“Onlar maraqlı deyillər ki, COVID-19 xəstəliyini yox edəcək həqiqi dərman tapılsın” – Deputatdan İLGİNC AÇIQLAMALAR

162
“Onlar maraqlı deyillər ki, COVID-19 xəstəliyini yox edəcək həqiqi dərman tapılsın”
Vəhdət Partiyasının sədri, Milli Məclisin deputatı Tahir Kərimli Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

– Tahir bəy, bir aydan sonra COVID-19 pandemiyasının ortaya çıxmasının ikinci ili tamam olacaq. Xəstəliyin indiyə qədər davam etməsi çoxlarında belə rəy yaradır ki, koronavirus laboratoriya məhsuludur və süni formada idarə olunur. Sizin bu haqda düşüncələriniz necədir?

– Əvvəla qeyd edim ki, mən ailə üzvlərimlə birlikdə bu xəstəliyi keçirmişəm, üstəlik bir sıra əzizlərimi bu xəstəlik səbəbindən itirmişəm. COVID-19 virusu istər süni şəkildə laboratoriyada istehsal olunsun, istərsə də təbii yolla ortaya çıxsın, reallıq odur ki, belə bir xəstəlik var, insanları məhv edir. Amma bu xəstəliyin yayılması arealının müəyyən edilməsi, genişləndirilməsi, sistemli davam etməsi, onun müalicəsi, epidemiya formasında yayılması və ona qarşı dərmanların hazırlanması, inhisarçı dərman korporasiyalarının milyardlar qazanması və sair kimi halların hamısı ortadadır. Şübhə etmirəm ki, bütün dünyada bunun təbii yolla yayılma və genişlənməsi, dövlətlərə təsiri və qarşısıalınmaz prosesə çevrilməsinə süni müdaxilə şərait yaradır. Siyasətdən anlayışı olan hər kəsə aydındır ki, beynəlxalq səhiyyə qurumları böyük güc və dövlətlərin əlində alətdir. Çünki onların maliyyələşməsi böyük dövlətlərdən asılıdır. Böyük dövlətlərin də bu prosesin davam etməsində marağı var.

– Hansı maraqları?..

– Maraqları odur ki, bu xəstəlik vasitəsilə dövlətlərin çoxunun iqtisadiyyatını çökdürürlər, insanların rifah halını məhv edirlər, əhalinin azaldılması proqramını həyata keçirirlər, insanların təbii artımının qarşısı alınır. Eləcə də insanlar bioloji, tibbi və mənəvi cəhətdən xəstə hala gətirilir. Gücdən düşmüş, ruhu yorulmuş cəmiyyətlərin idarə olunması daha asandır. Başqa tərəfdən, bioloji-mənəvi gücünü itirən insanlarda laqeydlik yaranır. Əvvəllər bizim uzaq bir qohumumuz hətta ucqarda vəfat edəndə yas mərasiminə gedirdik, iştirak edirdik. Yəni təəssübkeşlik edir, yaxınlarına ürək-dirək verirdik. İndisə yaxın dost-qohum rəhmətə gedəndə görürsən ki, insanlar laqeydləşir. Bu mənada koronavirus həm də insanların həyatının qiymətini düşürüb. Nəzərə almaq lazımdır ki, cəmiyyət insanların toplumu deməkdir. Cəmiyyət özü də gücdən düşdüyünə görə, onun idarə olunması asandır. Çünki cəmiyyətləri idarə edən dövlətlərin özləri xarici güclərdən, beynəlxalq səhiyyə təşkilatlarından, böyük tibbi sənaye müəssisələrindən, güclərdən asılı duruma düşür və asanlıqla idarə olunur. Həmçinin xəstəliyin qarşısını alınması üçün guya görülən tədbirlər və vaksinlərin hazırlanması milyardlarla pulla yaradır. Bütün dünya dövlətlərində iqtisadiyyat, sosial həyat, insanların mənəvi münasibətləri – hər şey geriyə gedir, əvəzində artan yalnız ərzaq mağazaları və apteklərdir. Əslində bu, onu göstərir ki, ərzaq və dərman vasitəsilə cəmiyyətlər idarə olunur. Yəni bir tikə çörəyə ehtiyacı olan və sağalacağına ümid edən insanlar son nəticədə belə güclərin idarəsi altında olmağa müqavimət göstərmir. Ola bilsin ki, hansısa dövlətlərdə səhiyyə təşkilatları sağlam əsaslıdır, amma onlar heç vaxt müstəqil ola bilməz. Beynəlxalq güclərin iradəsinin ifadəsinə çevrilmək məcburiyyəti qarşısında qalırlar. Pandemiya dövründə bunu gördük.

