Mehriban Əliyeva yüksək təşkilatçı, bacarıqlı idarəçidir
Bu gün cəmiyyətimizdə Azərbaycan qadınlarının mövqeyi yüksəkdir. Ölkəmizin ictimai-siyasi həyatında, dövlət idarəçiliyində və bir çox sahədə qadınlarımız fəal təmsil olunurlar. Bu baxımdan Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESKO və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın fəaliyyəti xüsusi qeyd olunmalıdır.
Deyə bilərik ki, yalnız bu gün deyil, bütün tarixi dövrlərdə Azərbaycan qadınları cəmiyyətin inkişafında fəallıq göstəriblər. Dünya elm və mədəniyyəti tarixində, inkişafında özünəməxsus yeri, xidmətləri olan xalqımızın parlaq, qürurverici nailiyyətlər qazanmasında qadınlarımızın böyük rolu olub. Zaman-zaman Azərbaycan qadınının cəmiyyətə xidmətləri yalnız ləyaqətli, mərd, istedadlı övladlar yetişdirməklə yekunlaşmayıb. Tarixdən məlumdur ki, Azərbaycan qadını yeri gələndə silaha sarılıb düşmənə ağır zərbələr endirib, dövlətin idarəçiliyində iştirak edib, elm xadimi olub, müxtəlif sənət sahələrində uğur qazanıb.
Tarixin müxtəlif dönəmlərində örnək kimi qəbul etdiyimiz qadınlar olub və indi də var. Hazırda müstəqil Azərbaycan dövləti iqtisadi, mədəni tərəqqisi ilə dünyanın inkişaf etmiş ölkələri sırasındadır. Əldə olunan nailiyyətlərdə qadınlarımızın rolu tərifəlayiqdir.
Mehriban Əliyeva da müasir dövrdə ictimai-siyasi fəaliyyəti, vətəndaş-ziyalı mövqeyi ilə Azərbaycan qadınlarına nümunədir. O, dövlətimizin tərəqqisi naminə müasir Azərbaycan qadın hərəkatının lideri kimi geniş fəaliyyət göstərir. Mehriban Əliyevanın çoxşaxəli fəaliyyətində ənənəviliklə müasirlik, tarixi köklərə bağlılıqla dünyəvilik xüsusilə nəzərə çarpır.
Bu gün hər bir millətin, dövlətin öz varlığını qoruyub saxlamaq və digərlərinə tanıtdırmaq üçün müxtəlif mədəni-kütləvi, ictimai, sosial layihələr həyata keçirmək qloballaşma şəraitinin tələblərindən biridir. Təbii ki, Azərbaycan da öz tarixini, mədəniyyətini, adət və ənənələrini dünya ictimaiyyətinə çatdırır. Bu proses böyük əzmkarlıq, səbir və iradə tələb edir. Mehriban xanım Əliyeva Azərbaycanın milli-mədəni irsinin qorunub saxlanılması, inkişaf etdirilməsi və dünyada təbliğ olunması, xarici ölkələrdə xalqımızın müsbət imicinin möhkəmləndirilməsi üçün davamlı iş aparır, səy göstərir. ISESCO-nun və UNESKO-nun xoşməramlı səfiri kimi, müstəqil Azərbaycanın nailiyyətlərini, ölkəmizdə hökm sürən tolerantlığı təbliğ edən, mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun bərqərar olması üçün çalışan Mehriban Əliyevanın səsi yüksək beynəlxalq kürsülərdən gəlir.
Martın 11-də Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən pandemiya elan edilən COVID-19 bəlası dünyamızın qlobal bəlasına çevrildiyi günlərdə də qadınları mübarizənin ön sıralarında görürük. Birinci vitse-prezident Mehriban Əliyeva bildirib: “COVID-19 ilə mübarizənin ön cəbhəsində dayanan qadın alim, həkim və səhiyyə işçilərinə ehtiramımızı ifadə etməliyik. Biz test üsullarının təkmilləşdirilməsindən tutmuş vaksinlərin hazırlanmasına qədər COVID-19 ilə mübarizənin müxtəlif mərhələlərində həlledici rol oynayan tədqiqatçı qadınlarımızla fərəhlənə bilərik”.
