Qələbəyə aparan yol…
Bugünlərdə harada yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlıda böyük qürur və fərəh hissi var. 30 ilə yaxın müddətdə səbr göstərən xalqımız nəhayət qələbəyə çatdı. Noyabrın 10-u ölkəmiz üçün tarixi bir gün oldu. Noyabrın 8-də Qarabağın döyünən ürəyi Şuşamız, onun ardınca 9 noyabr- Dövlət Bayrağı Günündə 71 yaşayış məntəqəsi, 1 qəsəbə, 8 strateji yüksəklik işğaldan azad edildi. Məhz döyüş meydanındakı bu uğurlarımız noyabrın 10-da Azərbaycanın siyasi qələbəsinin təsdiqi olan Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin bəyanatını şərtləndirdi. Bu sənəd, Ermənistanın məğlubiyyətinin açıq etirafı olaraq yaddaşlara həkk olundu. Əminliklə deyə bilərik ki, imzalanmış bəyanat bizim şanlı qələbəmizdir. Bu qələbə bizə asanlıqla başa gəlmədi. Azərbaycan işğal altındakı torpaqlarını azad etmək üçün hərbi əməliyyatlara davam etdiyi dövrdə Ermənistan və onun havadarlarının ölkəmizə təzyiq cəhdləri də səngimədən davam etdi. Bütün bu cəhdlər Müzəffər Ali Baş Komandanımızın diplomatik bacarığı, beynəlxalq münasibətləri doğru dəyərləndirməsi və məntiqli, faktlara əsaslanan arqumentləri ilə iflasa uğradıldı. Cənab İlham Əliyev dünyanın ən reytinqli kütləvi informasiya vasitələrinin ekranlarından faktlarla sübut etdi ki, Qarabağ əzəli Azərbaycan torpağıdır, burada əsrlər boyu azərbaycanlılar yaşayıb və bundan sonra da Qarabağ Azərbaycanın ayrılmaz hissəsi olaraq qalacaqdır. Bununla yanaşı, dövlətimizin başçısının uğurlu xarici siyasəti sayəsində bütün aparıcı dünya təşkilatları Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barəsində ədalətli qətnamələr qəbul edib. Həmin qətnamələr birmənalı şəkildə Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz bir hissəsi kimi tanıdır ki, bu da münaqişənin həllində möhkəm hüquqi baza yaradır. Diplomatiya və informasiya müstəvilərindəki qələbələr münaqişənin həllində əhəmiyyətli rol oynasa da hazırda əldə etdiyimiz siyasi qələbənin qazanılmasında hərbi qələbəmiz müstəsna rol oynadı. Bu qələbə düşməni məcbur etdi ki, Ağdam, Laçın, Kəlbəcər rayonlarını siyasi yolla qaytarsın.
Azərbaycan bu il sentyabrın 27-də başlamış İkinci Qarabağ münaqişəsini müvəffəqiyyətlə başa vurdu, Böyük Vətən müharibəsi bizim Böyük Zəfərimizlə başa çatdı. İmzalanan sazişdən sonra insanlarımızın 30 illik həsrətinə son qoyuldu. İllərdir Vətən həsrətində olan vətəndaşlarımız o torpaqlara qayıdacaq, orada yaşayacaq. Vurğalamaq lazımdır ki, dünyanın bir çox ölkələrində köçkünlər var, amma bizim köçkünlərimizin vəziyyəti o biri ölkələrdə yaşayan köçkünlərlə müqayisəedilməz dərəcədə müsbətdir. Amma onların əsas arzusu doğma torpaqlara qayıtmaq idi və nəhayət bu reallaşacaq. Azərbaycan dövləti işğaldan azad olunmuş bütün ərazilərdə infrastrukturu yeniləyərək məcburi köçkünlərin öz yurd-yuvalarına qaytarılmasını mümkün olan ən qısa müddətdə təmin edəcək.
Bu gün böyük fəxr hissi ilə qeyd edirik ki, dövlətimizin başçısı, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu tarix yazaraq, onun səhifələrini qələbələrlə, ədalətin bərpa edilməsi ilə zənginləşdirdi. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi. Dünya erməniliyi Prezident İlham Əliyevin və Azərbaycan Ordusunun dəmir yumruğunun ağrı-acısını hələ çox illər unutmayacaq. 60 yaşınız münasibətilə sizi təbrik edirəm! Artıq 50 milyonluq Azərbaycan xalqı tam əminliklə deyə bilər ki, Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!
Zaur Sabiroğlu
Sumqayıt Maşın Bazarının rəhbəri