Novruz – xalqın əziz bayramı

250

Novruz – xalqın əziz bayramı

Azərbaycan xalqının mənəvi mədəniyyətinin ayrılmaz hissəsi olan bir sıra adət-ənənələr, mərasim və bayramlar arasında Novruz xüsusi yer tutur. Əsrlər boyu bir çox Şərq ölkələri kimi Azərbaycan salnaməsi də Novruz bayramından başlamış, yeni il yazın gəlişi ilə hesab edilmiş və onun ilk günü bayram sayılmışdır. Novruza aid xalq arasında yaşamaqda olan saysız etiqad və əfsanələr sübut edir ki, bu bayramın kökü qədim insanın təbiətin ölüb-dirilməsi haqqındakı ibtidai animistik görüşləri ilə bağlı olmuş, əkinçilik təsərrüfatı meydana gəlincə bu bayram öz məzmununu bütünlüklə olmasa da əsaslı şəkildə dəyişməyə başlamışdır.
Özünün erkən əkinçilik, maldarlıq təsəvvürlərini, ibtidai dünyagörüşünü müxtəlif ayin, etiqad, ənənə və mərasimlərdə ifadə edən əcdadlarımızın bu mədəni-mənəvi irsi rəngarəng bayramlar, nəğmələr, rəqslər, oyunlar, lətifələr, meydan tamaşaları, və s. şəklində əsrlərin süzgəcindən keçmiş, müxtəlif tarixi dövrlərdə dəyişikliklərə, təcavüzlərə, qadağalara məruz qalsa da öz ilkin məzmununu-yaz bayramı, yeni ilin-günün başlanması bayramını – saxlamışdır.
Novruz haqqında məlumat verən ən mötəbər qədim mənbələrdən sayılan “Avesta”da Novruz xalqın bolluğa, qüdsiyyətə sitayiş bayramı, həmçinin əkinçilik bayramı hesab olunmuş, sağlamlığın, firavanlığın başlanğıcı sayılmışdır. “Avesta”da zərdüştilərin Novruzla bağlı bir çox adət, ənənə, ayin və etiqadları bütöv bir halda saxlanılmışdır. Lakin məlumdur ki, istər Azərbaycanda, istərsə də Novruzu bayram edən başqa xalqlar arasında onun yaranması ilə bağlı müxtəlif rəvayətlər, miflər, əfsanələr mövcuddur. Zərdüştilikdən və islamdan çox-çox əvvəlki dövrlərlə bağlı olan rəvayətlərdə Novruz müxtəlif tarixi faktlar və hadisələrlə əlaqələndirilir.
Novruzun bayram edilməsi zaman keçdikcə İran və Turan övladı Siyavuşun, yaxud qışdan qorxan Oğuz oğlu, qurd balası və s. bu kimi mifoloji anlamlardan real zəminə köçürülmüşdür. Bu bayramı xalq arasında sabitləşdirmək üçün müxtəlif təriqətlər və dinlər, şahlar və hökmdarlar müxtəlif cəhdlər etmiş, zərdüştilər Novruzu öz adət və ənənələrinə aid etməyə çalışmış, sonralar Novruzu İran hökmdarlarının adı ilə bağlayan rəvayətlər yaradılmışdır.
Qədim dövrlərdə Novruz təkcə xalq bayramı kimi deyil, eyni zamanda, dövlət bayramı kimi qeyd olunmuşdur. Tarixi məlumatlara görə, Novruz bayramı bir ay davam edirdi. Bu bayram şənliklərində kütləvi gəzintilər, xalq rəqsləri, idman yarışları, el nəğmələrinin ifa edilməsi, məzhəkəçilərin və kəndirbazların çıxışları olurdu. Novruz bayramında müharibələr və qarşılıqlı çəkişmələr dayandırılır, sülh müqavilələri bağlanır, hətta dəfn mərasimi belə növbəti günlərə keçirilirdı. Bayram o qədər şad və şux olurdu ki, insanlar vəcdə gələrək, təmtəraqlı təntənələrlə yanaşı, eyni zamanda, xəstələrə müstəsna diqqət və qayğı göstərir, qohum—əqrəbaya baş çəkir, rəhmətə gedənlərin məzarları ziyarət olunur, bir-birinə qarşılıqlı inam və xüsusi rəğbət ifadə edilərək ümumbəşəri dəyərlərə üstünlük verirdilər.
Novruzun əkinçilik təqvimi ilə də bağlı olması tarixdən məlumdur. Belə ki, bu bayram şimal yarımkürəsində 20-21 martda baş verən yaz bərabərləşməsi ilə əlaqələndirilir. Təbiətin oyanması, canlanması, bitkilərin yenidən öz yaşıl libasına bürünməsi min illər boyu müşahidə olunmuş və təcrübədə təsdiqlənmiş bir gerçəklikdir. Belə bir yeniləşmə gününün başlanğıcı şəmsi-günəş təqviminin ilk ayının birinci gününə (21 mart) təsadüf edir. Buna görə də həmin günü Novruz (Yeni gün) adlandırıblar.
Azərbaycan xalqının təcrübəsində Novruz təqvim mərasimi olmaqdan çıxdıqdan sonra öz əhəmiyyətini azaltmamışdır. Bu da onun arxaik ritualdan gələn genetik əsaslara malik olmasının, başqa sözlə, bu xalqın öz bayramı olmasının təzahürüdür.
Azərbaycan xalqı Novruz bayramını tarixən böyük ruh yüksəkliyi, xoş əhval-ruhiyyə ilə qeyd edib. Sovet dönəmində bəzi üzdəniraq ideoloqlar bu bayrama dini don geydirmək istəsələr də, alınmayıb. Xalqın nurlu ziyalıları buna yol verməyiblər, əksinə, keçən əsrin 60-cı illərindən başlayaraq onların əvəzsiz xidmətləri sayəsində Novruz bayramı həm də dövlət bayramı kimi qeyd olunur. Müstəqillik illərində ölkə rəhbərlərinin Novruz şənliklərində şəxsən iştirak etmələri bu bayramın ümumxalq bayramı olduğunu bir daha sübuta yetirir. Ümummilli liderimiz Heydər Əliyev 1994-cü ildə Novruz bayramı münasibətilə xalqa müraciətində demişdir ki, qədimdən bəri qeyd etdiyimiz Novruz bayramı indi Azərbaycan Respublikasının dövlət bayramıdır.
Xalqımızın ən əziz bayramı olan Novruz yurdumuza qədəm qoyur. Ulularımızdan bizə yadigar qalan, milli ruhumuzu və yaddaşımızı bütün zənginliyi ilə özündə əks etdirən bu bayram ölkəmizin hər yerində böyük coşqu, sevinc və təmtəraqla qeyd olunur. Novruzun atributlarından sayılan su, od, yel və torpaq çərşənbələrinin tonqal başında böyüklü-kiçikli, elliklə bayram edilməsi dediklərimizi əyani şəkildə təsdiqləyir.
Bahar bayramında bol-ruzi bərəkət, mehribanlıq və firavan həyat arzulayıram.

Rəfael Mehralıyev

Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamentinin rəisi