“Qapını açanda gördüm polislərdir, əllərində kamera…” — Balıqçı Fuad narkotikin toruna düşdü

679

Bakı Ağır Cinayətlər Məhkəməsində Siyəzən rayonu, Yenikənd kənd sakini, 45 yaşlı Fuad Quliyevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

“Ölkə.Az” virtualaz.org-a istinadən bildirir ki, istintaq yolu ilə müəyyən edilib ki, Fuad Quliyev özünə məxsus həyətyanı sahədə qanunsuz olaraq külli miqdarda narkotik tərkibli bitkilər əkib becərib, onlara aqrotexniki qaydada qulluq göstərib, kultivasiya edib.

Bu il iyul ayının 28-də Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində F.Quliyevə məxsus yarımtikilidə dibçəklərdə əkilmiş, yaş vəziyyətdə ümumi çəkisi 6580,0 qram olan 62 ədəd çətənə kolu aşkarlanıb.

Törətdiyi cinayət əməlinə görə F.Quliyevə qarşı Cinayət Məcəlləsinin 237.2.3-cü (Qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etmə) maddəsi ilə ittiham irəli sürülüb və barəsində Siyəzən Rayon Məhkəməsi tərəfindən 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Əsasən balıqçılıqla məşğul olduğunu deyən Fuad Quliyev otuz yaşından bəri narkotikə qurşanıb. Bu ilin aprelində dənizin kənarı ilə evə qayıdarkən sönmüş ocağın yaxınlığında kibrit qutusuna rast gəlib. Qutunun içərisindəki çətənə toxumlarını o saat tanıyıb. Toxumları evə gətirib, onları əkib-becərib. Sönmüş ocağın kənarından tapdığı çətənə toxumları böyüyüb ərsəyə çatdıqdan sonrasa elə Fuadın öz ocağını da söndürüb: “Kibrit qutusunu açanda içərisində çətənə toxumu olduğunu gördüm. Marixuana çəkirəm deyə çətənə toxumu olduğunu bildim. Balıq mövsümü başa çatırdı. İşlərimi yekunlaşdırdıqdan sonra çətənə toxumlarını əkməyi qərara aldım. Toxumları dibçəklərdə əkdim. İki-üç gündən bir suvardım, alaq otlarını təmizlədim, qulluq göstərdim”.

F.Quliyev deyir ki, çətənə kollarını becərməkdə məqsədi gələcəkdə onları yığıb qurutmaq və asta-asta istifadə etmək olub: “Heç vaxt narkotik vasitələrin alqı-satqısı ilə məşğul olmamışam. Bu il iyulun 28-də həyət qapısı döyüldü. Qapını açanda gördüm ki, bir neçə polis əməkdaşları əllərində videokamera ilə dayanıblar. Mənə narkotik bitkilər əkməkdə şübhəli olduğumu dedilər və videoçəkiliş vasitəsilə həyətyanı əraziyə baxış keçirəcəklərini bildirdilər. Etiraz etmədim. Çətənə kolları əkdiyimi etiraf etdim və polisləri dibçəklərin yanına apardım”.

Şahid qismində dindirilən Sevda Quliyeva ifadəsində həyat yoldaşının həyətdə çətənə kolları əkməsindən xəbərsiz olduğunu deyib: “Günorta saatlarında darvaza döyüldü, Fuad açdı. Polislərdən birinin əlində videokamera var idi, çəkiliş apardılar. Onların nəyə görə həyətimizə gəldiklərini və çəkiliş apardıqlarını başa düşmədim. Polislər həyətə baxış keçirdikdən sonra Fuadı da özləri ilə Siyəzən Rayon Polis Şöbəsinə apardılar. Fuadın həyətdəki yarımçıq tikilidə narkotik bitkilər becərməsindən məlumatım olmayıb. Onun narkotik istifadəçisi olduğunu da bilməmişəm. Ümumiyyətlə, heç vaxt mənim yanımda belə söhbət etməyib”.

Məhkəmənin hökmü ilə Fuad Quliyev cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 3 il müddətinə azadlıqdan məhrum edilib.