Bakıda yol polisini öldürmək istəyən şəxslər yenidən HAKİM QARŞISINDA

741
Bakıda yol polisini öldürmək istəyən şəxslər yenidən HAKİM QARŞISINDA

Bakıda polis əməkdaşını öldürməyə cəhddə təqsirli bilinən Elman Sadıxov və Elçin İbrahimov məhkəməyə apelyasiya şikayəti veriblər.
Onların şikayətinə noyabr ayının 20-si Bakı Apellyasiya Məhkəməsində hakim Rizvan Səfərovun sədlriyi ilə keçiriləcək məhkəmə iclasında baxılacaq.

Qeyd edək ki, hadisə Maştağa qəsəbəsində baş verib. İttihama görə, təqsirləndirilən şəxslər Dövlət Yol Polisi əməkdaşı Babək Qəmbərovu xidmət başında olan zaman bıçaqlayıb.

E.Sadıxovla E.İbrahimov avtomobillə yol hərəkəti qaydasını pozduğu üçün polis əməkdaşı sürücünü saxlamaq istəyib.

Sürücü yol polisinin tələbinə əməl etməyib. Qəzəbli sürücü əvvəlcə maşını ilə DYP avtomobilinə bir neçə dəfə vurub. Hər iki avtomobil dayanandan sonra isə onlar B.Qəmbərovun ayaq nahiyəsindən bıçaq zərbəsi endiriblər. Həmin şəxslər daha bir zərbəni isə yerə yıxılan polis əməkdaşının baş nahiyəsindən vurublar. Ağır vəziyyətdə xəstəxanaya çatdırılan polis əməkdaşının həyatını xilas etmək mümkün olub.
Təqsirləndirlən şəxslərə Cinayət Məcəlləsinin 29,120.2.1 (qəsdən adamöldürməyə cəhd) maddəsi ilə ittiham verilib.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub.

Məhkəmənin hökmü ilə Elçin İbrahimov 17 il, Elman Sadıxov isə 15 il müddətinə azadlıqdan məhrum edilib.