Azərbaycan tarixin müxtəlif dönəmlərində çox böyük sınaqlarla üzləşib. Torpağının altı da, üstü də zəngin sərvət mənbəyi olan bu məmləkət işğalçı dövlətlərin diqqət mərkəzində olub. Yağı düşmənə qarşı amansız olan xalqımız zaman-zaman öz hüququ, vətəninin müstəqilliyi uğrunda mübarizə aparıb. Bəzən düşməninin amansızlığı nəticəsində Azərbaycan torpaqları işğala məruz qalıb. İşğalçı dövlətlər maddi sərvətlərini daşıyıb aparıblar. Ziyalılarımız əsrlər boyu səhiyyə, təhsil ocaqlarının açılması, soydaşlarımızın sağlam yaşamaları, təhsil alması, savadlanması uğrunda mübarizələrini davam etdiriblər. Tariximizin ən çətin dönəmlərində belə Azərbaycan xalqının qabaqcıl nümayəndələri öz parlaq istedadları ilə dünyanı heyran qoyublar.
Azərbaycan dövləti, xalqı öz tarixi torpaqlarını erməni işğalçılarından azad etməyə qadir olduğu kimi, düşmənin viran qoyduğu həmin əraziləri gülüstana çevirmək iqtidarındadır. Ermənistan silahlı qüvvələrini qovduğumuz yurd yerlərimiz yenidən abad ediləcək. Orada məktəblər tikiləcək. Biz tarixi, milli-mədəni dəyərləri olan, humanist xalqıq. Və öz dəyərlərimizdən heç zaman, heç bir şəraitdə, istər ağır, istərsə də xoş günlərimizdə vaz keçmirik. Bütün xalqlara – dinindən, dilindən, irqindən asılı olmayaraq ədalət və humanizm nöqeyi-nəzərindən yanaşırıq. Erməni işğalından azad etdiyimiz ərazilərimizdə də yalnız müsəlmanlara deyil, bütün dinlərə məxsus mədəni irsi bərpa edəcəyik. Ölkəmizin Birinci vitse-prezidenti Mehriban Əliyeva deyib: “Biz işğal zamanı zərər görmüş mədəni irs abidələrinin vəziyyətinin qiymətləndirilməsində ICESCO-nun Azərbaycan hökuməti ilə birgə çalışmağa hazır olduğunu yüksək qiymətləndiririk. Eyni zamanda, ICESCO-nun Azərbaycanda regional nümayəndəlik təsis etməsi imkanının nəzərdən keçirilməsinə görə xüsusi minnətdarlığımızı bildiririk. Həmin nümayəndəlik digər sahələrlə yanaşı, qadınlar və qızların elmdə rolunun artırılmasına konkret diqqət yetirməklə elm sahəsində əməkdaşlığımızı gücləndirə bilər”.
“Mehriban xanım öz hümanist əməlləri ilə, insanlara olan münasibəti, xeyirxahlığı, ailə dəyərlərimizə hörməti ilə Azərbaycan ailəsi üçün bir nümunədir. Xanım Əliyeva ədalət, humanizm, xeyriyyəçilik və digər bəşəri prinsiplərə söykənən çoxşaxəli fəaliyyəti nəinki Azərbaycan, hətta bütün dünya qadınları üçün örnəkdir. Mehriban xanım Əliyevanın mərhəməti və hümanistliyi hər bir azərbaycanlı qadını üçün iftixar və qürur mənbəyidir”.
Bu əlamətdar gün münasibətilə Onu – qəlbi daima xeyirxahlıq duyğularla çağlayan mərhəmətli, şəfqətli Birinci xanımı təbrik edir, Azərbaycançılıq məfkurəsinin inkişaf etdirilməsində hər zaman yeni yollar axtarışında olan Mehriban xanım Əliyevaya cansağlığı, nailiyyətlər, ailə səadəti, yeni zirvələri fəth etməyi arzu edirik”.
İlqar Nəzərov
“Şərq” İstehsalat Birliyinin baş direktoru