İsfəndiyar Axundov həbsin bir addımlığında – GƏLİŞMƏ

597

İsfəndiyar Axundov həbsin bir addımlığında
Adı hər zaman qalmaqallarda, dələduzluqda və digər mənfi olaylarda hallanan İsfəndiyar Axundovun başı yenə cəncəldədir. Onun biznesi ilə bağlı həmişə ciddi suallar olub və yenə də var. “Google”da kiçik axtarış aparmaq kifayətdir ki, onun adının mənzil dələduzluğuna dair saysız-hesabsız qalmaqallarda çəkildiyinə, tikinti kooperativləri tərəfindən aldadılaraq pulları əllərindən alınmış çoxsaylı vətəndaşların prezidentdən başlamış ən müxtəlif instansiyalara yazdıqları saysız-hesabsız şikayətlərdə baş rolda yer aldığına şahid olasan. Maraqlıdır ki, hər dəfə də “Şərurlu İsfəndiyar” kimi tanınan bu şəxs sudan quru çıxmağı bacarıb. Amma cumhuriyyet.az olaraq indi təqdim edəcəyimiz olayın sonu ya İ.Axundovun həbsi ilə bitməli, ya da bu oliqarx Azərbaycanda qanundan və prezidentdən üstün olduğunu göstərməlidir.
“Mur-Ay” MMC aldatdı, “Şərur” MTK öhdəsinə götürdü
2011-ci ildə “Mur-Ay” MMC-nin vəzifəli şəxsləri dələduzluq edərək 317 mənzil və qeyri-yaşayış sahələrini 1000-dən çox vətəndaşa sataraq bizə küllü miqdarda ziyan vurduqları üçün cinayət işi başlanmış və onlar həbs edilmişlər. “Mur-Ay” MMC-nin vətəndaşlara yaratdığı ciddi problem və bu problemdən doğan gərginlik Azərbaycan Prezidentimiz İlham Əliyev cənablarının diqqətini cəlb etmiş və problemin həll edilməsi üçün aidiyyatı dövlət qurumlarına, o cümlədən Bakı şəhər İcra Hakimiyyətinə müvafiq göstəriş vermişdir.
17 dövlət qurumu və İsfəndiyar Axundov imza atıb “kişi kimi” söz verdi, amma…
Cənab Prezidentin göstərişi əsasında 29 dekabr 2011-ci il tarixdə Bakı Şəhər İcra Hakimiyyəti başda olmaqla 17 dövlət qurum və təşkilatları, həmçinin “Şərur” MTK da bu problemin həllinə cəlb olunaraq birgə müqavilə imzalamışlar. Həmin müqavilədə “Şərur” MTK adından imza atan İsfəndiyar Axundov 15 bəndlik öhdəlik götürmüşdür ki, bu öhdəliklərə görə “Şərur” MTK
– Obyektininşasının təsdiq olunmuş layihə sənədləri üzrə, texnoloji və normativ ardıcıllıqla aparılmasını, tikintidə keyfiyyətli inşaat materiallarınndan istifadə olunmasını və bütövlükdə tikinti işlərinin yüksək keyfiyyətlə və tam həcmdə yerinə yetirilməsini təmin edərək, direktiv müddətdə-yəni bütün sənədləşmə işləri başa çatdıqdan və pul vəsaiti ayrıldıqdan sonra 24 ay müddətinə başa çatdırılmasını;
– Mənzillərin “MUR-AY” MMC-nin qeyri-qanuni hərəkətlərindən zərər çəkmiş mənzil alıcıları tərəfindən məskunlaşması üçün şəraitin yaradılmasını;
– “MUR-AY” MMC-nin payçılarına veriləcək mənzillərin bir kvadratmetrinin qiymətinin 400 manatdan artıq dəyərləndirilməyəcəyini;
– “MUR-AY” MMC-nin payçılarının mənzillə təmin edilməsini və bununla bağlı müqavilə iştirakçılarına müvafiq məlumatların verilməsini;
– “MUR-AY” MMC-nin mənzil almaqdan imtina etmiş alıcılarına(belə hal olduqda), ödəmiş olduqları pul vəsaitini, onların imtina etdikləri mənzillərin digər alıcılara satıldıqdan sonra qaytarılmasını
öz üzərinə götürmüşdür. Aidiyyatı dövlət orqanları da müqaviləyə uyğun olaraq üzərlərinə düşən bütün digər yardımları etmişlər. “Mur-Ay” MMC-nin bütün əmlakları “Şərur” MTK-nın balansına keçirilmiş, əlavə olaraq “Şərur” MTK-ya 4 hektardan artıq torpaq sahəsı və 10 milyon manat maliyə yardımı ayırmışdır. “Şərur” MTK-nın sahibi İsfəndiyar Axundov şəxsən imzaladığı bu müqavilənin 21-ci bəndinə uyğun olaraq “MUR-AY” MMC zərərçəkənlərini 2 il müddətdə, yəni geci 2015-cü ildə mənzillə təmin etməli idi. Lakin “Şərur” MTK-nın rəbəri İsfəndiyar Axundov həmin müqavilə üzrə üzərinə götürdüyü öhdəliyinin bir qismini icra etsə də, zərərçəkmişlərə müxtəlif bəhanələrlə mənzil verməkdən imtina etmişdir.
