Heydər Əliyevin xarici siyasət strategiyası və Azərbaycanın milli təhlükəsizliyi

479

Ötən əsrin sonlarında dünyada bir sıra dəyişikliklərin baş verməsi nəticəsində Şərqlə Qərb arasındakı qarşıdurma və gərginlik tədricən aradan qalxdı və beləliklə “soyuq müharibə” başa çatmış oldu. Həmin proseslərin nəticəsi olaraq bir sıra Şərqi Avropa ölkələri öz dövlət müstəqilliklərini əldə etdilər. Bunun ardınca ötən əsrin 90-cı illərinin əvvəllərində SSRİ kimi böyük bir imperiyanın dağılması nəticəsində yeni müstəqil dövlətlərin yaranması prosesi başladı. Belə müstəqil dövlətlərdən biri də 1991-ci ilin oktyabr ayının 18-də öz dövlət müstəqilliyini qazanmış Azərbaycan Respublikası oldu. Dövlət müstəqilliyinin elan olunmasından sonra qısa bir zaman müddətində dünyanın bir çox dövlətləri Azərbaycan Respublikasının dövlət müstəqilliyini tanıdı. Yeni yaranmış müstəqil dövlət kimi Azərbaycan Respublikası bir çox beynəlxalq və regional təşkilatlara daxil olaraq həmin təşkilatlarla və eyni zamanda dünyanın bir sıra dövlətləri ilə diplomatik əlaqə və münasibətlər yaratmağa başlamışdır.

Çox təəssüflər olsun ki, dövlət müstəqilliyinin ilk illərində qısa bir zaman kəsiyində bir-birini əvəz edən məlum hakimiyyətlərin səriştəsiz və naşı siyasətləri nəticəsində ölkəmiz dünyada və regionda təcrid vəziyyətinə düşdü. Hətta iş o yerə çatdı ki, bəzi yaxın və uzaq ölkələrlə Azərbaycan arasında qarşıdurma vəziyyətinə gətirib çıxara biləcək ziddiyyətlər meydana gəldi.

1993-cü ildə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə gəlməsi nəticəsində ölkə həyatının başqa sahələrində olduğu kimi xarici siyasət sahəsində də əhəmiyyətli dəyişikliklər baş verdi. Həmin dövrdə yenicə dövlət müstəqilliyini əldə etmiş gənc dövlətin milli maraqlara uyğun və elmi cəhətdən əsaslandırılmış xarici siyasət kursunun işlənib hazırlanmasına və praktik olaraq həyata keçirilməsinə çox böyük ehtiyac vardı. Çox çətin və mürəkkəb dövrdə və əhatədə olan Azərbaycan dövlətinin xarici siyasət kursunu böyük dövlətçilik təcrübəsi olan, dünyada baş verən siyasi hadisə və proseslərə dərindən bələd olan Heydər Əliyev işləyib hazırlaya bilərdi. Heydər Əliyevin qeyri-adi əzmkarlığı, iradəsi və zəkası sayəsində ölkənin daxilində baş verən vətəndaş müharibəsi və hakimiyyət çevrilişləri cəhdlərinin qarşısı alındı. Ölkənin daxilində davamlı sabitliyin və vətəndaş həmrəyliyinin əldə olunması kimi çətin və mürəkkəb vəzifələr də öz həllini tapmış oldu. Bütün bu hadisə və proseslərin düzgün istiqamətə yönəldilməsi Ermənistanın Azərbaycanın ərazisinə hərbi təcavüzü və təcavüzün qarşısının alınması fonunda baş verirdi. Həmin dövrdə Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi və işğalın nəticələrinin dünya ictimaiyyətinə çatdırılması və Azərbaycanın haqlı tələblərinin yerinə yetirilməsi ölkəmizin xarici siyasət kursunda əsas yerlərdən birini tutmuşdu.

