“Ölkə.Az” olaraq son illər ərzində yanan ticarət mərkəzlərinin və yanma səbəblərini təqdim edirik.
1.Qubada “Birja” ticarət mərkəzi
2019-cu ilin 10 yanvar tarixində Quba rayonunda “Birja” ticarət mərkəzində yanğın baş verib. Rayon mərkəzində yerləşən ticarət mərkəzində hələlik məlum olmayan səbəblərdən yanğın olub.
Yanğın zamanı 4-dən artıq mağaza yanıb.
2. “Riyad” ticarət mərkəzi
2018-ci ilin 15 iyul tarixində Abşeron rayon ərazisindəki “Riyad” Ticarət Mərkəzində mebel dükanının anbarında qeydə alınıb. Hadisə zamanı ticarət mərkəzi ərazisində yerləşən mağazanın alkopandan ibarət üzlüyü 340 m² sahədə və qapısı yanıb.
Yanğın zamanı 2 nəfər yüngül yanıq xəsarəti alıb. Mağazanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb.
3. “Binə” ticarət mərkəzi
Binə ticarət mərkəzində bir neçə dəfə yanğın qeydə alınıb.
2015-ci ilin 14 mart tarixində Binə Ticarət Mərkəzində yanğın baş verib. Hadisə 7-ci sıranın birinci mərtəbəsində beşinci korpusda qeydə alınıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə qüvvələri cəlb olunub. Yanğının digər mağazalar keçməsinin qarşısı alınıb. İlkin məlumata görə, yanğına səbəb elektrik naqillərində qısa qapanmanın olduğu ehtimal edilir. Nəticədə mağaza sahibinə xeyli miqdarda ziyan dəyib.
2011-ci ilin 11 yanvar tarixində Qaradağ rayonunda yerləşən “Binə” Ticarət Mərkəzində yanğın baş verib.
Nəticədə ümumi sahəsi 40 kvadratmetr olan mağaza içərisindəki mallarla birlikdə yandı. Bitişik mağazalar yanğınsöndürənlər tərəfindən alovdan mühafizə olundu.
2017-ci ilin 1 aprel tarixində Bakıda yerləşən “Binə” ticarət mərkəzində yanğın baş verib. Bu barədə ticarət mərkəzində işləyənlər redaksiyamıza məlumat verib.
Məlumata görə, yanğın ticarət mərkəzinin 6-cı korpusunda 4-cü sırada qeydə alınıb.
2014-cü ilin 12 iyul tarixində “Binə” ticarət mərkəzində növbəti yanğın qeydə alınıb. Ticarət Mərkəzinin elektrik qovşağında qısaqapanmadan tüstülənmə baş verib. Ərazidə olan şəxslər tüstülənən ərazini söndürüb.
4. “Cantəpə” ticarət mərkəzi
2011-ci ilin 18 mart tarixində, saat 13 radələrində Bakının Binəqədi rayonunda “Cantəpə” adlı ticarət mərkəzində güclü yanğın baş verib. Hadisə şahidlərinin verdiyi məlumata görə, yanğın restoran, kafe, market, alış-veriş mərkəzi və banket zalı olan dördmərtəbəli binanın 4-cü mərtəbəsində başlayıb. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, hadisə barədə məlumat daxil olan kimi, əraziyə 7 yanğınsöndürən maşın yollanıb. Yanğının binanın dam örtüyündə baş verdiyi ehtimal olunur.
5. “Sahil” ticarət mərkəzi
2014-cü ilin 12 mart tarixində Bakıda “Sahil” Ticarət Mərkəzində yanğın baş verib. Yanğın tircarət mərkəzinin 3-cü mərtəbəsində başlayıb.
6. “Sədərək” ticarət mərkəzi
“Sədərək” ticarət mərkəzində də bir neçə dəfə yanğın baş verib.
2018-ci ilin 16 noyabr tarixində Bakının Qaradağ rayonunda “Sədərək” ticarət mərkəzinin ərazisində yanğın baş verib. Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış ünvanına cəlb olunub və yanğın saat 12:28-də söndürülüb. Yanğının Yeni il malları satılan anbarda başladığı bildirilir.
2016-cı ilin 24 sentyabrında da “Sədərək” ticarət mərkəzində qısaqapanmadan yanğın baş verib. 9-cu sırada yerləşən ayaqqabı dükanında baş verən yanğın söndürülüb.
2013-cü ilin 19 fevral tarixində Bakının Qaradağ rayonunda yerləşən “Sədərək” ticarət mərkəzində yanğın baş verib.
Ticarət mərkəzində elektrik lövhəsi və elektrik kabelləri yanıb. Hadisə yerinə dərhal yanğınsöndürənlər cəlb olunub. Məlumatda bildirilib ki, yaxınlıqdakı mağazalar yanğından mühafizə olunub.
2019-cu ilin 26 fevral tarixində “Sədərək” ticarət mərkəzində yanğın baş verib.
Məlumata görə, ərazidəki anbarlardan birinin dam örtüyü yanıb.
