Onları tənqid edənlərə cavab verdilər – “Dözülməzdir…”

592

Onları tənqid edənlərə cavab verdilər

Vətəndaş Həmrəyliyi Partiyasının Milli Məclisdəki təmsilçisi Fəzail İbrahimli mətbuatda parlamentin fəaliyyət göstərə bilməməsi ilə bağlı səslənən fikirləri tənqid edib.

“Qafqazinfo” xəbər verir ki, deputat bunun kökündən yanlış olduğunu vurğulayıb:

“Parlamentə bu müstəvidən yanaşmaq doğru deyil. Çünki biz bütün məsələlərdə monolit olmuşuq və ölkə başçısına dəstək vermişik. Bəs sual olunur ki, nə üçün parlament buraxılır? Ona görə ki, bu gün dövlət strukturlarında dəyişikliklər baş verir, buna görə də qanunverici hakimiyyət bundan kənarda qalmamalıdır. Bəzən KİV-lərdə kimlərinsə uğursuz çıxışlarının parlamentin buraxılmasına əsas verdiyini bildirirlər. Bu, yanlışdır. Burada kifayət qədər intellektual insanlar var”.

Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayev də çıxışında Fəzail İbrahimlinin fikirlərini dəstəkləyib. Parlamentin zəiflik səbəbindən deyil, ölkədə aparılan islahatlarla bağlı buraxılmalı olduğunu nəzərə çatdırıb.

Bitərəf deputat Elmira Axundova çıxışında parlamentin buraxılmasına prinsip etibarilə qərara qarşı olmadığını bildirib:

“Lakin bəzi KİV-lər bu qərarı sensasion qərar kimi təqdim etdilər. Hətta bəzi saytda dərhal “Parlament prezidentə mane olur” başlıqlı yazı təqdim olundu və yazıda təhqiredici ifadələr yer aldı. Məncə, bu, dözülməzdir. Biz hərdən parlmentin faəliyyətindən narazı idik. Bildirirdik ki,  parlament müstəqil və çevik olsun. Mən ancaq parlamentə qarşı başlanlan kampaniyanı pisləyirəm”.

***

Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa bildirib ki, bu təşəbbüs Azərbaycanın uğurudur:

“Çünki Azərbaycanda çoxluğu təşkil edilən partiya parlamentin buraxılması ilə bağlı təşəbbüslə çıxış edir. Burada yeni islahatçı parlament təşəbbüsü var. Bu təşəbbüsün həm siyasi, həm də hüquqi ağırlığı var. Ölkədə islahatların keçirildiyi vaxtda parlamentin yenilənməsinə ehtiyac var. Artıq problemlərin həlli küçədə olmayacaq, müzakirələrin, siyasi proseslərin ağırlığı, episentri parlamentə keçəcək. Müxalifət partiyaların da mövqeyi odur ki, yeni addım Azərbaycanın yeniləşməsi üçün yol açır. Bu cür qərarın alınması bizim tərəfimizdən də dəstəklənəcək”.