Xəbər verdiyimiz kimi bu ilin yanvar ayının 1-dən daşınmaz əmlakın icbari sığortası barəsində qanuna edilən düzəliş qəbul edilib. Qanuna görə, 2020-ci il yanvarın 1-dən etibarən Bakı şəhərində daşınmaz əmlaka sahib olanlar 50 manat illik sığorta haqqı ödəyərək əmlaklarını sığorta etdirməlidir.
Sığorta haqqı Sumqayıt, Gəncə, Naxçıvan şəhərlərində 40 manat, digər yaşayış məntəqələri və bölgələrdə isə 30 manatdır. İcbari sığorta müqaviləsinin bağlanmamasına görə fiziki şəxslərə 30 manat, vəzifəli şəxslərə 80 manat, hüquqi şəxslərə isə 200 manat cərimə nəzərdə tutulub. 20 gün ərzində icbari sığorta müqaviləsi bağlanmasa əmlak sahibi yenidən eyni məbləğdə cərimə edilir.
Daşınmaz əmlakın icbari sığortasına nəzarət mexanizmi işə düşəndə İcbari Sığorta Bürosunun sistemində “kupça”sı olanlar görünəcək. Əgər mənzilin sığortası yoxdursa, həmin şəxsin e-mailinə və yaxud telefonuna mesaj göndəriləcək.
Bəs “kupça”sı olmayan evlərin taleyi necə olacaq? Onlar sığortalana biləcəklərmi?
Sualımıza cavabı Əmlak Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı verib. O, “Yeni Sabah”a açıqlamasında bildirib ki, bu qərar “kupça”sız evlərə aid olmayacaq:
“Əslində ilkin müzakirələrdə məsələ belə qoyulmuşdu ki, fərqi yoxdur, sənədli və ya sənədsiz bütün evlər sığortaya cəlb olunmalıdır. Amma sonradan təbii ki, ekspertlər və mütəxəssislər bu məsələyə birmənalı yanaşmadılar. Çünki faktiki olaraq, mülkiyyət hüquqlarının tanınması baş verdikdən sonra əmlak üzərində hansısa əməliyyat aparıla bilər. Dövlət Sığorta Agentliyinin rəhbəri bu məsələyə nöqtə qoydu. O qeyd etdi ki, yalnız çıxarışı olan mənzil və obyektlərdən söhbət gedəcək. Çünki fiziki baxımdan sığorta prosesinə nəzarət imkanları da məhduddur. Qeydiyyatı olmayan mənzillərin icbari sığortaya cəlb olunması üçün bu qədər canlı resurs yoxdur ki, bir-bir araşdırma aparılsın və tapılsın ki, hansı evlərdə icbari sığorta müqaviləsi bağlanıb və ya bağlanmayıb. Düşünürəm ki, qərar haqlı idi. Bu prosesin hökumət elektron portalı çərçivəsində müvafiq icra hakimiyyəti orqanları tərəfindən sistemlərin inteqrasiyası müəyyən dövrü əhatə edəcək. Hesab edirəm ki, bu prosesdə ilkin mərhələdə müəyyən çətinliklər olacaq”.
Ekspert bildirir ki, ilin birinci yarısında proses tam olaraq, öz axarına düşəcək:
“Lakin qeyd etdiyimiz müddət ərzində sığortadan yayınanlar olacaq, hətta yayınanlara görə cərimələrin tətbiqində müəyyən yubanmalar da ola bilər. Amma bütün hallarda çıxarışı olanlar vətəndaşlar sığorta etsələr, daha yaxşı olar”.