Dünyada və regionda baş verən siyasi hadisə və prosesləri dərindən və hərtərəfli təhlil edərək, ulu öndər Heydər Əliyev ilk növbədə Azərbaycanın beynəlxalq təşkilatlarda təmsil olunmasına nail oldu.Həmin dövrdə Heydər Əliyev beynəlxalq təşkilatların tribunalarından çox bacarıqla istifadə edərək, Ermənistanın Azərbaycana təcavüzünün nəticələri və ölkəmiz haqqında obyektiv məlumatları dünyaya çatdırmağa çalışırdı. Ulu öndər bütün xarici səfərlərində keçirdiyi görüşlər zamanı ölkəmizin tarixi, mədəniyyəti, təbii sərvətləri, geosiyasi mövqeyi haqqında ətraflı məlumatlar verməklə yanaşı əsas diqqəti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və həmin münaqişənin sülh yolu ilə tənzimlənməsi məsələlərinə yönəldirdi.

Dünyanın ən nüfuzlu və universal təşkilatı olmasını nəzərə alaraq Heydər Əliyev BMT-Azərbaycan əlaqələrinə xüsusi önəm verirdi. Elə bu uzaqgörən və ardıcıl siyasət nəticəsində BMT Təhlükəsizlik Şurasının Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi ilə əlaqədar dörd qətnaməsinin qəbul olunmasından sonra həmin siyasətin nəticəsi kimi BMT Baş Assambleyasının 65-ci sessiyasında “İşğal olunmuş ərazilərdə vəziyyətə dair” məsələ müzakirə olunmuş və müvafiq qətnamə qəbul edilmişdir. Azərbaycanın dövlət müstəqilliyinin ilk illərində ulu öndər Heydər Əliyev ölkəmizin milli maraqlarını və təhlükəsizliyini nəzərə alaraq dünyanın böyük güc mərkəzləri ilə balanslaşdırılmış siyasətə üstünlük verdi. Belə güc mərkəzləri kimi həmin dövrdə ABŞ, Avropa İttifaqı, Rusiya Federasiyası və Çin çıxış edirdi. Bu ölkələrin bəzilərinin BMT Təhlükəsizlik Şurasının üzvü olması faktını nəzərə alaraq, Heydər Əliyev həmin ölkələrlə daha yaxşı əlaqələrin qurulmasına çalışırdı. Ulu öndər eyni zamanda müstəqilliyin ilk illərində bəzi yaxın və uzaq ölkələrlə pozulmuş əlaqə və münasibətlərin yenidən qurulmasına çox böyük önəm verirdi.

Azərbaycan Respublikasının siyasi və hərbi təhlükəsizliyini təmin etmək məqsədilə Heydər Əliyev müasir dünyanın ən güclü və nüfuzlu hərbi-siyasi təşkilatı olan NATO ilə əməkdaşlığa da çox böyük üstünlük verirdi.

Bu məqsədlə 1994-cü ilin may ayının 4-də NATO-nun mənzil-qərargahının yerləşdiyi Brüssel şəhərinə səfər edərək orada “Sülh Naminə Tərəfdaşlıq Proqramının” çərçivə sənədini imzalamışdır. Sənədin imzalanmasından sonra Azərbaycan-NATO əlaqələrində dinamik inkişaf başladı, ölkəmizin təhlükəsizliyi ilə bağlı Alyansla daimi məsləhətləşmələr aparıldı, Azərbaycan ordusunda islahatların gerçəkləşdirilməsi və ordunun NATO standartlarına uyğunlaşdırılması həyata keçirildi. Bununla yanaşı, Azərbaycan ordusunun hissələri NATO-nun müxtəlif sülhyaratma əməliyyatlarında iştirak etməyə başladı. Hazırda NATO-Azərbaycan əlaqələri yüksələn xətt üzrə inkişaf edir. “Fərdi Tərəfdaşlıq üzrə Fəaliyyət Proqramı” çərçivəsində Alyansla Azərbaycan arasında bir çox sahələrdə əməkdaşlıq uğurla davam etdirilir. NATO Parlament Assambleyasının ildə iki dəfə keçirilən sessiyalarında Azərbaycan Respublikası Milli Məclisinin nümayəndə heyəti yaxından iştirak edir. 2010-cu ilin sonlarında keçirilən NATO-nun Lissabon sammitində qəbul olunmuş Alyansın “Yeni strateji konsepsiyasında” Azərbaycan Respublikasının ərazi bütövlüyü dəstəklənmişdir. Qeyd etmək lazımdır ki, NATO-nun bundan əvvəl keçirilən Riqa və Buxarest sammitlərində də Azərbaycanın ərazi bütövlüyü dəstəklənmişdir.