Məhkəmələr qərar çıxarır, İsfəndiyar Axundov saymır…
Əslində bu kimi halda dövlət özü İsfəndiyar Axundovdan üzərinə götürdüyü öhdəliyi icra etməsini tələb etməliydi. Çünki ortada dövlət başçısının göstərişi, 17 dövlət qurumunun bir şirkətə güzəştləri və nəhayət hüquqları pozulmuş onlarla vətəndaşın haqqı var idi. Amma “odda yanmaz, suda batmaz” odioza çevrilən İ.Axundov bütün qanunlara məhəl qoymayaraq “toxunulmazlıq” statusunu qoruya bilir. 2018-ci ilin mart-dekabr ayları müddətində zərərçəkmişlər öz haqlarını məhkəmə yolu ilə bərpa etməyə çalışır və beləliklə həm Bakı Apellyasiya Məhkəməsində həm də Ali Məhkəmədə qanuni və ədalətli qərar çıxarılmışdir. Bu qərarlarda “Şərur” MTK-nın zərərçəkənləri mənzillə təmin etməyə borclu qoduğu konkret və adbad göstərilmişdir.
“Şərur” MTK-nın boynunda qalan mənzil sahələri: AUDİT FAKTI
Məhkəmə qərarı ilə işə cəlb edilmiş və 4 aydan çox çəkən “Azərbeynəlxalqauditxidməti” MMC-nin yoxlamasının 08 oktyabr 2018-ci il tarixli yekun Aktında İsfəndiyar Axundovun çoxsaylı cinayət tərkibli əməlləri açıq-aşkar öz təsdiqini tapmışdır.Həmin Aktda gəlinən nəticəni cumhuriyyet.az olaraq diqqətinizə çatdırırıq: “Mülki işin materiallarında olan “Şərur” MTK tərəfindən təqdim edilmiş cədvəldə və “Şərur” MTK və ona yaxın MTK-lar tərəfindən verilmiş müqavilələr arasında qeyd olunan iddiaçılara yaşayış və qeyri-yaşayış sahələrinin verilməsi aşkar edilmədi. Beləliklə müəyyən edilir ki, iddiaçılara ümumilikdə 1233,70 kv.metr yaşayış sahəsi və 870 kv.metr qeyri-yaşayış sahəsi “Şərur” MTK və ona yaxın MTK-lar tərəfindən verilməmişdir“. Buna baxmayaraq aidiyyatı orqanlardan heç biri cəsarət edib bu “məğlubedilməz” iş adamının qanunsuz əməllərinə dur demir.
Dövlət bir oliqarx qarşısında gücsüz qalıb, yoxsa Fikrət Məmmədov İsfəndiyar Axundovdan çəkinir?
Məhkəmə qərarlarından sonra Binəqədi Rayon İcra və Probasiya şöbəsi 2019-cu il sentyabrın 19-da icraata başlamaq haqqında qərar çıxarır. Məhkəmənin Qərarını İcra etməli olan Binəqədi Rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru, I dərəcəli ədliyyə qulluqçusu Ələddin Hüseynovun imzaladığı qəra5rda açıq şəkildə göstərilir: “Borclu “Şərur” MTK-ya təklif olunsun ki, 10 gün müddətində icranı könüllü olaraq təmin etsin. İcra könüllü təmin edilmədikdə:
– borclu barəsində məcburi icra tədbiri görülsün;
– icra sənədinin icrasını təmin etmək məqsədi ilə borclunun əmlakı siyahıya alınsın və həmin əmlak üzərinə həbs qoyulsun”. Qərarın çıxarılmasından 10 yox, 100 günə yaxın vaxt keçir, amma Ədliyyə Nazirliyinin əməkdaşları İsfəndiyar Axundova yaxın düşə bilmirlər. Halbu ki, çax az miqdarda bank, yaxud aliment borcu olan vətəndaş dərhal həbsə atılır.
Prezidentin vətəndaşlara ayırdığı torpaqda ərəblərə ticarət mərkəzi tikdi…
Öz təşəbbüsümzlə 17 oktyabr 2019-cu il tarixdə İsfəndiyar Axundovla görüşərək, dövlət başçısının göstərişi ilə zərəçəkənlər üçün ayrılmış Yeni Yasamal Massivi, Kənar dairəvi küçəsi (hazırda Məhəmməd Xiyabani 11) ünvanda yerləşən 4 hektar torpaq sahəsində hazırda inşa etdiyi və etməkdə olduğu binalardan mənzillərimizi tələb edərkən o, bizə bu cavabı verdi – “mən onları ərəblərə satmışam”. İllər uzunu minbir əziyyətlə, dişi-dırnağıyla topladığı vəsaiti ödəyib, ailələri üçün mənzil almaq arzusunda olmuş Azərbaycan vətəndaşlarını kirayələrdə dözülməz məhrumiyyətlərə məhkum etmiş və hazırda qapısından əliboş qaytaran İsfəndiyar Axundov, onlara çatası əmlakları ərəblərə satdığını elə rahatlıqla bəyan edir ki, sanki dövlət başçısı hörmətli Prezident İlham Əliyev Cənabları bu torpaq sahəsini və küllü miqdarda vəsaiti zərərçəkənlər üçün yox, onun şəxsi istək və arzuları üzrə istifadəsi üçün təyin etmişdir.
Növbəti stansiya Konstitusiya Məhkəməsi: qapılar bağlanacaqmı?
Cəzasızlıqdan əmin olan İsfəndiyar Axundov o qədər irəli gedibdir ki, bizim işimizlə bağlı törətdiyi mənzil dələduzluğuna Azərbaycan Respublikası Konstitusiya Məhkəməsini daxil edərək bu məhkəmənin əli ilə dələduz əməllərinə hüquqi don geydirmək istəyinə düşmüşdür. İki ay əvvəl Bakı Appelasiya Məhkəməsinə, sonra Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenimuna müraciət edərək hər ikisindən rədd cavabı almış “Şərur” MTK-nın sahibi İsfəndiyar Axundov bütün gücü ilə yeni qaranlıq yollar arayışındadır…