Qəzalı yataqxana sakinləri: – “Hər gün təhlükədəyik”

180
Qəzalı yataqxana sakinləri:
Sumqayıtda yataqxana sakinlərinin həyatı təhlükədədir.

Bu barədə Oxu.Az-ın redaksiyasına sakinlər tərəfindən müraciət daxil olub.

Söhbət şəhərin 15-ci məhəllə adlandırılan ərazisindən gedir. Belə ki, köhnə adı 85 nömrəli peşə liseyi olan və hazırda 2 saylı yataqxana kimi tanınan uçuq-sökük binanın sakinləri hər gün uçqun altında qalmaq təhlükəsi ilə yaşayır.

Sakinlər deyir ki, yataqxana illərdir qəzalı vəziyyətdədir:

“Yataqxanada qaz, su və işıq xətləri yararsız haldadır. Binanın sağ və sol sütun əsas divarlarında çökmə olub. Hələ 2019-cu ildə Fövqəladə Hallar Nazirliyinin ekspert rəyi əsasında yataqxananın sökülməsi qeyd edilib. Qəzalı olduğu təsdiqlənib. Lakin artıq illərdir heç bir tədbir görülmür. Yataqxana sakinləri olaraq istəyimiz budur ki, aidiyyatı qurumlar ya binanın təmir olunmasını, ya da sökülüb yenidən tikilməsini həyata keçirsinlər. Hər gün təhlükə ilə üz-üzə yaşayırıq”.

Əldə etdiyimiz məlumata görə, qəzalı vəziyyətdə olan bina Sumqayıt Dövlət Universitetinin (SDU) balansındadır.

Məsələ ilə bağlı universitetlə əlaqə saxladıq. Universitetin mətbuat xidmətindən Oxu.Az-a bildirilib ki, sözügedən yataqxana binası 1993-cü ilə qədər Texniki Peşə Məktəbi kimi fəaliyyət göstərib:

“1993-cü ildə həmin binaya məcburi köçkünlər yerləşdirilib. Artıq 1995-ci ildən etibarən məcburi köçkünlər binada yaşaya-yaşaya yataqxana universitetin balansına verilib. 2018-ci ildə yataqxanada yaşayan məcburi köçkünlər dövlət tərəfindən qeydiyyata alınıb və evlə təmin ediliblər. Lakin hazırda orada yaşayanlar şəhər sakinləridir. Onlar o dövrdən yataqxanada boş olan mənzillərdə məskunlaşıb yaşayanlardır. Amma onların köçürülməsi məsələsinə biz baxmırıq. Şəhər sakinlərinə köçürülmə və ev istəkləri ilə bağlı aidiyyatı üzrə digər qurumlara müraciət etmələri tövsiyə edilir”.

Eyni zamanda binanın qəzalı vəziyyətdə olması ilə bağlı iddialara cavab olaraq bildirilib ki, hazırda binada əsaslı təmir-bərpa işlərinin aparılmasına dair onlarda rəy yoxdur:

“Binanın qəzalı vəziyyətdə olması məsələsinə gəlincə isə Fövqəladə Hallar Nazirliyinin müvafiq rəyinə dair bizdə məlumat yoxdur. 1 saylı yataqxana ilə bağlı müvafiq rəy verildi və binanın əsaslı təmir-bərpa işlərinə başlanıldı. İlin sonuna qədər işlərin tam yekunlaşması planlaşdırılır. Lakin 2 saylı yataqxanın qəzalı vəziyyətdə olduğuna və ya əsalı təmir edilməsi ilə bağlı bizə heç bir rəy və tapşırıq verilməyib. Belə bir rəy olarsa, təbii ki, balansımızda olan 2 saylı yataqxananın da təmir işlərinə başlanılacaq”.