“Bu, nəticə etibarilə bizim mövqelərimizi gücləndirdi” – deputat

223
"Bu, nəticə etibarilə bizim mövqelərimizi gücləndirdi"
İkinci Qarabağ müharibəsində Azərbaycanın uğurlarından biri də qardaş Türkiyədən ən yüksək səviyyədə siyasi, mənəvi dəstək alması, ən böyük qonşumuz Rusiyanın isə neytrallığının xeyli dərəcədə təmin edilməsi oldu. Azərbaycan Prezidenti İlham Əliyevin uzun illər qonşu Rusiya ilə münasibətlərin inkişafında maraqlı olan strategiyanı həyata keçirməsi, qardaş Türkiyə ilə Rusiya arasında münasibətlərin soyuq fazadan çıxaraq əməkdaşlıq münasibətləri səviyyəsinə gəlməsi üçün etdiyi cəhdlər ikinci Qarabağ savaşında öz nəticəsini verdi. Birinci Qarabağ müharibəsində heç zaman mümkün olmayan Rusiya-Türkiyə tandemi ikinci Qarabağ savaşında meydana gəldi və amil də Azərbaycanın əlavə avantajı idi.
Rusiya prezidenti Vladimir Putinin müharibənin ilk günlərindən Ermənistanı məyus edən mövqe ortaya qoyması – “Müharibə Azərbaycan ərazisində gedir” bəyanatını verməsi sıradan bir hadisə deyildi. Bu, Azərbaycan Prezidentinin uzun müddətdən bəri apardığı diplomatik işin meydana gətirdiyi uğurlarımızdan idi. İlham Əliyev bütün provokasiyalara, çağırışlara, tənqidlərə baxmayaraq, Rusiya ilə münasibətləri yüksək tutdu. Putinlə yaxınlaşdı, dostlaşdı. Azərbaycan müxalifətinin bir qismi açıq şəkildə deyirdi ki, Rusiya ilə dalaşmaq, düşmən olmaq lazımdır. Hələ 2008-ci ilin avqustunda Gürcüstan böhranında Azərbaycan müxalifəti açıq şəkildə təklif edirdi ki, Rusiyaya qarşı savaşa başlasın. 1992-93-cü illərin acı təcrübəsindən dərs çıxarmayanlar Rusiya amilini nədənsə nəzərə almaq istəmirdilər. Zaman onların hesablarının yanlış olduğunu göstərdi və Prezident İlham Əliyevin Rusiya ilə münasibət sisteminin doğru olduğunu isbatladı.

Bütün narazılıqlara, narahatlıqlara, etirazlara rəğmən, biz bu savaşda Rusiyanın dəstəyini gördük. Putinin məlum duruşu, yanaşması olmasaydı, qələbəmizin əldə edilməsi xeyli çətinləşərdi.

Milli Məclisin deputatı Elman Nəsirov bu barədə “Yeni Müsavat”a şərhində bildirdi ki, müharibədə qələbənin əldə olunmasının şərtlərindən biri regionun iri dövlətlərinin ya dəstəyini əldə etmək, ya da ən azından neytral qalmalarını təmin etməkdir. Bu mənada Azərbaycan ikinci Qarabağ savaşından öncədən bu şərti də demək olar ki, öz xeyrinə həll etməyi bacarmışdı. Qardaş Türkiyə ilə münasibətlər, Türkiyənin Qarabağ məsələsinə münasibəti bəlli idi. Qardaş ölkə birmənalı olaraq yanımızda olub. Mühüm şərtlərdən biri Rusiya faktoru idi ki, Azərbaycan Prezidentinin uzun müddətdən bəri ölkəmizin xarici siyasət xəttində Rusiya ilə münasibətləri prioritetlərdən biri olaraq görməsi bu faktorun da müharibə dövründə xeyli dərəcədə lehimizə çevrilməsi ilə nəticələndi: “Şübhəsiz ki, Azərbaycan Prezidentinin də dediyi kimi, bu müharibədə qələbəni Müzəffər ordumuz, xalqımızın birliyi, xalq-dövlət birliyi təmin edib. Eyni zamanda beynəlxalq birliyin münasibətinin, ətraf ölkələrin tutduğu mövqenin də kifayət qədər lehimizə reallaşdırılması da vacib amillərdən idi və Azərbaycan Prezidenti İlham Əliyev həm də böyük diplomatik bacarığı ilə bu amili də xeyrimizə həll etməyi bacarmışdı. Artıq dünya qələbəmizi qəbul edir və yaratdığımız reallıqları qəbul eləyir.

Prezident İlham Əliyev xalqa müraciətində də Türkiyənin Azərbaycana böyük siyasi, mənəvi dəstək verdiyinə xüsusi diqqət ayırdı. Türkiyə ilə Azərbaycan o dərəcədə bir-birinə bağlıdır ki, müharibənin ilk anındanca Türkiyə birmənalı şəkildə Azərbaycanın yanında olduğunu bəyan etdi. Bu, nəticə etibarilə bizim mövqelərimizi gücləndirdi”.

Deputat vurğuladı ki, eyni zamanda cənab Prezidentin yeritdiyi uğurlu xarici siyasət nəticə etibarilə Ermənistanın hər zaman güvəndiyi, arxalandığı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı içərisində hərbi müttəfiqi olan Rusiyanın mövqeyini xeyli dəyişdi. Cənab Prezidentin çox böyük diplomatik məharəti sayəsində Rusiya dövləti Ermənistanın bütün cəhdlərinə baxmayaraq, bu müharibəyə Ermənistan tərəfindən qoşulmadı. Rusiyanın maksimum neytrallığı təmin edildi: “Ermənistan cidd-cəhdlə çalışırdı ki, müharibənin mahiyyətini dəyişsin. Bizim yaşayış məntəqələrimizi, dinc insanları raket atəşinə məruz qoymalarında da məqsəd o idi ki, Azərbaycan Ermənistan ərazisinə mülki əhali yaşayan yerlərə adekvat zərbələr endirsin və bundan sonra Ermənistan KTMT-nin, Rusiyanın müharibəyə müdaxiləsini təmin eləsin. Ancaq həm Azərbaycan Ermənistanın ancaq hərbi obyektlərinə zərbələr endirdi, həm də Rusiya heç bir halda Ermənistanın çağırışlarına müsbət reaksiya vermədi. Hətta Ermənistan mətbuatı o zaman bu faktı qabardırdı ki, Nikol Paşinyanın gün ərzində saysız-hesabsız zənglərinə Vladimir Putin cavab vermir. Bu gün də Ermənistanın siyasi dairələri Rusiyadan, Putindən narazılıqlarını ifadə edirlər. Azərbaycan Prezidentinin uğurlu diplomatiyası Ermənistanın əl-qolunu bağladı. Rusiyanın nüfuzlu televiziya kanallarına verdiyi müsahibələrdə cənab İlham Əliyev Rusiya ictimaiyyətinin də mövqeyinə çox ciddi təsir edə bildi.

Bir sözlə, Azərbaycanın Rusiya ilə münasibətlərdə tutduğu əməkdaşlıq xətti öz bəhrəsini həm strateji əhəmiyyətli regional, beynəlxalq əhəmiyyətli iqtisadi, nəqliyyat layihələrində verir, həm də Vətən müharibəsi dövründə sözünü dedi”.