Özünün xarici siyasət kursunda ümummilli lider Heydər Əliyev Avropa İttifaqı ilə əlaqələrə xüsusi əhəmiyyət verirdi. Çünki Avropa İttifaqı dünyada baş verən bütün siyasi hadisə və proseslərə təsir etmək imkanlarına malik olan bir təşkilatdır. 1996-cı ildə Avropa İttifaqı ilə Azərbaycan arasında Lüksemburqda “Bir tərəfdən Avropa Birliyi və onun üzvü olan dövlətlər, digər tərəfdən Azərbaycan Respublikası arasında Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi” imzalanmışdır. Sənəddə Azərbaycanla Avropa İttifaqı arasında siyasi və ticarət sahəsində əməkdaşlıq, Azərbaycanın qanunvericiliyinin Avropanın hüquq sisteminə uyğunlaşdırılması məsələləri öz əksini tapmışdır. Hazırda Azərbaycan Avropa İttifaqı ilə “Şərq tərəfdaşlığı” proqramı çərçivəsində əməkdaşlıq edir.

Özünün xarici siyasət kursunda Heydər Əliyev Avropa Şurası kimi mötəbər bir təşkilata da çox böyük əhəmiyyət vermişdir. 2001-ci il yanvarın 25-də Azərbaycan AŞ-nın tam hüquqlu üzvü seçilmişdir. Bu il Azərbaycanın AŞ-na üzvlüyünün 10 ili tamam oldu. Ötən bu 10 il ərzində Azərbaycanla AŞ arasında əlaqələr dinamik olaraq inkişaf etmişdir. Azərbaycan Respublikası Milli Məclisinin AŞ Parlament Assambleyasındakı nümayəndə heyəti sessiyalarda fəal iştirak edərək Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması sahəsində çox böyük işlər görmüşlər. 2011-ci ilin yanvar ayında AŞ-nın Dağlıq Qarabağadair Alt Komitəsinin işinin yenidən bərpa olunması haqda qərar qəbul olunmuşdur.

Azərbaycanın xarici siyasətində ulu öndər Heydər Əliyev eyni zamanda MDB, GUAM, Qara dəniz İqtisadi Əməkdaşlıq Komitəsi, İslam Konfransı Təşkilatı və digər təşkilatlarla əlaqə və münasibətlərin qurulmasına böyük əhəmiyyət vermişdir. Həmin siyasətin məntiqi nəticəsi kimi yuxarıda adlarını çəkdiyimiz təşkilatların böyük əksəriyyəti beynəlxalq qurumlarda Azərbaycanın haqlı mövqeyini dəstəkləyirlər.

Azərbaycan Respublikasının əlverişli geosiyasi və coğrafi məkanda yerləşməsini, Şərqlə Qərb, Şimalla Cənub arasında təbii körpü rolunu oynamasını və eyni zamanda zəngin təbii sərvətlərə, karbohidrogen ehtiyatlarına malik olmasını nəzərə alaraq Heydər Əliyev neft-qaz və nəqliyyat kommunikasiya layihələrinin işlənib hazırlanmasına və praktik olaraq həyata keçirilməsinə xüsusi əhəmiyyət verməyə başladı. Azərbaycanın o dövrdəki iqtisadi vəziyyətini nəzərə alan Heydər Əliyev ilk növbədə ölkəyə xarici investisiyaların cəlb olunması istiqamətində lazımi işlərin görülməsini təmin etdi. Belə tədbirlərdən biri xarici investorların investisiyalarının qorunması və onlar üçün əlverişli şəraitin yaradılması idi. Ölkəyə xarici investisiyaların cəlb olunması üçün ilk növbədə neft və qaz layihələrinin reallaşdırılmasını və onun dünya bazarlarına çıxarılmasını təmin etmək lazım idi. 1994-cü ildə çox böyük maneə və çətinliklərə baxmayaraq “Əsrin müqaviləsi” adlanan böyük neft müqaviləsinin bağlanması ilə bu istiqamətdə ilk addım atıldı.

