İLHAM ƏLİYEV: AZƏRBAYCAN POLİSİ QANUNÇULUĞUN VƏ TƏHLÜKƏSİZLİYİN KEŞİYİNDƏ
İctimai-siyasi sabitlik hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu yolu seçmiş hər bir dövlətin mövcudluğunun mühüm şərtlərindən biridir. Müstəqil Azərbaycanın son illərdə bütün sahələrdə sürətlə inkişaf edən, beynəlxalq miqyasda böyük nüfuz sahibi olan dövlətlərdən birinə çevrilməsi də əsası dünya şöhrətli siyasətçi, ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş ictimai-siyasi sabitlik amilinə söykənir. Məhz bu sabitlik nəticəsində mürəkkəb geosiyasi-coğrafi məkanda yerləşən Azərbaycanın dünya miqyasında sivil, demokratik yolla irəliləyən, beynəlxalq hüquq normalarına və prinsiplərinə hörmətlə yanaşan dövlət imici daha da möhkəmlənmişdir.
Respublikamızda ictimai asayişin, qanunçuluğun və hüquq qaydalarının etibarlı təminatı, vətəndaşların konstitusion mənafelərinin yüksək səviyyədə qorunması, kriminogen durumun sabitliyi Azərbaycanın ötən müddətdə qazandığı ən mühüm nailiyyətlər sırasındadır. Danılmaz həqiqətdir ki, respublikamızın ictimai-siyasi sabitlik şəraitində inkişafında, ictimai asayişin qorunmasında, cinayətkarlığa qarşı mübarizənin səmərəli təşkilində, dövlətçiliyin hər cür cinayətkar qəsdlərdən müdafiəsində, vətəndaşların təhlükəsiz yaşamaq kimi fundamental hüququnun təminatında Daxili İşlər Nazirliyinin və onun ayrı-ayrı strukturlarının müstəsna rolu vardır. Cinayətkarlığın bütün forma və təzahürlərinə qarşı amansız mövqe tutan daxili işlər orqanları qanunla üzərinə düşən vəzifələri yerinə yetirməklə, iqtisadi inkişafın mühüm şərti olan sabitliyin təminatı üçün bütün zəruri tədbirləri həyata keçirməklə xalqın və dövlətin sadiq keşikçisinə çevrilmiş, ictimai etimad qazanmışlar.
Dövlət müstəqilliyinin ilkin mərhələsində – 1991-1993-cü illərdə Azərbaycanda hakimiyyətdə xalqın etimad göstərdiyi siyasi qüvvənin olmaması dövlət idarəçiliyi mexanizmlərinin formalaşmasında ciddi maneəyə çevrilməklə daxili böhranın, vətəndaş itaətsizliyinin, xaos və anarxiyanın yaranmasına rəvac vermiş, qanunçuluğun və hüquq qaydalarının təminatı, vətəndaşların azad, təhlükəsiz yaşamaq hüququnun, ictimai asayişin qorunması sahəsində əsaslı problemlər yaratmışdı. Həmin illərdə hakimiyyətdə olan qüvvələrin naşı və yarıtmaz fəaliyyəti nəticəsində hüquq-mühafizə orqanlarının üzərinə düşən qanuni vəzifələri həyata keçirə bilməməsi ictimai həyatın ən müxtəlif sahələrində hərc-mərcliyin baş alıb getməsinə, cinayətkar ünsürlərin mütəşəkkil fəaliyyətinə, silahlı qruplaşmaların cövlan etməsinə münbit şərait formalaşdırmış, daxildə qeyri-sabit və təhlükəli vəziyyətə səbəb olmuşdu.
Ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında respublikamızda möhkəm əsaslarla formalaşmış ictimai-siyasi sabitliyin xalqın bugünkü və gələcək taleyi baxımından necə böyük əhəmiyyət kəsb etdiyi ən azı bu tarixi reallıqlara nəzərən əyani təsdiqini tapır. Ümummilli liderin hakimiyyətə qayıdışından sonrakı ilk illərdə ictimai-siyasi sabitlik müəyyən mənada kövrək səciyyə daşıdığından, hüquq-mühafizə orqanlarının, xüsusilə DİN-in qanunauyğun fəaliyyətini təmin etmək, peşəkar kadrları bu orqanda irəliyə çəkməklə onu xalqın və dövlətin layiqli müdafiəçisinə çevirmək qarşıda duran başlıca vəzifələrdən idi. Dövlətin hüquqi-siyasi sütunlarının möhkəmlənməsində, ictimai-siyasi sabitliyin bərqərar olmasında müstəsna rola malik daxili işlər orqanlarının fəaliyyətinin hələ də qənaətbəxş səviyyədə qurulmaması, dövrün tələblərinə cavab verməməsi Heydər Əliyevi ilk gündən ciddi şəkildə qayğılandırırdı.
