“Sürprizlərə hazır olmalıyıq” – Qurban Qurbanov

1019

BİA.az “Bizi çətin oyun gözləyir. Ötən il də Albaniyada oynamışıq, bilirik ki, azarkeşləri sona qədər komandalarını dəstəkləyir və futbolçuları çox xarakterlidir. Onu da bilirik ki, rəqibə yeni baş məşqçi gəlib, yeni sistem var, bizə məlum olmayan sürprizlər gözləyirik və buna hazır olmalıyıq”.

Bu fikirləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Albaniyada “Partizani” ilə keçirəcəkləri Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk oyunundan əvvəl mətbuat konfransında deyib.

47 yaşlı mütəxəssis bildirib ki, bu mərhələdə uduzmağı komandası üçün faciə saymaq düzgün deyil: “Dünya futbolunda hər şey ola bilər. Önəmlisi səhvlərdən nəticə çıxarmağı bacarmaqdır. Biz burada qələbə istəyirik, amma hər zaman sərfəli nəticə qazanmaq daha vacibdir. Bəzən qol buraxmamağı da uğurlu nəticə saymaq olar”.

Oyun günü gözlənilən isti hava şəraitini düşünmədiklərini vurğulayan baş məşqçi hər cür hava şəraitinə hazır olmalarının vacibliyini dilə gətirib. Onun sözlərinə görə, əsas iş tam konsantrasiya olmaq və oyun intizamını saxlamaqdır.

Baş məşqçi “Qarabağ”dan ayrılan Ansi Aqollinin təkcə komandadan yox, ailədən getdiyini də vurğulayıb: “Bir baş məşqçi kimi arzulamışam ki, komandamda Aqolli kimi yaxşı insan və futbolçular çox olsun”.

Qeyd edək ki, iyulun 10-da Tiranada keçiriləcək matç Bakı vaxtı ilə saat 19:30-da başlanacaq.