Nümunəvi sürücülərin mükafatlandırılacağı xəbərinə — DİN-dən AÇIQLAMA

640

Nümunəvi sürücülərin mükafatlandırılacağı xəbərinə

Dünya ölkələrində belə bir praktika mövcuddur ki, il ərzində və ya daha çox müddətdə qayda pozmayan nümunəvi sürücülərə mükafatlar təqdim olunur. Bu hal sürücülərə qaydaları pozmamaq üçün stimul yaradır.

“Ölkə.Az” xəbər verir ki, baku.ws Azərbaycanda belə bir halın mövcud olub-olmamasını dəqiqləşdirmək üçün Daxili İşlər Nazirliyinə müraciət edib.

Nazirliyin Mətbuat Xidmətinin rəis müavini, polis polkovniki Orxan Mansurzadə BAKU.WS-ə açıqlayıb ki, ölkəmizdə yol hərəkəti iştirakçılarının və cəmiyyətin yol-nəqliyyat hadisələrindən və onların nəticələrindən müdafiəsi işinin daha da təkmilləşdirilməsi məqsədilə DYP xidmətində bir sıra uğurlu islahatlar həyata keçirib, innovativ metodların tətbiqinə geniş yer verib:

“Müasir texnologiyaların tətbiqi sayəsində yaradılmış elektron müraciət forması təklif, ərizə və şikayətlərin qəbulu və onların baxılması nəticələrinə dair rəsmi məlumatların çatdırılması işinin daha etibarlı və operativ həllinə imkan vermiş, www.dyp.gov.az rəsmi internet saytının, info@dyp.gov.az elektron poçt ünvanının yaradılması isə təşəbbüskarların DYP xidmətilə bilavasitə və daha çevik əlaqələndirilməsini təmin etmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin www.mia.gov.az və Baş Dövlət Yol Polisi İdarəsinin www.dyp.gov.az rəsmi internet saytlarının “Cərimələr və cərimə balları barədə məlumatlar” bölümündə sürücülük vəsiqəsinin rekvizitlərini daxil etməklə həmin şəxsə aid qüvvədə olan (icra olunmamış, ödənilməmiş) inzibati xəta haqqında iş üzrə qərar və ya yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta haqqında protokol barədə məlumatların əldə edilməsinə, habelə internet üzərindən plastik kart vasitəsilə ödəmə aparılmasına imkan yaradılmışdır.

Fəaliyyətimizin prioritet istiqamətlərindən biri olan vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə yerli televiziya və radio kanallarının böyük əksəriyyətində yol hərəkəti təhlükəsizliyi tədbirlərinin təbliği ilə bağlı proqramlar hazırlanaraq dinləyicilərin canlı yayıma qoşulmaları və yol hərəkəti təhlükəsizliyi ilə bağlı onları maraqlandıran və ya narahat edən sualların DYP subyekti tərəfindən birbaşa cavablandırılması, eyni zamanda təklif və ya şikayətlərinin qəbulu təşkil olunmuşdur.

Nəzərinizə çatdırırıq ki, fəaliyyətimizi tənzimləyən qanunvericilik aktlarında ictimaiyyət, KİV nümayəndələri və digər mənbələr tərəfində yol hərəkəti təhlükəsizliyinin təmin olunması və ya yol hərəkəti qaydalarının pozulması halları ilə bağlı DYP qurumlarına verilən məlumatların pulla mükafatlandırılması nəzərdə tutulmamışdır. Eyni zamanda, ölkəmizdə bərqərar olan vətəndaş cəmiyyətinin mühüm institutlarından biri kimi polis və cəmiyyət münasibətlərinin yüksək etimad, qarşılıqlı hörmət və ali insani dəyərlər üzərində qurulması tərəflər arasında ünsiyyətin maddi qarşılıq müqabilində formalaşdırılması təcrübəsinin yayılmasını əhəmiyyətsiz edir.

Odur ki, yol hərəkəti təhlükəsizliyi tədbirlərinin təmin olunması, habelə DYP xidmətinin fəaliyyəti ilə bağlı Sizi maraqlandıran məsələlərlə əlaqədar yuxarıda qeyd olunan resurslar vasitəsilə Baş Dövlət Yol Polisi İdarəsinə müraciət edə, habelə təqdim etmək istədiyiniz sənədlərin surətini, fotoşəkilləri və ya videomaterialları info@dyp.gov.az elektron poçt ünvanına göndərə bilərsiniz”.