Söyüşcül Elvin Bakıya gətirildi: Onu nə gözləyir?

552

1980-ci il təvəllüdlü Elvin İltiham oğlu İsayev Ukraynada miqrasiya qanunvericiliyinin tələblərinin pozulmasına görə 12 dekabr 2019-cu il tarixdə qayıdış şəhadətnaməsi əsasında Azərbaycana deport edilib. Dövlət Miqrasiya Xidmətindən verilən məlumata görə, E.İsayevin mövcud vəziyyəti ilə əlaqədar zəruri ehtiyaclarının ödənilməsi üçün DMX-yə müraciəti təmin olunaraq könüllü tibbi müayinədən keçirilməklə müvəqqəti sığınacaqla təmin edilib.

Eyni zamanda, Baş Prokurorluğun Ağır Cinayətlərə dair işlər üzrə İstintaq İdarəsində istintaq edilən cinayət işi üzrə barəsində Nəsimi Rayon Məhkəməsinin 22 avqust 2019-cu il tarixli qərarı əsasında seçilmiş həbs qətimkan tədbiri ilə əlaqədar E.İsayev dekabrın 14-də Penitensiar xidmətin 1 saylı istintaq təcridxanasına yerləşdirilib.

Turkustan.info Musavat.com-a istinadla xəbər verir ki, 39 yaşlı Elvin İsayev son aylar bloger kimi fəaliyyət göstərib. O öz sosial şəbəkə hesablarından Azərbaycan hakimiyyətində təmsil olunan şəxsləri ağır ifadələrlə təhqir etməklə gündəmə gəlib. E.İsayev 2001-ci ildə Şimali Osetiyada Rusiya vətəndaşlığını alıb. O, bu ilin yay aylarında Petro-Slavyankada yerləşən evinin yaxınlığında saxlanılmışdı. Ona qarşı Rusiya İnzibati Xətalar Məcəlləsinin 18.8-ci maddəsi (əcnəbi vətəndaşın və ya vətəndaşlığı olmayan şəxsin Rusiya Federasiyasına giriş qaydasını, yaxud ölkədə qalma rejimini pozması) üzrə ittiham irəli sürülmüşdü.

Avqustun 26-da E.İsayevlə bağlı keçirilən məhkəmə zamanı azərbaycanlının Rusiya vətəndaşı olmadığı haqqında qərar qəbul edilib, onun 2001 və 2014-cü illərdə aldığı pasportlar etibarsız elan olunmuşdu.

“E.İsayev Rusiya Federasiyasının vətəndaşlığına qəbul haqqında bəyanatla lazımi qaydada Rusiyanın ərazisindəki səlahiyyətli orqanlara və bu ölkənin xaricdəki diplomatik nümayəndəliklərinə müraciət etməyib. Azərbaycanın Sankt-Peterburqdakı Baş Konsulluğu tərəfindən məhkəməyə təqdim olunmuş ərizədə E.İsayevin Azərbaycan vətəndaşı olduğu bildirilir. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qərar çıxarır ki, Azərbaycan vətəndaşı E.İsayev Rusiya Federasiyasının ərazisində xarici vətəndaşların ölkədə qalma rejimini kobud şəkildə pozub”, – deyə məhkəmənin qətnaməsində bildirilib.

Sankt-Peterburqun Dzerjin rayon məhkəməsi 1980-cı il təvəllüdlü İsayev Elvin İltiham oğlunu inzibati qanun pozuntusunda təqsirli bilib və ona 5 min rubl dəyərində cərimə və ölkədən çıxarılma şəklində inzibati cəza təyin etmişdi.

Hazırda Azərbaycanda saxlanılan Elvin İsayevi nə gözləyir?

Deputat Fazil Mustafa bildirib ki, Elvin İsayev məhkəmə qarşısına çıxarılacaq:

“Miqrasiya məcəlləsinin tələblərini pozduğuna görə deport edilib və buna görə də məsuliyyət daşıyacaq. Yayılan məlumata görə o, cinayət məsuliyyətinə cəlb edilib. Ancaq motivlər açıqlanmadığı üçün bir şey söyləmək çətindir. Söyüş söymək təhqir kateqoriyasına daxildir. Yəqin ki, buna görə də məsuliyyət daşıya bilər. Çünki heç bir vətəndaşı təhqir etmək olmaz”.

Bəs cəza alacağı təqdirdə hüquq müdafiəçiləri Elvin İsayevi müdafiə edəcəkmi?

Novella Cəfəroğlu Elvin İsayevi müdafiə etmək fikrində olmadığını deyib:

“Söyüş söyən heç bir şəxsi müdafiə etmək fikrində deyiləm. Sən bir şeyi bəyənmirsənsə, onu tənqid edə bilərsən. Eləcə də hakimiyyəti bəyənmirsənsə, konkret faktlar göstərməklə tənqid et. Təhqir isə yolverilməzdir. Özümə söz vermişəm ki, kimliyindən asılı olmayaraq, təhqirə yol verən, söyüş söyən şəxsin hüquqlarını müdafiə etməyəcəyəm”.