Növbəti səyyar qəbul-görüşü İrəvanlı kəndində oldu

956

Növbəti səyyar qəbul-görüşü İrəvanlı kəndində oldu

Tərtər Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar qəbul-görüşü İrəvanlı kəndində oldu. Qəbulda rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət və digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri, kənd sakinləri iştirak etdilər.

Əvvəlcə İrəvanlı kənd İƏD üzrə nümayəndə Bəxtiyar Cəfərov kəndin sosial-iqtisadi inkişafı, əhalisi, onların məşğuliyyəti, görülən işlər barədə məlumat verib, kənddə mövcud olan sosial obyektlərin vəziyyətindən danışdı. Bildirildi ki, İrəvanlı kəndinin 290 təsərrufatı, 1035 nəfər əhalisi var. Kənd sakinlərinin əsas məşğuliyyəti maldarlıq və əkinçilikdir. Ötən il onlar hər hektardan 33 sentner arpa, 37 sentner buğda, 33,5 sentner pambıq, 400 sentner çuğundur təhvil veriblər. Kümçülər isə 240 kq barama istehsal ediblər.

Bu il isə 51 hektarda pambıq, 35 hektarda taxıl, 38 hektarda arpa,  12 hektarda günəbaxan,174 hektarda yonca əkiblər.

İrəvanlılar bu il hər hektardan 40 sentner taxıl, 32 sentner arpa təhvil veriblər. Kümçüləri barama istehsalını 1,5 dəfə artıraraq 650 kq-a çatdırıblar.

Kənd ağsaqqalı Yuğbal Həsənov kənd sakinlərinə Respublika Prezidenti tərəfindən göstərilən diqət və qayğıdan, onların sosial problemlərinin həllindən, hazırda kəndlərinin  abad bir kəndə çevrildiyindən danışdı. Sakinlər adından ölkə rəhbərinə minnətdarlıq etdi. Kənddə rabitə xidmətinin yaxşılaşdırılması üçün telefon dirəklərinin dəyişilməsinə ehtiyac olduğunu bildirdi. 1941-45-ci illər Böyük Vətən Müharibəsində arxa cəbhədə çalışan əmək veteranı Nəsib Quliyev  Hacalı-Qapanlı yolunun təmirinə, Alışarlı kənd sakini Elyana İsayeva çuğundur sahəsinin suvarılmasında çətinliyin olması ilə bağlı müraciət etdilər.

Edilən müraciətlərlə bağlı əlaqədar təşkilatlara müvafiq tapşırıqlar verildi.

Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov  əhalinin sosial müdafiəsi və sosial rifahının yüksəldilməsi istiqamətində görülən işlərdən, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən danışdı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamları ilə şəhid ailələrinə birdəfəlik ödəmə verilməsinin, minimum əməkhaqqının 180 manatdan 250 manata çatdırılmasından, minimum pensiyanin, tələbələrin təqaüdlərinin əhəmiyyətli dərəcədə artırılması, qaçqınlar və məcburi köçkünlər də daxil olmaqla bütün növ müavinətlərin 100 faiz həcmində artırıldığını diqqətə çatdırdı.

Rayon rəhbəri bildirdi ki, İrəvanlı kəndi fasiləsiz qaz, elektrik enerjisi ilə təmin olunur. Kəndin əsas yoluna asfalt salınıb, 1,5 km kəndarası yola çınqıl döşənib, yol kənarlarına müxtəlif növ ağac əkilib, 1400 m su arxları lildən təmizlənib, ərazidə 1000 ədəd çəkil tingi əkilib.

Kənd sakinləri əhalinin məişət şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlərə, kənd yolunun asfaltlanmasına, sosial problemlərinin həllinə görə ölkə rəhbərinə minnətdarlıqlarnı bildirdilər.

 

Baş direktor: Həsənov Ruslan Şamməd oğlu

Tel.: 070-200-33-85; 050-244-48-19