Bakıda polis tərəfindən müxtəlif müdaxilələrlə nəqliyyat vasitəsinin görünüşünü və ağırlıq mərkəzini dəyişən avtomobil aşkarlanıb.
“MediaPost” xəbər verir ki, cərimə meydançasına aparılan və ön hissəsi qaldırılan “VAZ 2107” markalı avtomobilin görüntüsü sosial şəbəkələr də müzakirələrə səbəb olub.
Məsələ ilə bağlı “MediaPost”a açıqlama verən Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov bidirib ki, bu foto ilə əməkdaşlarımız iki gün qabaq tanış olublar.
“Ötən gündən etibarən bu avtomobilin tapılması ətrafında araşdırma aparılıb. Polis əməkdaşları sözügedən avtomobili tərk edildiyi yerdə aşkar ediblər. Hazırda bu əməli törədən şəxsin axtarışları davam edir. Müvafiq şəxslərdən izahatlar alınır”, – o bildirib.
Polis polkovniki qeyd edib ki, məsələ ilə bağlı ətraflı məlumat verəcək.
Vaqif Əsədov sonda bu cür “sürücülərə” müraciət edərək deyib: “Müxtəlif qayda pozuntuları edərək yol hərəkəti qaydalarını heçə saymaq, ətrafa təhlükə yaratmaqla ictimai-asayişi pozmaq və bu əməlləri lentə alaraq sosial şəbəkələrdə paylaşmaqla gənclərə pis örnək olmaq yolverilməzdir”.