Bakıda arvadını döyən kikboksçuya məhkəmə “yox dedi”

813

BİA.az Bakı Apellyasiya Məhkəməsində kikboks millisinin sabiq baş məşqçisi Anar Süleymanovun keçmiş həyat yoldaşı Ş.Məmmədovanın barəsində xüsusi ittiham qaydasında verdiyi apellyasiya şikayətinə baxılıb.

Hakim İlqar Murquzovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, A.Süleymanovun apellyasiya şikayəti təmin edilməyib.
Qeyd edək ki, kikboks üzrə dördqat dünya çempionu, Azərbaycan Kikboks Federasiyasının qızlardan ibarət sabiq milli komandanın baş məşqçisi Anar Süleymanov bu il fevral ayında həbs olunub. O, arvadı Ş.Bayramovanı döyməkdə ittiham olunub.
İttihama görə, idmançı 2018-ci il noyabrın 5-də Nərimanov rayonunda yaşadığı evdə arvadını döyüb. Əvvəllər tələbəsi olmuş həyat yoldaşı da kikboks üzrə dünya çempionudur.
Zərərçəkmiş Ş.Bayramova 17-ci Polis Bölməsinə şikayət edib və A.Süleymanov barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci (döymə) maddəsi ilə protokol tərtib olunub. Nərimanov rayon Məhkəməsinin hakimi Vüsal Qurbanov protokol üzrə qərarını elan edib və A.Süleymanov fevralın 13-dən etibarən 20 gün müddətinə inzibati qaydada həbs olunub. O, daha sonra azadlığa buraxılıb.
Daha sonra A.Süleymanovun şikayəti əsasında onun keçmiş həyat yoldaşı Ş.Bayramova barəsində Cinayət Məcəlləsinin 147-ci (böhtan) maddəsi ilə cinayət işi açılıb.
Nərimanov Rayon Məhkəməsinin hökmü ilə xüsusi ittiham qaydasında şikayət icraata qəbul edilməyib. Qərardan narazı qalan xüsusi ittihamçı A.Süleymanov apellyasiya şikayəti verib.

Orxan Həsənli