– Siz, COVID-19-un laboratoriya “məhsul”u olduğunu düşünmürsünüz?

– Mən bunu istisna etmirəm. Deyilənlərə inansaq, virus ilk olaraq Çinin Uhan şəhərində ortaya çıxıb. Məsələnin vacib tərəfi odur ki, bunun süni və ya təbii yolla yaranması bir yana, bundan istifadə qaydaları və idarə olunması məsələsi var. Siyasətdə xaosun idarə olunması nəzəriyyəsi var. Demək olar ki, əksər dövlətlər bu metodologiyadan istifadə edirlər. Eyni zamanda insanların sağlamlığı üzərindən siyasət qurulur, natamam sağlamlıqla dünyanın idarə olunması daha asanlaşır.

– Koronavirus pandemiyası milyonlarla insanın həyatına son qoydu. Sizcə, insan ölümləri davam edəcək, yoxsa xəstəlik yaxın dövrdə insan həyatından çıxacaq?

– Fəlsəfədə kateqoriyalar var. Burada hər şeyin əvvəli və axırı var. Bir müddətdən sonra insanlar beziblər. Açığını deyim ki, dövlət və hökumət orqanları da artıq yorulur. Biz və bütövlükdə dünya bu mərhələni virusla birgə yaşamışıq. Əvvəl koronavirus çıxanda onun haqqında bütün dünya hökumətləri danışır, tədbirlər görürdü. Amma indi bəzən bütöv ailə virusa yoluxur, amma onu qeydə almırlar. Yəni adiləşir, laqeydlik yaranır, qurumlar bundan bezirlər, öz taleləri ilə bağlı düşünmək istəyində olmurlar. Fikrimcə, koronavirus uzun çəkəcək, heç kim ümid etməsin ki, bu, tezliklə başa çatacaq xəstəlikdir.

– Niyə?

– Çünki bu, dünyanı idarə edən siyasətçilərə və mərkəzlərə lazımdır. Hesab edirəm ki, bu xəstəlik davamlı olacaq. Çox təəssüflər olsun ki, bu gün dünyada koronavirusu aradan qaldırmaq imkanları yoxdur. Diqqət edin, soyuq nüvə enerjisini almaq istəyən, məsafədən enerji ötürən böyük alimlərin ixtiraları olub. Amma bunların hamısı məhv edilib. Niyə? Çünki bu halda enerji istehsalçıları pulsuz qalacaq, elmi nəaliyyət qarşısında geri düşəcəkdilər. Bu gün sanki virusun əsl dərmanının tapılmasına müqavimət var. Koronavirusun kökünü kəsəcək dərman olsa inanın ki, beynəlxalq mərkəzlər, dərman korporasiyaları bunun qarşısını almağa çalışacaq. Çünki insanların tam sağalmaması, daima asılı vəziyyətdə olması onların maraqlarına uyğundur. Necəki məsafədən enerji ötürən ixtiralar olsaydı, elektrik naqillərinə, stansiyalara, bu sahədə istehsalata ehtiyac qalmayacaqdı. Başqa sözlə, milyardlar əllərindən çıxacaqdı. İndi də koronavirusu sıradan çıxaracaq dərman ortaya qoyulsa, milyardlarla qazanc əldə edən müəssisələr geri düşəcək, var-dövlət əllərindən çıxacaq. Onlar maraqlı deyillər ki, bu xəstəliyi yox edəcək həqiqi dərman tapılsın. Diqqət edin, koronavirus kimi xəstəliklər və infeksiyalar olub. Amma onun vaksini də tapılıb və insanlar vaksin olmaqla bu xəstəliklər aradan qalxıb. İndi əvvəl iki doz vaksin ortaya çıxdı, indi üçüncüdən, dördüncüdən bəhs edilir, sağalmaq üçün bunu etməyin lazım olduğu deyilir. Bu nə deməkdir? Mən hələ mövzunu bəzən kimlərsinsə ortaya atdığı “cip yerləşdirilir” məsələsinə gətirmək istəmirəm. Bu məqama toxunmasam da, hesab edirəm ki, dünyanı idarə edənlər koronavirusun əsl dərmanının tapılmasında maraqlı deyil.