“Gecə hoteldə qaldıq, amma münasibətdə olmadıq”- xəstəxanada arvadının boğazını kəsdi

919

Arvadının yatağına gizli diktafon qoydu, xəyanət səslərini dinlədi və... - Azərbaycanda dəhşətli hadisəTopçubaşov adına Elmi Cərrahiyə Mərkəzinin həyətində arvadının boğazını kəsən şəxs hakim qarşısına çıxarılıb. Məhkəmədə məlum olub ki, hadisə qısqanclıq zəminində törədilib. Prosesdə gərginlik də yaşanıb.

Minval.info xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə ittiham edilən Faiq İbrahimovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən məhkəmə iclasında şahidlər ifadə verib.

Şahid Aytən Poladova hadisə baş verən Mərkəzdə qeydiyyatçı işlədiyini, mərhumun da onun iş yoldaşı olduğunu deyib. O, hadisəni görmədiyini, səs-küy eşidəndən sonra xəbər tutduğunu bildirib. Mərkəzdə işləyən digər qeydiyyatçılar və xəstəxananın digər əməkdaşları da şahid kimi dindirilən zaman hadisəni gördüklərini bildiriblər.

Məhkəmədə əsas şahid qismində Rəşad Rəsulov dindirilib. Belə ki, Rəşad Rəsulov mərhum Xavər İbrahimova ilə münasibətdə olubmuş.

Bunu Faiq İbrahimov da təsdiqləyib. Lakin Rəşad Rəsulov söyləyib ki, mərhumla yaxın, səmimi, dost münasibəti olub.

Sərbəst ifadəsində Rəşad Rəsulov deyib ki, mərhum Xavər İbrahimova ilə münasibəti atasını xəstəxanaya aparan zaman yaranıb.

Onun dediyinə görə, Xavər İbrahimova ilə dost olublar. Suallara cavab verən Rəsulov mərhumun ailə vəziyyəti haqda məlumatlı olduğunu deyib.

Bildirib ki, mərhum ona ailəli olduğunu, bir müddət əvvəl boşandığını deyib.

“Xavər xanım mənə dedi ki, yoldaşı onu tez-tez döyüb. Sonuncu dəfə də gəlib işlədiyi yerdə döyüb. Bundan sonra da ondan ayrılıb. Bizim səmimi münasibətimiz olub”, – deyə R.Rəsulov bildirib.

Təqsirləndirilən şəxs söz istəyərək deyib: “Xavər durduğu yerdə gəlib səni tapdı? Əlbəttə ki, Sən onu yoldan çıxardın. Bütün bunların baş verməsinin səbəbkarı sənsən”.

Məhkəmədə R.Rəsulova mərhumla aralarındakı münasibət haqda suallar verilib. Məlum olub ki, Rəsulov istintaqda mərhumla intim əlaqədə olduğunu deyib. Amma məhkəmədə bunları inkar edib və israrla bildirib ki, münasibətləri sadəcə dostluq olub.

Suallara cavab hadisənin baş verməsinin bəzi qaranlıq məqamlarını da açıb. Belə ki, məlum olub ki, mərhumla Rəsulov arasında Qubada da görüş olub. Hətta onlar Xavər İbrahimovanın doğum gününü qeyd edərək birlikdə hoteldə də qalıblar.

Bundan başqa isə Rəsulov mərhumun Bakıda yaşadığı mənzilə də gedib.

Bütün bunların izahı Rəsulovdan soruşulub. Rəsulovun cavabı belə olub:

“Mən onun evinə bir dəfə getmişəm. Onda da suları xarab olmuşdu. Düzəltmək üçün çağırdı. Evə gedəndən bir az sonra Faiq gəldi. Qapını döydü, səs-küy düşdü. Polislər gələndə Faiq də qapını qırdı. Sonra bizi polisə apardılar. İkimizdən də izahat alıb buraxdılar. Səhər Xavər mənə zəng elədi ki, Faiq onu zəng edib hədələyir. Mən də polisə məlumat verməsini dedim.

Qubada isə hoteldə qalmışıq. Onun doğum gününü qeyd elədik. Sonra da hoteldə qaldıq. Mən onunla heç bir münasibətdə olmamışam. Sadəcə dost idik”.

Rəsulovun dedikləri məhkəməyə inandırıcı gəlməyib. O, məhkəməyə bildirib ki, telefon yazışmaları da var.

Təqsirləndirilən Faiq İbrahimov ağır əməliyyat keçirdiyini, bu hadisədən sonra əsəblərinin gərginləşdiyini bildirib.

Əlavə edib ki, bu hadisənin baş verməsinə günahkar arvadı və Rəsulov olub.

“Düzdür, Xavərlə problemlərimiz var idi. O, son zamanlar ayrı evdə qalırdı. Amma biz boşanmamışdıq. Mən ondan niyə mənə xəyanət etdiyini soruşdum. Bu zaman aramızda mübahisə başladı. Özümü itirdim, əsəbləşib onu vurdum”, – deyə təqsirləndirilən şəxs qeyd edib.

Məhkəmənin sonunda şahid Rəsulovla Faiq İbrahimovun məhkəmə zalında olan dörd qardaşı arasında gərginlik yaşanıb. Məhkəmə icraçıları hadisənin böyüməsinin qarşısını alıb. Rəsulovun təhlükəsizliyi təmin edilərək məhkəmə binasından uzaqlaşdırılıb.

Məhkəmə araşdırması davam etdirilir.

Qeyd edək ki, Faiq İbrahimova qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü (Xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 120.2.2-ci (Xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Hadisə bu il iyunun 10-da baş verib.

41 yaşlı İbrahimova Xavər Arif qızı işlədiyi Topçubaşov adına Elmi Cərrahiyə Mərkəzində qətlə yetirilib.

Qeydiyyatçı işləyən Xavər İbrahimova müəssisənin həyətində əri 38 yaşlı Abşeron rayon sakini İbrahimov Faiq Əliqulu oğlu tərəfindən bıçaqlanıb.

Sinə və boğaz nayihəsindən zərbələr alan Xavər İbrahimova hadisə yerində dünyasını dəyişib.