Daha bir məktəbdə RƏZALƏT: Şəhid adına 6 manat pul YIĞILIB – SƏSYAZISI

213
Daha bir məktəbdə RƏZALƏT: Şəhid adına 6 manat pul YIĞILIB
Bakı məktəblərindən birində bir neçə ay öncə baş verən rəzalətin üstü açılıb. Belə ki, Xətai rayonu Zakir Yusifov adına 194 nömrəli tam orta məktəbdə şəhid adına pul yığılıb.

Məktəb daxilində Xətai şəhidlərinin foto və bioqrafiyalarından ibarət güşə düzəldilməsi üçün hər şagirddən 6 manat pul tələb olunub.

Bəzi valideynlər pulun verilməsinə etiraz etsə də, sinif rəhbərləri valideynlərin “Watsapp” qrupuna səs göndərərək şəhid güşəsi üçün deyilən məbləği tələb etməkdə davam ediblər.

Bu barədə Bizim.Media-ya hazırda övladı ilə bağlı həmin məktəbdə problem yaşayan Zaur Əliyev bildirib. Onun sözlərinə görə şəhid adına pul yığılmasına etiraz edənlərdən biri olduğu üçün 9-cu sinifdən çıxardığı, daha sonra geri qaytardığı oğlu Qaraoğlan Əliyevi məktəbə götürmürlər:

“Oğlumu 9-cu sinifdən çıxarmışdım ki, peşə məktəbinə daxil olsun. Qəbul olmadığı üçün yenidən məktəbə qaytarmaq istədik. Məktəb direktoru Elnarə Zeynalova ərizəmi qəbul etmədi və bildirdi ki, bu məsələni yalnız Təhsil Nazirliyi həll edə bilər. Mən də Təhsil Nazirliyinə yazılı müraciət etdim. Cavab gəldi ki, uşaq imtahan verib yenidən məktəbə bərpa olunmalıdır. Məktəbdən isə Nazirliyin icazəsi ilə oğlumu götürə biləcəkləri deyilir”.

Zaur Əliyevin sözlərinə görə təxminən mart ayında məktəbdə şəhid adına 5 manat pul tələb edilib. Buna etiraz edəndə isə onun pulu geri qaytarılıb:

“Müəllimin günahı yox idi. Rəhbərlik buna icazə verməlidir. Amma direktor da boynuna götürmədi. Dediyinə görə, valideynlərlə müəllimin öz təşəbbüsüdür və pulun yığılmasından xəbəri olmayıb. Mənim şikayətimdən sonra təcili iclas keçirildi və guya pullar geri qaytarıldı. Müəllimi irəli verdi. Pulların yığılmasını təşkil edən isə əməkdar müəllim və sözün əsl mənasında zəhmətkeş insandır. Hələ bu məsələdə töhmət də aldı”.

Şikayətçi valideyn hesab edir ki, övladının yenidən məktəbə bərpa edilməməsinin səbəbi məhz şəhid adına yığılan pula etiraz etməsidir.

O, məsələnin həll olunması ilə bağlı sonadək gedəcəyini qeyd edib.

Aidiyyəti qurumların mövqeyini dərc etməyə hazırıq.

SƏSYAZISI BURADA:
https://player.bizim.media?v=2544&share_user_id=