Bu gün səhər saatlarında Sumqayıtdan Bakıya yola düşəcək qatarda texniki nasazlıq yaranıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə sərnişinlər sosial şəbəkədə məlumat paylaşıb. Onlar bildirib ki, Bakıya saat 08:40-da yola düşməli olan qatardan xəbər yoxdur. Dəmiryol İdarəsi bu istiqamətdə qatarların sayını artırdığını desə də, faktiki olaraq qatarın yola düşməməsi sərnişinlərdə narazılıq yaradıb.
Qeyd edək ki, Azərbaycan Dəmir Yolları QSC-nin Mətbuat xidmətinin rəhbəri Natəvan Bayramova “Qafqazinfo”ya açıqlamasında yaxın dəqiqələrdə bu barədə məlumat yayacaqlarını bildirib.
***
Azərbaycan Dəmir Yolları QSC məsələ ilə bağlı açıqlama yayıb. Bildirilir ki, kəskin hava şəraiti ilə əlaqədar (güclü küləyin əsməsi nəticəsində) bu gün saat 03:25 radələrində Bakı-sərnişin Keşlə mənzilində kontakt şəbəkədə texniki nasazlıq yaranıb. Hadisə nəticəsində saat 07:50-də Bakıdan, 08:40-da Sumqayıtdan yola düşməli olan elektrik qatarları hərəkətdə olmayıb. Təcili bərpa işlərinə başlanılıb və texniki nasazlıq aradan qaldırılıb. Hazırda qatarlar cədvəl üzrə hərəkət edirlər.