Tarixi təcrübə göstərdi ki, ulu öndərin uğurlu neft strategiyası ölkəmizin iqtisadi inkişafı ilə bərabər onun beynəlxalq imicinin və nüfuzunun artmasına da səbəb olmuşdur. Heydər Əliyevin yeni neft strategiyası nəticəsində bu gün Azərbaycan Respublikası regionun ən dinamik inkişaf edən, iqtisadi cəhətdən özünü tam təmin edən, heç bir ölkədən asılı olmayan və eyni zamanda tam müstəqil siyasət yeridən bir ölkəyə çevrilmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasət nəticəsində hazırda Azərbaycan regionun ən güclü və dinamik inkişaf edən ölkəsinə çevrilmişdir. Azərbaycan Prezidenti İlham Əliyev ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan neft strategiyasının inkişaf etdirilməsinə böyük önəm verir və neft-qaz kəmərlərinin daha çox şaxələnməsinə çalışır. 2010-cu ildə Azərbaycanda 30 milyard kubmetr qaz və 52 milyon ton neft hasil olunmuşdur. Həmin məhsulların müxtəlif istiqamətlərdə dünya bazarlarına çıxarılması çox vacibdir. Bu yaxınlarda Xəzərin “Ümid” yatağında 200 milyard kubmetr qaz ehtiyatının aşkar edilməsi gələcəkdə ölkəmizin iri qaz ixracatçısı olan ölkələrdən birinə çevrilməsi ümidlərini bir daha artırır.

2011-ci il yanvar ayının 17-də Davosda keçirilən 41-ci Dünya İqtisadi Forumunda çıxış edən Prezident İlham Əliyev qeyd etmişdir ki, Azərbaycan müstəqil siyasət yürüdən, regionda yaxşı mövqeyə malik olan və gələcəyə böyük ümidlərlə baxan müstəqil ölkədir. Dövlət başçısı İlham Əliyev Azərbaycanın neft ölkəsi kimi tanındığını xatırladaraq qeyd etmişdir ki, neft XIX əsrdə məhz Azərbaycanda hasil edilmişdir. “Sonradan dənizdə də neft yenə Azərbaycanda çıxarılıb. Lakin bu gün biz bir sıra mühüm şaxələnmə layihələri üzərində işləyirik. Bizim enerji daşıyıcılarını beynəlxalq bazarlara nəql edən 3 neft və 4 qaz boru kəmərimiz var. Biz nəhəng qaz yataqlarını aşkar etmişik. Onlar bizə böyük qaz ixracatçısı olmağa imkan verir. Hazırda biz təbii qazı qonşu ölkələrə ixrac edirik. Hasilatın artırılması və yeni bazarların tapılması ilə bağlı böyük planlarımız var. Azərbaycanın təsdiq edilmiş qaz ehtiyatları 2,2 trilyon kubmetrdir və bu həcm İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı sədrinin qeyd etdiyi kimi bizim üçün 100 ildən artıq müddətə kifayətdir”.

2011-ci ilin yanvar ayının ortalarında Avropa İttifaqı ilə Azərbaycan arasında enerji razılaşması əldə olunmuşdur. Həmin razılaşma Avropa Komissiyasının sədri Xose Manuel Barrozunun Bakıya rəsmi səfəri zamanı əldə olunmuşdur. İmzalanmış birgə Bəyannamədə qeyd olunur ki, Azərbaycan Avropa İttifaqına uzunmüddətli perspektiv üçün əhəmiyyətli həcmdə qaz verməsini öhdəlik kimi öz üzərinə götürür, Avropa İttifaqı isə həmin qazın bazara çıxarılmasını təmin edir. Analoji razılaşma Türkmənistan tərəfi ilə də əldə olunmuşdur. Bakıya səfərindən dərhal sonra Avropa Komissiyasının sədri X.M.Barrozu Türkmənistana səfər edərək, həmin ölkənin Prezidenti Qurbanqulu Berdiməhəmmədovla görüşmüş və “NABUCCO” layihəsinin reallaşması üçün rəsmi Aşqabadın razılığını almışdır. Çox böyük qaz ehtiyatlarına malik olan Türkmənistan da özünün qaz kəmərlərinin saxlanmasında maraqlıdır. Türkmənistandan başlanan “NABUCCO” qaz kəməri Xəzər dənizinin dibindən keçərək, Azərbaycan-Gürcüstan-Türkiyə ərazisi vasitəsilə Avropaya çıxacaqdır. Daha sonra kəmərin iki şaxəyə – Türkiyə – Yunanıstan – İtaliya və Transadriatik boru kəmərlərinə ayrılması planlaşdırılır. Ümumiyyətlə, “NABUCCO” qaz kəməri ilə ildə 31 milyard kubmetr qaz nəql olunması nəzərdə tutulur. Kəmərin tikintisinin 2015-ci ildə başa çatdırılması nəzərdə tutulur. Azərbaycan Prezidenti İlham Əliyev bu və digər layihələri nəzərə alaraq qeyd etmişdir ki, bu gün regionda Azərbaycanın iştirakı olmadan heç bir layihənin həyata keçirilməsi mümkün deyildir.

