Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyindəki “AzInTelecom” MMC dünya üzrə yüzdən artıq ölkədə sertifikasiya xidmətləri göstərən Norveç şirkəti “DNV GL”in apardığı müstəqil auditdən keçib. Nəticədə qurumun layiq görüldüyü Beynəlxalq İnformasiya Təhlükəsizliyi Standartının (ISO 27001-2013) etibarlılıq müddəti uzadılıb.
NRYTN-dən Unikal.org-a verilən xəbərə görə, “ISO 27001” standartının xarakteristikasına əsasən “AzInTelecom”un Data mərkəzi və onun əsasında fəaliyyət göstərən “Azcloud” bulud həlləri İnformasiya Təhlükəsizliyinin İdarəetmə Sisteminin yaradılması, inkişafı və dəstəyi üçün tələb olunan informasiya təhlükəsizliyi standartlarına tam uyğundur. Bu, Data mərkəzində yerləşdirilən məlumatların kompleks təhlükəsizliklə təmin olunduğunun, sözügedən məlumatlara müştəri tərəfindən çıxışın avtomatlaşdırılması istiqamətində işlərin davam etdirilməsinin göstəricisidir.
Qeyd edək ki, eyni standartlar biznes proseslərinin idarə olunmasına da şamil edildiyi üçün nəticədə idarəçilikdə şəffaflığın artması da təmin olunur.