail oldu.

Nəticədə, 44 günlük Vətən müharibəsində əldə etdiyimiz bu Qələbə tariximizin şanlı səhifəsidir. Bu Zəfər Azərbaycan oğullarının qanla yazdıqları qəhrəmanlıq salnaməsidir. Torpaqlarımızın işğaldan azad olunması Heydər Əliyevlə başlanan, İlham Əliyevlə davam edən inkişaf strategiyasının, yüksəliş siyasətinin parlaq məntiqi nəticəsidir. Bu Qələbə Azərbaycanı dünyaya tanıtdı, vətənimizi başıuca etdi. Bütün dünya xalqımızın iradəsinə, mətinliyinə şahidlik etdi, ölkəmizi daha yaxından tanıdı. Ən əsası azərbaycanlılar haqqında məğlub xalq sindromunu sındırdı, xalqın inamını özünə qaytardı. Prezident İlham Əliyev hər zaman olduğu kimi ötən 44 gün ərzində də qəti siyasi iradəsini nümayiş etdirdi, bütün təzyiqlərə mərdanə şəkildə sinə gərərək onları dəf etdi, öz prinsipial mövqeyindən dönmədi. Prezident İlham Əliyevin dünyanın aparıcı mediasına verdiyi 30-dan artıq müsahibə dünya informasiya məkanında ölkəmizə qarşı olan hücumları darmadağın etdi. Ermənistanın və onun havadarlarının işğala və tədricən Azərbaycan ərazilərinin ilhaqına əsaslanan planları  alt-üst oldu.  Müharibənin bu mərhələsi tariximizə qızıl hərflərlə yazıldı. İndi regionda tamamilə yeni reallıqlar yaranıb. Hazırda qarşıda duran mühüm vəzifələrdən biri əsl həqiqətlərin, müharibədən sonra bölgədə yaranan yeni reallıqların beynəlxalq auditoriyaya dürüst şəkildə çatdırılmasıdır.

Səbuhi Məhəmməd oğlu Abdullayev

Qəbələ rayonu İcra hakimiyyətinin başçısı