“Cənub qaz dəhlizi”nə “NABUCCO” və onun qolları olan TYİ, Transatlantik qaz kəmərləri ilə yanaşı, Azərbaycan, Gürcüstan və Rumıniyanın iştirakı ilə həyata keçirilən AGRİ layihəsi də daxildir. 2010-cu ilin sentyabr ayında həmin layihənin reallaşdırılması məqsədi ilə Bakı Bəyannaməsi qəbul olunmuşdur. Bu məqsədlə iştirakçı dövlətlər birgə müəssisənin yaradılmasına da razılıq vermişlər. Layihəyə görə Azərbaycan qazı Gürcüstanın Qara dəniz sahilindəki xüsusi terminala çatdırıldıqdan sonra orada sıxılmalı, oradan gəmilər vasitəsilə Konstansa limanına çatdırılmalı və orada yenidən təbii qaz halına gətirilməlidir.Həmin layihənin ötürücülük gücündən asılı olaraq ildə 5-8 milyard qaz ixrac etmək olar.

İkinci dəfə siyasi hakimiyyətə qayıtdıqdan sonra Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev dünyada və regionda gedən prosesləri nəzərə alaraq transmilli nəqliyyat-kommunikasiya layihələrinin reallaşmasına da böyük önəm verməyə başladı. Avropa ilə Asiyanı birləşdirən TRASEKA layihəsi hələ qədim zamanlardan mövcud olan “Qədim İpək yolu” marşrutunun yeni layihəsidir. Ulu öndərin uzaqgörən diplomatik səyləri nəticəsində 1998-ci ilin sentyabr ayında Bakıda TRASEKA layihəsinin reallaşması istiqamətində ilk addım atıldı və böyük bir beynəlxalq konfrans keçirildi. Həmin beynəlxalq konfransda 32 ölkənin və 13 beynəlxalq təşkilatın nümayəndələri iştirak edirdilər. Konfrans iştirakçıları TRASEKA layihəsinin texniki və iqtisadi tərəflərini özündə əks etdirən sənəd qəbul etdilər. Sənəd “Avropa-Qafqaz-Asiya” nəqliyyat dəhlizinin inkişaf etdirilməsi üzrə beynəlxalq nəqliyyat haqqında çoxtərəfli əsas saziş adlandırılmışdır. Qeyd etmək lazımdır ki, TRASEKA layihəsi Çindən və Sarı dənizdən Avropaya qədər gedib çıxan çox böyük bir layihədir. Avropanı Asiya ilə birləşdirən bu layihə iqtisadi cəhətdən çox səmərəli layihədir. Hazırda Avropa ilə Asiya arasında əsas marşrut kimi Süveyş kanalından istifadə olunur.Avropa ilə Asiya arasında hazırda ticarət dövriyyəsi 2 trilyon, nəqliyyat xərcləri isə 200 milyard dollardır. TRASEKA layihəsinin tam reallaşmasından sonra Avropa ilə Asiya arasındakı yük daşımaları Süveyş kanalı vasitəsi ilə daşınan yüklərdən 20 gün tez Avropaya və əks istiqamətə çatdırıla bilər. TRASEKA layihəsinin əsas marşrutunun Azərbaycan üzərindən keçməsini nəzərə alsaq, gələcəkdə ölkəmizin əsas tranzit ölkələrdən birinə çevrilməsini aydın şəkildə təsəvvür etmək olar.