Daxili işlər orqanlarının cinayətkarlığa qarşı mübarizə sahəsindəki uğurlu fəaliyyəti bir sıra statistik rəqəmlər fonunda bir daha təsdiqini tapır. Ötən illərdə daxili işlər orqanları tərəfindən cinayətlərin açılması istiqamətində aparılan məqsədyönlü, intensiv və uğurlu əməliyyat-axtarış tədbirləri sayəsində müsbət göstəricilərə nail olunmuşdur. Dövlətçiliyin möhkəmlənməsində, müstəqilliyin əbədiliyinin təmin edilməsində, ictimai asayişin qorunmasında müstəsna rolu olan daxili işlər orqanlarının şəxsi heyətinin sosial müdafiəsi tədbirləri də daim ulu öndər Heydər Əliyevin xüsusi diqqət yetirdiyi məsələlərdən olmuşdur. Azərbaycan Respublikası Prezidentinin fərmanları ilə Daxili İşlər Nazirliyi sistemində vəzifə və rütbə maaşları dəfələrlə artırılmışdır. DİN əməkdaşlarının peşəkarlığını və fədakarlıqlarını daim yüksək qiymətləndirən ümummilli lider onların orden və medallarla təltif edilməsi barədə çoxsaylı sərəncamlar imzalamışdır.
Ulu öndərin əsasını qoyduğu siyasəti ictimai həyatın bütün sahələrində inamla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev dövlətə rəhbərlik etdiyi son 19 ildə daxili işlər orqanlarına daim yüksək diqqət və qayğı ilə yanaşmış, DİN-in fəaliyyətinin təkmilləşdirilməsi və səmərəliliyinin artırılması üçün mühüm tədbirlər həyata keçirmişdir. Qəbul olunmuş dövlət proqramında daxili işlər orqanları əməkdaşlarının sosial təminatının gücləndirilməsi, onların yaşayış və iş şəraitinin yaxşılaşdırılması, polisin fəaliyyəti və rolu haqqında bilgilərin ictimaiyyətə təlqin olunması, daxili işlər orqanlarının maddi-texniki bazasının möhkəmləndirilməsi və daim müasirləşdirilməsi kimi vacib məsələlər öz əksini tapmışdır.
Dövlət başçısı İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, bu gün DİN-in və onun ayrı-ayrı strukturlarının qarşısında duran ən başlıca vəzifə, şübhəsiz, ölkədəki dinamik inkişafa yol açan ictimai-siyasi sabitliyi qorumaq, dövlətçiliyə qarşı yönələn cinayətkar qəsdlərə qarşı barışmaz mövqe tutmaqdır. Azərbaycan Prezidentinin siyasi iradə və qətiyyəti, daxili işlər orqanlarının dövlətçiliyə və qanunçuluğa bağlılığı nəticəsində bu gün heç bir qüvvə ölkədə qarşıdurma yaratmağa, asayişi pozmağa, ölkəmizi 1990-cı illərin əvvəllərindəki xaos və anarxiya mərhələsinə qaytarmağa qadir deyildir. Buna cəhd edənlər, həmişə olduğu kimi, qarşılarında yenə də Azərbaycan xalqını, onun ayrılmaz hissəsi olan Azərbaycan polisini görəcəklər.
Respublikamızın sosial-iqtisadi inkişafının keyfiyyətcə yeni mərhələsində cinayətkarlıqla mübarizədə Daxili İşər Nazirliyi ilə yanaşı vətəndaşların da könüllülük əsasında iştirakı son dərəcə vacibdir. İnkişaf etmiş dövlətlərin də təcrübəsi göstərir ki, vətəndaşların bu prosesdə iştirakı, yəni planlaşdırılan və yaxud törədilən cinayətlər barədə polis orqanlarına məlumat verməsi ictimai sabitliyin və asayişin qorunmasında mühüm rol oynayır.
Xatırlatmaq lazımdır ki, son illərdə DİN strukturunun təkmilləşdirilməsi çərçivəsində bir sıra addımlar atılmışdır. Cənab Prezident İlham Əliyev cənabları Ulu Öndər Heydər Əliyev məktəbinin sadiq insanı olan cənab Vilayət Eyvazovu Daxili İşlər Naziri təyin etmişdir. 44 günlük haqq savaşında Azərbaycan polisi öz üzərinə düşən vəzifə borcunu yüksək səviyyədə yerinə yetirmişdir.
Ümumilikdə daxili işlər orqanlarının şəxsi heyəti ölkədə aparılan quruculuq prosesində fəal iştirak edərək dövlətin, hüquqi, fiziki şəxslərin qanuni mənafelərinin, mülkiyyətinin hüquqazidd əməllərdən qorunması, insanların azad, sərbəst yaşaması üçün üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışır. Bu gün hər bir vətəndaş əmin ola bilər ki, Azərbaycan polisi onun həyat və sağlamlığının, hüquq və azadlıqlarının, qanuni mənafelərinin, ictimai asayişinin keşiyindədir. Azərbaycan polisi hər zaman dövlətimizin diqqət və etimadını hiss edir, fəaliyyətinə verilən yüksək qiyməti böyük minnətdarlıqla qarşılayır, habelə xalqımıza ən müxtəlif sahələrdə xidmət göstərməkdən böyük qürur duyur.
Cəmil Əmirov
Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin rəisi,
Polis-polkovniki