7. “AMAY” ticarət mərkəzi
2014-cü ilin 13 sentyabr tarixində “AMAY” ticarət mərkəzində də yanğın qeydə alınıb. Yanğın Fəhlə prospektində yerləşən ticarət mərkəzinin 4-cü mərtəbəsində baş verib.
8.Bərdədə ticarət mərkəzi
2017-ci ilin 27 noyabr tarixində Bərdə rayonunda yerləşən ticarət mərkəzi yanıb. Yanğın ticarət mərkəzində yerləşən mağazalardan birində başlayıb.
9. “Karvan” ticarət mərkəzi
2013-cü ilin 20 oktyabr tarixində Sumqayıt şəhərindəki “Karvan” ticarət mərkəzində yanğın baş verib. 16 nəfər tüstüdən xəsarət alıb. Sahibkarlara onminlərlə manat civarında ziyan dəyib, xüsusilə yanğından qızıl dükanı olan sahibkarlar zərər görüb. Fövqaladə Hallar Nazirliyinin rəsmi açıqlamasına görə, yanğın ticarət mərkəzinin 2-ci mərtəbəsində təxminən 20000 kv.m sahəni, 1-ci mərtəbəsində 2500 kv.m sahəni və 3-cü mərtəbədə 1200 kv.m sahəni əhatə edib.
10. “Park Plus” ticarət mərkəzi
2012-ci ilin 22 noyabr tarixində Sabunçu rayonunda hər mərtəbəsi 1500 kv.m olan üçmərtəbəli “Park Plus” ticarət mərkəzinin 2-ci mərtəbəsində yerləşən ümumi sahəsi 210 kv.m olan sağlamlıq mərkəzində saunanın taxta üzlüyü 12 kv.m sahədə, dəhlizin və 3 otağın tavanı 102 kv.m sahədə yanıb. Sağlamlıq mərkəzinin qalan hissəsi və digər kabinetlər yanğından mühafizə olunmuşdur. Yanğın söndürülüb.
11. “Meyvəli” ticarət mərkəzi
2016-cı ilin 26 yanvar tarixində Bakının Qaradağ rayonunda “Meyvəli” ticarət mərkəzinin ümumi sahəsi 4 kv.m olan gözətçi köşkü, yaxınlıqda dayanmış 2 ədəd “Kamaz” markalı yük avtomobilinin birinin banının taxta üzlüyü 1 kv.m, banına yığılmış 7,5 ton tərəvəz məhsulunun 100 kiloqramı, digər yük avtomobilinin taxta üzlüyü 2 kv.m, banına yığılmış 10,5 ton tərəvəz məhsulunun 150 kiloqramı və yaxınlıqda dayanmış “Hyundai” markalı minik avtomobilinin mühərrikinin yanar hissələri və idarəetmə lövhəsi yanıb.
Avtomobillərin və tərəvəz məhsulunun qalan hissəsi, həmçinin yaxınlıqdakı anbar yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
12. Qəbələdə ticarət mərkəzi
2015-ci ilin 8 iyul tarixində Qəbələ rayonunda ticarət mərkəzlərindən birində yanğın baş verib. Rayon ərazisində vətəndaşa məxsus ümumi sahəsi 560 kv.m olan ticarət mərkəzinin yanar konstruksiyaları 280 kv.m sahədə yanıb.
13. Gəncədə ticarət mərkəzi
2019-cu ilin 25 yanvar tarixində Gəncə şəhərində yanğın olub.
Hadisə şəhərin Yeni Gəncə qəsəbəsində yerləşən “Ucuzluq” ticarət mərkəzində baş verib.
Yanğın nəticəsində xəsarət alan var.
Ticarət mərkəzinin birinci mərtəbəsində baş verən yanğın zamanı oradakı əşyalar, satış üçün nəzərdə tutulan mallar yanıb.
14. “AF Mall” ticarət mərkəzi
2018-ci ilin 2 iyul tarixində Bakı şəhəri, Nəsimi rayonunda yerləşən çoxmərtəbəli binanın zirzəmisində (“AF mall” ticarət mərkəzi kimi tanınır) 2 p.m elektrik kabeli yanıb.
Yanğın zamanı 2 nəfər yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.
Hadisə zamanı xəsarət alan olmayıb. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.
15. “Diqlas” ticarət mərkəzi
2019-ci ilin 23 mart tarixində Bakı şəhəri, Nizami rayonunda güclü yanğın baş verib.
İlkin məlumata görə, yanğın ticarət mərkəzinə yaxın dönərxanaların birində baş verib, daha sonra güclənərək ticarət mərkəzinə keçib. Ticarət mərkəzi yararsız hala düşüb. Yanğının yaxınlıqdakı yaşayış binasına keçməsi təhlükəsinin qarşısı alınıb. Alov elektrik naqillərini də sıradan çıxarıb. Ərazidəki insanlardan bir neçəsi tüstüdən zəhərlənib, onlar təcili tibbi yardım maşınları ilə xəstəxanaya aparılıblar. Bundan əlavə, yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin helikopteri cəlb olunub.