Ümummilli lider Heydər Əliyevin çox böyük əhəmiyyət verdiyi layihələrdən biri də TRASEKA layihəsinin ayrılmaz tərkib hissəsi olan Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin tikilib istifadəyə verilməsi olmuşdur. Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi dünyanın ən böyük transmilli dəmir yolu layihələrindən biridir. Layihənin reallaşması nəticəsində dəmir yolunun üzərində yerləşən ölkələr çox böyük iqtisadi səmərə əldə edə bilərlər. Layihənin reallaşmasından sonra yükdaşımaların həcminin artması ilə yanaşı, nəqliyyat daşımalarında tətbiq olunan tariflər və rüsumlar aşağı düşəcək və yüklərin çatdırılma vaxtı xeyli azalacaqdır.

2007-ci ilin fevral ayında Azərbaycan və Gürcüstan respublikalarının prezidentləri Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisinə dair yekun sənədini imzaladılar. Bundan sonra dəmir yolunun tikintisinə start verildi. Qeyd etmək lazımdır ki, digər layihələrin gerçəkləşməsində olduğu kimi Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin reallaşmasında da bir çox maneələr yaradılmışdır. Bütün bu maneə və çətinliklərə baxmayaraq dəmir yolunun tikintisi uğurla davam etdirilir və 2012-ci ildə onun istifadəyə verilməsi nəzərdə tutulmuşdur. Azərbaycan dəmir yolunun Gürcüstandan keçən hissəsinin tikilməsi üçün 200 milyon dollar vəsait ayırmışdır. Azərbaycan üçün dəmir yolunun tikilib istifadəyə verilməsinin bir üstün cəhəti də ondan ibarətdir ki, Türkiyənin Qars şəhərindən Naxçıvana da dəmir yolu çəkilməsi nəzərdə tutulmuşdur.

Azərbaycan Prezidenti İlham Əliyev 2011-ci ilin yanvar ayının 17-də Davosda keçirilən iqtisadi forumda qeyd etmişdir ki, Azərbaycanın coğrafi mövqeyi çox əlverişlidir: “Hazırda biz Şərq-Qərb və Şimal-Cənub daşıma dəhlizləri sahəsində işləyirik. Türkiyə ilə Azərbaycan arasında olan dəmir yolu xətti sırf iki ölkəni birləşdirən xətt deyil, əslində bu, Avropa ilə Asiya arasındakı bağlantıdır. Çünki həmin dəmir yolu Çindən başlayıb Avropaya qədər gedəcək. Bu, yeni etibarlı alternativlərin yaranmasına imkan verəcək və bütün tərəflər üçün faydalı, səmərəli marşrut olacaq”.

Hazırda Azərbaycan Respublikası Şimal-Cənub nəqliyyat-kommunikasiya dəhlizinin tam gücü ilə işləməsində maraqlı ölkə olaraq qalmaqdadır. Şimal-Cənub nəqliyyat-kommunikasiya dəhlizi Azərbaycandan keçərək İran-Rusiya və Avropanı birləşdirir. 2001-ci ilin aprel ayında Tehranda Rusiya ilə İran arasında nəqliyyat sahəsində memorandum imzalanmışdır. Həmin sənəddə qeyd olunur ki, Şimal-Cənub nəqliyyat dəhlizinin reallaşdırılması üçün Rusiya-Azərbaycan-İran dəmir yolu marşrutunun tam tikilməsi çox vacibdir. Dəmir yolunun Astara (İran) – Rəşt-Qəzvin hissəsinin tikintisini İran tərəfi öz üzərinə götürmüşdür və hazırda tikinti işləri davam etdirilir. Layihədə İran Astarası ilə Azərbaycan Astarasını birləşdirən dəmir yolu da çəkilməlidir. Qeyd etmək lazımdı ki, Sovet İttifaqı dövründə İranla SSRİ-ni birləşdirən yeganə dəmir yolu Azərbaycan ərazisindən keçərək Naxçıvana, oradan isə İrana gedirdi. Sovet İttifaqı dağıldıqdan sonra həmin dəmir yolunun keçdiyi ərazilərin bir hissəsinin Ermənistan tərəfindən işğal olunması və dəmir yolunun tamamilə dağıdılması nəticəsində həmin dəmir yolu hazırda işləmir. 2011-ci ilin yanvar ayının 31-də Tehranda “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin tikilməsi istiqamətində növbəti üçtərəfli görüş (Azərbaycan-Rusiya-İran) başlanmışdır. İki gün davam edən tədbirdə “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin tərkib hissəsi olan Qəzvin-Rəşt-Astara (İran) – Astara (Azərbaycan) xəttinin tikintisinə dair birgə müştərək müəssisəsinin təsis olunması, tikintinin layihələndirilməsi və digər məsələlər müzakirə olunmuşdur.

Ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında ən böyük xidmətlərindən biri də uğurlu neft strategiyasının işlənib hazırlanması və reallaşması oldu. Heydər Əliyevin gərgin əməyi və əzmkarlığı sayəsində Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəməri tikilib istifadəyə verildi. 1999-cu ilin noyabr ayında Türkiyənin İstanbul şəhərində ATƏT-in zirvə sammiti çərçivəsində “Bakı-Tbilisi-Ceyhan” ixrac boru kəməri vasitəsi ilə Azərbaycan, Gürcüstan və Türkiyə ərazilərindən Xəzər dənizindən çıxarılan əsas xam neftin nəqli haqqında” saziş imzalandı. Sazişi prezidentlər Bill Klinton, Heydər Əliyev, Süleyman Dəmirəl və Eduard Şevardnadze imzalamışlar. Həmin layihənin reallaşmasından sonra Bakı-Tbilisi-Ərzurum qaz kəməri layihəsinin reallaşdırılmasına başlanıldı.

Adıçəkilən neft və qaz kəmərlərinin işə düşməsi nəticəsində ölkəmizin gücü artmış, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında rolu güclənmişdir. İndiyə qədər Azərbaycana 90 milyard dollar investisiya qoyulmuşdur ki, onun 50 milyardı xarici investorların payına düşür. 2011-ci ildə Azərbaycanda 51 milyon ton neft hasil olunubdur ki, onun da 45 milyon tonu ixrac olunmuşdur. Ulu öndər Heydər Əliyevin uğurlu neft strategiyasının reallaşması nəticəsində hazırda Azərbaycan regionun ən güclü və dinamik inkişaf edən, özünün enerji tələbatını tam təmin edən və heç bir ölkədən asılı olmayan bir ölkəyə çevrilmişdir.

Dövlət müstəqilliyini əldə etdikdən sonra Azərbaycan Respublikasının qarşısında ən çətin və mürəkkəb məsələlərdən biri də ölkənin xarici siyasət kursunun milli təhlükəsizlik tələbatlarına uyğunlaşdırılması sahəsində atılan addımlar oldu. Böyük dövlət xadimi olan Heydər Əliyevin dövlət idarəçiliyi sahəsindəki təcrübəsi və biliyi sayəsində ölkəmiz həmin dövrdə bir çox təhdid və təhlükələrdən xilas oldu. Ölkənin xarici siyasət kursunu müəyyən edərkən Heydər Əliyev birinci növbədə Azərbaycanın milli maraqlarına əsaslanan milli təhlükəsizlik siyasətini əsas götürməyə çalışmışdır. Məlum olduğu kimi, hər bir ölkənin xarici siyasəti həmin dövlətin suverenliyini, ərazi bütövlüyünü və təhlükəsizliyini təmin etmək üçün aparılan siyasətdir. Azərbaycan Respublikasının milli təhlükəsizlik siyasəti milli mənafeyə və maraqlara əsaslanır.Məlumdur ki, milli maraqları da milli tələbatlar yaradır. Bir çox politoloqlar milli mənafeləri bəzi meyarlara görə əsas maraqlara və xüsusi maraqlara ayırmağa çalışırlar.

