BİA.az İran ABŞ-ın “iqtisadi terroizm”inə qarşı ölkənin maraqlarını qorumaq üçün qanuni yollardan istifadəyə davam edəcək.
Bunu İranın Xarici işlər naziri Məhəmməd Cavad Zərif deyib.
Nazir tvitter hesabından Avropa ölkələrinin nüvə sazişi çərçivəsində öhdəliklərini yerinə yetirməməsi səbəbilə öhdəliklərin bəzilərinə riayət etməməyi ehtiva edən və 60 gün davam edən “1-ci addım” planının başa çatması, “2-ci addım” planının işə düşməsi ilə bağlı paylaşım edib.
“İran bu gün nüvə razılaşmasının 36-cı maddəsinə istinad edərək sazişin yaxşılaşdırılması addımlarının ikincisinə keçir. ABŞ-ın iqtisadi terrorizmi qarşısında maraqlarımızı qorumaq üçün sahib olduğumuz qanuni yollardan istifadəyə davam edəcəyik. Bu addım İngiltərə, Almaniya və Fransanın razılaşmaya sadiq qalması təqdirində ləğv oluna bilər. Bu ölkələr, ən azından, İranı siyasi olaraq Beynəlxalq Atom Enerjisi Qurumunda dəstəkləməlidir”, – Zərif qeyd edib.
Qeyd edək ki, 2016-cı il yanvar ayında İranın nüvə proqramı ilə əlaqədar İran və 5+1 qrupu (ABŞ, Rusiya, Çin, Britaniya, Fransa və Almaniya) arasında Hərtərəfli Birgə Fəaliyyət Planı icra olunub. 2018-ci ilin may ayında ABŞ bu plandan çıxdığını bəyan edib. Və həmin ilin noyabr ayında İrana qarşı sanksiyalar tətbiq edib. Bu planın avropalı üzvləri sazişi qorumaq istiqamətində 2019-cu ilin yanvar ayında İranla ticarəti davam etdirmək üçün İNSTEX maliyyə mexanizminin yaradıldığını bəyan ediblər. İran saziş tərəflərinin öz öhdəliklərini yerinə yetirmədiklərini əsas götürərək 8 mayda sazişdə nəzərdə tutulan 300 kiloqramdan artıq uranın satışı ilə bağlı öhdəlikləri dayandırdığını bəyan edib.