2019- cu il sentyabrın 29-da kütləvi informasiya vasitələrində Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyevin “Facebook” sosial şəbəkəsində “Evez Vahidoviç” adlı sosial şəbəkə istifadəçisi tərəfindən ölümlə təhdid olunmasına dair informasiyalar yayılıb.
Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun Mətbuat xidmətlərinin birgə yaydığı məlumata görə, “Evez VAhidoviç” adlı sosial şəbəkə istifadəçisi “Facebook” sosial şəbəkəsində özünə məxsus səhifə vasitəsilə E.Hacıyevin öldürülməsinə görə 10 min manat məbləğində pul mükafatı verəcəyini vəd edib.
DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sosial şəbəkədə qeyd olunan statusları yazan şəxsin Bakı şəhər sakini, 1984-cü il təvəllüdlü Fərid Quliyev olması müəyyən edilib və saxlanılıb.
Bu əslində çox müsbət addımdır. Amma bir amması var.
Oktyabr ayında aktyor Azər Axşamın başına gələnlər barədə yəqin az- çox hamının xəbəri oldu. Xəbəri olmayanlara da xatırladım ki, kimsə məşhur aktyorun xanımının adından saxta hesab açaraq, onun adından milli qəhrəmanımız Mübariz İbrahimovun şəxsiyyətini çox nalayiq ifadələrlə təhqir etdi.
Xalqın sevgiylə xatırladığı şəhid və onun müqəddəs saydığı dəyərlərə toxunulması böyük narazılıq yaratdı. İşin içini bilməyənlər Azər Axşamı və ailəsini təhqir etdiər.
Azər Axşamla söhbətim zamanı o mənə dedi ki, bu başına gələn ilk iş deyil, 83 yaşlı anasının adından saxta profil açaraq aktyorları təhqir ediblər.Və o DİN-ə müraciət etsə də, problemi yaradanları tapa bilməyib.
Elə amma da budur. Polis mayorunu təhqir edən şəxsin kimliyi müəyyən edildi, Mübariz İbrahimovun ruhunu təhqir edən şəxs isə yox.
Əldə etdiyimiz məlumata görə bu gün saxta feyk hesablarından edilən hücumların səbəbkarlarını tapmaq mümkün deyil. “Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz Bizimyol.info-ya verdiyi açıqlamada bildirib ki, hazırda Daxili İşlər Nazirliyi bu kimi hücumların arxasında gozlənən adamları tapmaqda çətinlik çəkir. “Məsələnin kriminal çalarları varsa bunun hansısa texniki həll yolları ola bilər”.
Bəli mayorun ölümlə təhdid edilməsi kriminal idi, amma elə kiminsə ailəsinin təhqir olunması da kriminladır, xalqın qəhrəman oğlunun adının çox nalayiq şəkildə işlədilməsi isə daha böyük kriminal hadisə idi. Cinayətkar isə tapılmadı. Axtarıldımı?