Milli mənafe və milli təhlükəsizlik konsepsiyası əsasən ötən əsrin əvvəllərində ABŞ politoloqları və siyasi xadimləri tərəfindən işlənilmişdir. ABŞ siyasi realizm məktəbini yaradanlarından biri olan H.Morgentau ilk dəfə milli mənafe və milli təhlükəsizlik konsepsiyasını nəzəri cəhətdən işləmişdir. H.Morgentau ölkənin milli təhlükəsizliyinin təmin olunmasında güc amilini ön plana çəkmişdir. Hər bir ölkənin gücü onun iqtisadi və hərbi gücündən, həmin ölkənin böyüklüyü və əhalisinin sayından, geosiyasi mövqeyindən, təbii ehtiyatlarından, xarici ölkələrlə aparılan diplomatiyanın səmərəliliyindən və başqa amillərdən asılıdır.

Milli təhlükəsizliyin xarici siyasət vasitəsilə təmin olunmasına ilk növbədə ölkəmizin ərazi bütövlüyü və suverenliyi, dövlətin və şəxsiyyətin təhlükəsizliyinin təmin olunması daxildir. Suveren dövlət kimi bu gün Azərbaycan daxili və xarici siyasət vasitələrindən istifadə edərək, mövcud təhlükəsizlik mühitinə təhdidlərin nəzarət altında saxlanmasına və aradan qaldırılmasına çalışır.

Şərqlə Qərb, Şimalla Cənub arasında təbii körpü rolunu oynaması və əlverişli geosiyasi məkanda yerləşməsi, eyni zamanda zəngin təbii sərvətlərə malik olması dünyanın bir çox dövlətlərinin Azərbaycana marağını daha da artırır. Yuxarıda qeyd olunan bir çox üstünlüklərlə yanaşı, Azərbaycana qarşı bir çox təhdid və təhlükələrin qarşısını almaq məqsədi ilə ölkəmiz təhlükəsizlik mühitini daima nəzarətdə saxlamaq məcburiyyətindədir. Ölkə başçısı İlham Əliyev Azərbaycanın mürəkkəb geosiyasi məkanda və əhatədə olmasını nəzərə alaraq, böyük güc mərkəzləri ilə balanslaşdırılmış siyasət yeridir. Ölkə başçısı İlham Əliyevin siyasəti eyni zamanda ölkəmizin həmin güc mərkəzlərinin maraqlarının toqquşması meydanına çevrilməsi cəhdlərinin qarşısının alınmasına yönəlmişdir.

Azərbaycan Respublikasının milli təhlükəsizlik siyasətinin əsas müddəaları 2004-cü ilin iyun ayının 29-da Milli Məclis tərəfindən qəbul olunmuş “Milli təhlükəsizlik haqqında Azərbaycan Respublikasının Qanununda”, 2007-ci ilin may ayının 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının milli təhlükəsizlik konsepsiyasında” və 2010-cu ilin iyun ayında Milli Məclis tərəfindən qəbul olunmuş “Azərbaycan Respublikasının hərbi doktrinasında” və digər müvafiq qanunlarda öz əksini tapmışdır.

“Azərbaycan Respublikasının milli təhlükəsizlik konsepsiyasında” deyilir: “Azərbaycan Xəzər-Qafqaz məkanında regional əməkdaşlıq üçün olduqca mühüm, bir çox hallarda isə həlledici dövlət olub, xüsusən enerji və nəqliyyat layihələrinin həyata keçirilməsində əvəzsiz rol oynamaqdadır.” Daha sonra sənəddə qeyd olunur ki, “Azərbaycan Respublikasının təhlükəsizlik mühiti onun suverenliyi, ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı, milli maraqları, davamlı inkişafı, əhalinin rifah və dəyərlərinin qorunmasına təsir edən amillərin məcmusudur.” Sənəddə qeyd olunur ki, Azərbaycan Respublikasının yerləşdiyi və hazırda qeyri-sabit olan region dostluq və əməkdaşlıq ruhlu regional və beynəlxalq tərəfdaşlarla birlikdə inkişaf üçün səmərəli istifadə oluna biləcək geniş potensiala və imkanlara malikdir. Ölkənin yerləşdiyi coğrafi şərait vacib üstünlüklər verməklə yanaşı, eyni zamanda onu bir sıra təhlükəsizlik problemləri ilə də üzləşdirir.

Süleyman Surxay oğlu Mikayılov

Qaradağ Rayon İcra Hakimiyyətinin Başçısı