Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar dalana dirənməyib — Elmar Məmmədyarov

708

Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar dalana dirənməyib

“Doğrudur, münaqişənin həlli üzrə danışıqlar prosesində bu il ərzində konkret irəliləyiş olmayıb, lakin bunu “danışıqlar dalana dirənib” kimi dəyərləndirmək düzgün olmazdı”.

“Ölkə.Az” report-a istinadən xəbər verir ki, bunu Xarici İşlər Naziri Elmar Məmmədyarov 2019-cu ilin yekunlarına dair “Report” və bir neçə KİV-in suallarını cavablandırarkən deyib.

“İl ərzində irəli sürülən çoxsaylı görüşlər və konkret təşəbbüslər danışıqlar prosesinin davam etdirilməsinə müəyyən ehtiyac olduğunu göstərir. Biz hər zaman bəyan etmişik ki, nə qədər ki, münaqişənin danışıqlar, sülh yolu ilə həlli imkanı var, biz bu imkandan istifadə edəcəyik. Əlbəttə, məqsəd mahiyyət üzrə, substantiv danışıqlar aparıb prosesi irəli aparmaqdır.

Bunun üçün bütün prinsiplər, elementlər, mərhələlər işlənib hazırlanıb, müzakirə edilib və yenidən nəzərdən keçirilib. Bu günədək hazırlanmış bütün sənədlərdə münaqişənin mərhələli həlli, işğal olunmuş ərazilərimizin azad olunması, məcburi köçkünlərin geri qayıtması, növbəti mərhələdə status məsələsinin həlli məsələlərinə aydınlıq gətirilir. Bu elementlərlə tanış olmaq üçün ATƏT-in Minsk Qrupunun həmsədrlərinin bu ilin 9 mart tarixli bəyanatı ilə tanış olmanız kifayətdir.

Ermənistan tərəfindən davamlı şəkildə qaldırılan təhlükəsizlik və status məsələsinə gəldikdə, bir daha vurğulamaq istərdim ki, hər iki məsələ həll prosesi çərçivəsində, ATƏT-in müvafiq qərarlarına, habelə bildiyiniz kimi tətbiqi üçün zaman məhdudiyyəti olmayan BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq tənzimlənməlidir. Qarabağın Azərbaycanlı əhalisi geri qayıtmadan, hansı statusdan danışa bilərik? Eləcə də təhlükəsizlik məsələsi bölgənin erməni icması ilə yanaşı, azərbaycanlı icması üçün də kifayət qədər önəmlidir və burada beynəlxalq sülhü qoruma mexanizmlərindən istifadə olunmasına ehtiyac duyulduğu hamıya bəllidir.

Soruşursunuz ki, danışıqların aparılması bizə nə verib. Münaqişəni həll etmək danışıqlar aparmaq deyil, bəs nədir? Münaqişə yenidən alovlanarsa belə, yenidən danışıqlar başlayacaq, çünki nə əbədi davam edən müharibə, nə də danışıqlar mövcud deyil. Danışıqları ona görə aparırıq ki, pozulmuş beynəlxalq hüquq normalarını bərpa edək, Azərbaycanın beynəlxalq tanınmış sərhədləri çərçivəsində suverenliyini bərpa edək, Azərbaycanın sözündə və əməlində bir olduğunu və sülh yolu ilə həlli potensialı bitməyənədək danışıqlara sadiq qaldığını nümayiş etdirək. Danışıqları aparırıq ki, Azərbaycan ərazilərini işğaldan azad edək!

Bu gün Ermənistanın işğalçılıq siyasəti səbəbindən Azərbaycanla Ermənistan arasında diplomatik münasibətlər mövcud deyil və tərəflər arasında danışıqlar, beynəlxalq sülh və təhlükəsizliyin qorunmasına cavabdeh olan əsas beynəlxalq qurum – BMT Təhlükəsizlik Şurasının daimi üzvləri, dünyanın üç aparıcı ölkəsinin vasitəçilik səyləri ilə aparılır”, – XİN başçısı vurğulayıb.