Mehriban Əliyeva “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” Sami Yusufa təqdim etdi

930
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva oktyabrın 1-də Azərbaycan əsilli dünyaca məşhur müğənni və bəstəkar Sami Yusufla görüşüb.
AzərTAc xəbər verir ki, Birinci vitse-prezident Sami Yusufun II Nəsimi – şeir, incəsənət və mənəviyyat Festivalındakı iştirakını yüksək dəyərləndirib. Mehriban Əliyeva müğənninin bu ilin iyununda Bakıda UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası çərçivəsində keçirilən konsertdəki çıxışını da xatırlayıb, bu konsertin ən yüksək səviyyədə təşkil edildiyini və Azərbaycan ilə UNESKO arasındakı əlaqələrə töhfə olduğunu vurğulayıb.
Birinci vitse-prezident bildirib ki, Azərbaycan Prezidentinin sərəncamına əsasən UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının Bakıda təşkili və keçirilməsində fəal iştirak etmiş şəxslər “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif ediliblər. Bu şəxslərin sırasında Sami Yusuf da var.
Birinci vitse-prezident fəxri diplomu müğənniyə təqdim edib.
Görüşdə Mehriban Əliyeva Sami Yusufa gələcək yaradıcılığında uğurlar arzulayıb.
Müğənni və bəstəkar Sami Yusuf yüksək mükafata görə minnətdarlığını bildirib.